''Siti''nin birinci olması ''Real''a qarşı hörmətsizlikdi''

18.10.2022 18:32 346
Dünya futbolu
Bilindiyi kimi dünən ''Frans Futbol'' nəşrinin keçirdiyi qala gecədə ilin laureatları bəlli oldu.

''Qızıl top''u gözlənildiyi kimi ''Real'' və Fransa yığmasının forvardı Kərim Benzema qazandı. Robert Levandovski ən yaxşı hücumçuya verilən ''Herd Müller'' mükafatını qazandısa, Tibo Kurtua ən yaxşı qapıçı, Qavi ən yaxşı gənc oyunçu seçildi. Gecənin ən müəmmalı qərarı isə ''Mançester Siti''nin ilin komandası seçilməsi oldu. ''Liverpul'' 2-ci pilləni tutdu. ''Frans Futbol'' nədənsə, ''Real''ı 3-cü pilləyə qoydu. Halbuki ''Kral klubu'' ötən mövsüm bütün önəmli titulları qazanmış və ən əsası ÇL-ə aparan yolda yarımfinalda məhz elə ''Siti''ni, finalda isə ''Liverpul''u yenmişdi. Bu qərar futbol dünyasında birmənalı qarşılanmadı.

''As'' nəşrinin baş redaktoru Tomas Ronsero bu olayı belə şərh edib:
''Bu, Avropanın və dünyanın ən güclü klubuna qarşı hörmətsizlikdi. Bu eyni zamanda Superliqa ideyasının yaradıcısı olan Florentino Peresə qarşı da bir kampaniyadı. Onlar mükafatları məğlublara verirlər. Əsil qaliblər isə titulları ''Santyaqo Bernabeu''ya gətirir''.


Bu arada ''Real''ın yarımmüdafiəçisi Toni Kroos da ilin ən yaxşı 3-cü klubu seçilmələrinə özünəməxsus ironiya ilə reaksiya verib. Kroos ''instaqram''da bunları yazıb:
''Dünyanın ən yaxşı oyunçusu və qapıçısı ilə birlikdə oynamaq heç də pis deyil. Benzema və Kurtuanı təbrik edirəm. Onlar buna layiq idi. Eyni zamanda 2021/22-nin ən yaxşı 3-cü komandası seçilməsi münasibəti ilə də ''Real''ı təbrik edirəm''.