İzmirdə keçirilən qarşılaşmada qardaş ölkənin yığması fanatlarını sevindirməyi bacardı. Kərəm Aktürkoğlu artıq 78-ci saniyədə fərqlənməklə Türkiyənin ML-də vurduğu ən erkən qolun müəllifi oldu. Düzdü, İslandiya fasiləyə qədər bərabərliyi təmin etdi. Amma 2-ci hissədə Montellanın komandası rəqibin müqavimətini qırmağı bacardı. Buna qədər yığmanın heyətində keçirdiyi 35 qarşılaşmada heç vaxt birdən artıq qol vurmayan Kərəm fasilədən sonra daha iki dəfə fərqlənərək het-trik etdi! “Qalatasaray”dan ayrılaraq “Benfika”ya transfer olunan 25 yaşlı vinger mükəmməl performansla matça damğa vurdu. Onun daha bir qolu ofsayd üzündən qeydə alınmadı.
Qrupun Podqoritsada keçirilən digər oyununda Uels erkən qollarla istəyinə çatdı. Qonaqlar ilk 3 dəqiqədə iki dəfə fərqlənməklə yerli fanatları şoka saldı. Oyunun qalan hissəsi Monteneqronun üstünlüyü şəraitində keçsə də, meydan sahiblərinin yalnız bir qol vurmağa gücü çatdı. Uels Bellaminin başçılığı altında ilk qələbəsini qazandı. Beləliklə, iki turdan sonra Türkiyə ilə Uels qrupda ilk iki pilləni bölüşür.
B liqası, 4-cü qrup
Türkiyə - İslandiya 3:1 (1:1)
Türkiyə: Mərt Günok, Mərt Müldür (Zəki Çəlik, 73), Merih Dəmiral, Ədülkərim Bardakcı, Ərən Elmalı, İsmayıl Yüksək (Kaan Ayhan, 87), Hakan Çalhanoğlu (Orkun Kökçü, 46), İrfan Can Kahveci (Kənan Yıldız, 73), Arda Gülər, Kərəm Aktürkoğlu, Umut Nayır (Okay Yokuşlu, 81).
İslandiya: Valdimarsson, Palsson (Fridriksson, 59), Qretarsson, Hermannsson, Finnsson, Tordarson, Anderson (Villumsson, 46), Qudmundsson, Torsteynsson (Traustason, 59), Siqurdsson (Oskarsson, 59), Qudyonsen.
Qollar: K.Aktürkoğlu, 2 (1:0). Palsson, 37 (1:1). K.Aktürkoğlu, 52 (2:1). K.Aktürkoğlu, 88 (3:1).
Vərəqələr: Qretarsson, 44. Tordarson, 74. İ.C.Kahveci, 86 – sarı.
Hakim: Enea Yorqi (Albaniya).
9 sentyabr. İzmir. 16167 tamaşaçı.
Monteneqro – Uels 1:2 (0:2)
Monteneqro: Miyatoviç, Maruşiç (Vukçeviç, 74), Rubejiç, Şipçiç, A.Vukçeviç (Radunoviç, 77), Yovoviç, Brnoviç (Osmayiç, 69), Çamay, Yovetiç (Yerakoviç, 77), Krstoviç, Muqoşa (Bakiç, 69).
Uels: Uord, Roberts (Conson, 43), Mefam, Rodon, Devis, Uillyams, Ampadu, Kuper (Ceyms, 61), Kumas (Tomas, 46), Uilson (Remsi, 80), Mur (Harris, 80).
Qollar: Mur, 1 (0:1). Uilson, 3 (0:2). Çamay, 73 (1:2).
Vərəqələr: Ampadu, 2. Brnoviç, 49. Uillyams, 49. Mefam, 54. Maruşiç, 57. Ceyms, 90+4 – sarı.
Hakim: Georgi Kabakov (Bolqarıstan).
9 sentyabr. Podqoritsa. 3569 tamaşaçı.
1. Türkiyə 2 1 1 0 3-1 4
2. Uels 2 1 1 0 2-1 4
3. İslandiya 2 1 0 1 3-3 3
4. Monteneqro 2 0 0 2 1-4 0
11 oktyabr: Türkiyə - Monteneqro, İslandiya – Uels.
Faktlar
* Türkiyə 633-cü oyununda 246-cı qələbəsini qazandı (149 bərabərlik, 238 məğlubiyyət, top fərqi – 864:906).
* Kərəm Aktürkoğlu yığma tarixinə bir oyunda ən azı 3 qol vuran 19-cu futbolçu kimi düşdü. “Ay-ulduzlular”ın heyətində sonuncu het-trikin müəllifi 2021-in martında Niderlandla oyunda Burak Yılmaz olmuşdu.
Oyundan sonra
Vinçentso Montella, Türkiyə yığmasının baş məşqçisi:
“İrəlidə yaxşı təsir bağışladıq, yaradıcı oyun sərgilədik. Bu da potensialımızdan xəbər verir. Kərəm başda olmaqla hər kəs əla oynadı. Mənim dönəmimdə ilk dəfə şans qazanan Ərən Elmalı da daxil olmaqla cinah futbolçuları ümidlərimi doğrultdu. Oyuna yaxşı hazırlaşmışdıq. Türkiyə üçün özəl gündə hər kəsi sevindirdiyimizə görə xoşbəxtik. Fanatlarımız bizə inanılmaz dəstək verdi. Bu qələbədə onların da payı böyükdü. Kərəmlə oyundan öncə söhbət edərkən ondan çox şey gözlədiyimi demişdim. Het-trik edəcəyini gözləmirdim. Buna layiq idi”.
Aqe Hareyde, İslandiya yığmasının baş məşqçisi:
“Stadionda möhtəşəm atmosfer var idi. Yerli fanatlar öz komandalarına çox gözəl dəstək verdilər. Çoxlu fərdi səhvə yol verdik. Ona görə də oyunu lehimizə çevirə bilmədik. Hesab 1:1 olandan sonra əlimizdən gələni etsək də, alınmadı. Türkiyə tam layiqli qələbə qazandı. Kərəmin cəld oyunçu olduğunu və bitiriciliyinin yüksək olduğunu bilirdik. Müdafiəçilərə bununla bağlı xəbərdarlıq etmişdim. Evdə daha yaxşı oynayan komandayıq. Liderlərlə aramızda yalnız 1 xallıq fərq var. Qrupda sonrakı oyunlarda sərgiləyəcəyimiz performansdan çox şey asılı olacaq”.





