Donmuş vəziyyətə olan bir meydanda keçirilən matçın artıq 3-cü dəqiqəsində Oskarsson rəqib müdafiəsində böyük boşluq yaxalayaraq İslandiyanı hesabda önə keçirdi. Qonaqlar üçün ilk yarıda yeganə sevindirici məqam yalnız 1 top buraxmaq oldu. Çünki islandiyalılar 2-ci qolu vurmaq üçün bir neçə gözəl fürsət yaxaladılar. Fasilədən sonra vəziyyət dəyişdi. Meydana və rəqibin oyununa uyğunlaşan Türkiyə irəlidə xeyli fəallaşdı. 54-cü dəqiqədə Hakan Çalhanoğlu əllə oyuna görə təyin olunan penaltini dəqiq yerinə yetirsə də, zərbə zamanı ayağı sürüşdüyündən topa iki dəfə toxundu. Bu üzdən qol qeydə alınmadı. Buna baxmayaraq, həvəsdən düşməyən “ay-ulduzlular” son yarım saatda rəqibi top atəşinə tutdular. İrfan Canın mükəmməl bərabərlik qolundan bir neçə dəqiqə sonra yenə əllə oyuna görə Türkiyə penalti qazandı. Hakan yenə topun başına keçdi və bu dəfə qolu qaydalar çərçivəsində vurdu. 83-cü dəqiqədə Qudyonsen müdafiəçilərlə qapıçının anlaşmazlığından istifadə edərək baş zərbəsi ilə hesabı 2:2 etdi.
Amma son sözü yenə də türklər söylədi. Oyunun son anlarına Kərəm Aktürkoğlu damğa vurdu. Əvvəlcə onun pressinqindən sonra Arda Gülər topu boş qapıya göndərdi. Son saniyələrdə isə Kərəm möhtəşəm aşırma zərbə ilə yekun nəticəni müəyyənləşdirdi. Bu futbolçu bu komandaların ilk oyununda da het-trik etmişdi. İslandiyaya qarşı səfər lənətinə son qoyan qardaş ölkənin komandası bu parlaq qələbə sayəsində ən azı pley-offda oynamağı təmin etdi. Amma Uels də bu turu qələbə ilə başa vurduğundan hələ ki Türkiyə qrup liderliyini rəsmiləşdirə bilmədi. Bütün suallara gələn ay bu komandaların öz aralarındakı oyununda aydınlıq gələcək.
B liqası, 4-cü qrup
İslandiya - Türkiyə 2:4 (1:0)
İslandiya: Valdimarsson, Fridriksson, İnqason, Qretarsson, Tomasson, Qudmundsson, Traustason, Ellertsson (Villumsson, 78), Anderson (Yohannesson, 68), Oskarsson, Qudyonsen.
Türkiyə: Uğurcan Çakır, Zəki Çəlik, Merih Dəmiral, Ədülkərim Bardakcı, Fərdi Kadıoğlu (Ərən Elmalı, 77), Hakan Çalhanoğlu, Orkun Kökçü (Okay Yokuşlu, 89), İrfan Can Kahveci (Yunus Akgün, 78), Arda Gülər (Samet Akaydın, 89), Kənan Yıldız (Bertuğ Yıldırım, 90+3), Kərəm Aktürkoğlu.
Qollar: Oskarsson, 3 (1:0). İrfan Can Kahveci, 62 (1:1). Hakan Çalhanoğlu, 67-p. (1:2). Qudyonsen, 83 (2:2). Arda Gülər, 88 (2:3). Kərəm Aktürkoğlu, 90+5 (2:4).
Çalhanoğlu 54-cü dəqiqədə penaltidən yararlana bilməyib (topa iki toxunuş).
Vərəqələr: Ellertsson, 32. Merih Dəmiral, 35. Valdimarsson, 54. Kənan Yıldız, 57. Əbdülkərim Bardakcı, 71. Tomasson, 81 – sarı.
Hakim: Damian Silvestrjak (Polşa).
14 oktyabr. Reykyavik. 5260 tamaşaçı.
Uels – Monteneqro 1:0 (1:0)
Uels: Darlou, Uillyams, Rodon, Kabanqo, Devis, Şihan, Uilson (Broadhed, 69), Bruks (Allen, 59), Kallen (Kuper, 89), Berns (Tomas, 69), Harris (Mur, 89).
Monteneqro: Nikiç, Maruşiç (M.Vukçeviç, 46), Vuyaçiç, Şipçiç, A.Vukçeviç (Radunoviç, 46), Bakiç, Yankoviç (Kuç, 82), Çamay (Raduloviç, 46), Yovoviç, Krstoviç, Muqoşa (Yovetiç, 46).
Qol: Uilson, 36-p.
Vərəqələr: Yovetiç, 49. M.Vukçeviç, 52. Bakiç, 58. Şipçiç, 90+1 – sarı.
Hakim: Filip Qlova (Slovakiya).
14 oktyabr. Kardiff. 27326 tamaşaçı.
1. Türkiyə 4 3 1 0 8-3 10
2. Uels 4 2 2 0 5-3 8
3. İslandiya 4 1 1 2 7-9 4
4. Monteneqro 4 0 0 4 1-6 0
16 noyabr: Türkiyə - Uels, Monteneqro – İslandiya.
Faktlar
* Türkiyə 635-ci oyunda 248-ci qələbəsini qazandı (149 bərabərlik, 238 məğlubiyyət, top fərqi – 869:908).
* Türkiyə Montellanın başçılığı altında ikinci dəfə üç oyunluq qələbə seriyası yaxaladı və 17-ci oyunda 9-cu dəfə qalib gəldi (3 heç-heçə, 5 məğlubiyyət).
* Montella Türkiyə yığmasının başında ən azı 5 rəsmi oyuna çıxan məşqçilər arasında ən yüksək (67) qələbə faizinə malik olan mütəxəssisdi (12 rəsmi oyun, 8 qələbə).
* Türkiyə İslandiyaya qarşı 8-ci səfər oyununda ilk qələbəsini qazandı (1 heç-heçə, 6 məğlubiyyət).
* Türkiyə buna qədər İslandiyaya qarşı səfərdə keçirdiyi 7 oyunda 3 qol vurmuşdusa, bu dəfə 4 dəfə fərqləndi!
* 20-ci qolunu vuran Hakan Çalhanoğlu Mətin Oktayı (19) geridə qoydu və Türkiyə yığması tarixinin ən məhsuldar oyunçuları siyahısında 6-cı pilləyə yüksəldi. Siyahıya 51 qolla Hakan Şükür başçılıq edir.
Oyundan sonra
Aqe Hareyde, İslandiya yığmasının baş məşqçisi:
“İlk yarıdakı inamlı oyunumuzu fasilədən sonra davam etdirə bilmədik. Çoxlu fərdi səhvə yol verməyə başladıq. Belə oynadıqda qalib gəlmək mümkün olmur. Çox üzgünəm. Çünki ardıcıl 2-ci ev oyununda 2 qol vurmağımıza rəğmən, yenə qələbəyə həsrət qaldıq. Hakbuki futbolda, adətən, 2 qol qələbə üçün yetərli olur. Fərdi səhvləri azaltmalıyıq. Bəlkə də mən də heyət seçimində yanlışlığa yol verdim. Çünki klubunda az oynayan bəzi futbolçulara güvəndim. Qapımıza çox bəsit penaltilər təyin olundu. Düzdü, əl açıq vəziyyətdə idi. Amma şimal ölkələrində belə penaltilərin verilməməsi yönündə çalışmalar var”.
Vinçentso Montella, Türkiyə yığmasının baş məşqçisi:
“Bu vəzifədə qazandığım ən gözəl qələbələrdən biridi. Oyundan öncə şərtlər bizim xeyrimizə deyildi. Ot örtüyü çox bərk idi. Amma əla təsir bağışladıq. Hər bir futbolçu meydanda ürəyini qoydu ki, bu da qürurverici məqamdı. Qapıya 24 zərbə vurduq və bunun 4-ü qolla nəticələndi. Özü də qolların hamısını fərqli oyunçular vurdu. İslandiya kimi rəqibə iki oyuna 7 top vurduq. Pley-offu təmin etdik. Amma hədəfimiz qrupu zirvədə tamamlamaqdı. Uelsə qarşı ev oyunumuz böyük əhəmiyyət daşıyacaq. Həmin matça da ən yaxşı şəkildə hazırlaşacağıq. İkinci hissədə varlığımızı rəqibə hiss etdirdik. Onların əks-hücumlarında artıq daha diqqətli oynamağa başladıq”.






