''Slaviya''nın lideri ''qızardı'', məşqçi əsəbləşdi - ''Bizimlə İstanbula uçmayacaq''

19.10.2026 10:00 27
Dünya futbolu
Çexiya çempionu ''Slaviya'' Çempionlar Liqasında təmsilçisimiz ''Sabah''a məğlub olduqdan sonra daxili çempionatda da qələbə qazana bilməyib.

Praqa təmsilçisi 11-ci turda öz meydanında ''Hradets Kralove'' ilə qolsuz bərabərə qalıb. Düzdü, xal itkisinə baxmayaraq komanda çempionatda inamla liderliyini davam etdirir. Bu görüşün 55-ci dəqiqədə əsas qol silahı Tomaş Xorının idmançıya yaraşmayan hərəkətinə görə qırmızı vərəqə almasının ardından ''Slaviya'' ikinci hissədə uzun müddət azlıqda oynamaq məcburiyyətində qaldı. 199 sm boya malik olan 31 yaşlı forvardın məsuliyyətsizliyi baş məşqçisi Yendrjix Trpişovskini yaman qəzəbləndirib. Hətta o dərəcədə qəzəbləndirib ki, məşqçi bu futbolçunu İstanbula aparmayacağını bildirib!

''Slaviya'' növbəti oyununu Çempionlar Liqasında oktyabrın 20-də səfərdə ''Fənərbaxça''ya qarşı keçirəcək. Trpişovski ''Hradets Kralove'' ilə oyundan sonra bunları deyib:

''Bu sadəcə axmaqlıqdı! Onun hərəkətinə heç bir izah tapa bilmirəm. Bununla da bütün çərçivələri aşdı. Artıq onu ağır şəkildə cəzalandırmağın vaxtıdı. Burda sizin qarşınızda açıq şəkildə söyləyirəm ki, bizimlə birlikdə İstanbula uçmayacaq. Ümumiyyətlə, onun indi bizimlə birlikdə olmasını təsəvvür edə bilmirəm''.