“Mançester Siti” cari mövsümdə ilk dəfə uduzdu. Belədə “Everton”un qapısından iki cavabsız top keçirən “Arsenal” zirvəyə şərik oldu. “Enfild”də inadkar “Brayton”u məğlub edən “Liverpul” da azarkeşlərini sevindirdi. London derbisi ərəfəsində favorit sayılan “Çelsi” “Tottenhem”ə uduzdu. “Mançester Yunayted” isə azarkeşlərinin gözü önündə darmadağın oldu.
MS-nin məğlubiyyətsiz oyunlar seriyasına Birmingemdə son qoyuldu. “Aston Villa”, daha dəqiqi, Cekson artıq 6-cı dəqiqədə hesabı açdı. “Şəhərlilər” fasiləyə qədər bərabərlik imkanlarını boşa verdi. Şerkinin zərbəsini qapıçı qaytardısa, Ndiayın zərbəsi dirəkdən döndü. 2-ci hissənin əvvəlində “status-kvo” bərpa olundu – Holann fərqləndi. Bir neçə dəqiqə sonra qonaqlar irəli çıxa bilərdi, ancaq Qvardiolanın zərbəsini qapıçı tirin də yardımı ilə dəf etdi. 60-cı dəqiqədə Cekson növbəti dəfə “Siti”nin qapısına yol tapdı. Mareskanın yetirmələrinin məğlubiyyətdən qaçmaq üçün imkanları olsa da, “Aston Villa” dözdü və sürpriz qələbə qazandı.
Mançesterin digər təmsilçisinin halına acımamaq olmur. “Yunayted” hesabat turunda “Bornmut”u qəbul etdi. İlk qol 38-ci dəqiqədə vuruldu.
“Albalılar”ın braziliyalı forvardı Rayan hesabı açdı. Bir neçə dəqiqə sonra “Bornmut”un qapıçısı Petroviç Mbemonun zərbəsinin öhdəsindən gəldi. Qonaqlar hissənin sonuna qədər daha bir qol vurdu. Bu qolu Tavernye hesabına yazdı. 2-ci hissədə təşəbbüsü əldən verməyən qonaqlar hesab arasındakı fərqi darmadağın həddinə çatdırdı. Bu qolu Evanilson təşkil etdi. “Yunayted” ardıcıl 6-cı oyunda qələbəyə həsrət qaldı.
MS-nin xal itkisindən “Arsenal” məmnunluqla yararlandı. “Everton”u qəbul edən “topçular” artıq 7-ci dəqiqədə Pikfordu məyus etdi. Künc zərbəsinin ardından Konsa fərqləndi. Fasiləyə qədər həm “Arsenal”ın, həm də “Everton”un qol imkanları olsa da, meydan sahibləri daha inamlı görünürdü. Liverpul təmsilçisi 2-ci hissədə hücumda nəsə etməyə çalışsa da, 68-ci dəqiqədə Qabrielin vurduğu qol oyunun taleyinə aydınlıq gətirdi. “Arsenal” bu qələbə sayəsində MS-yə çatdı.
Mövsümün kəşflərindən “Brayton”u qəbul edən “Liverpul” azarkeşlərini sevindirdi. İlk qol vəziyyətini qonaqlar yaratsa da, əlverişli mövqedə olan Qomes topu qapının üstündən vurdu. “Liverpul” tezliklə qol vəziyyətindən yararlanmağın qaydasını göstərdi. Virtsin zərbəsindən sonra Qrossdan səkən top tora daxil oldu. 4 dəqiqə sonra “Liverpul” ikinci qolu da vurdu. Barkolyanın sağ cinahdan asmasına İsak ayaq qoydu. 37-ci dəqiqədə “qağayılar”ın intriqanı bərpa etmək şansı olsa da, Ayyarinin zərbəsi dirəkdən döndü. Qonaqlar 2-ci hissədə ən azı təsəlli qolunu vurmaq üçün çox çalışdı. Sadəcə, müdafiəni yarmaq mümkün olmadı. “Liverpul” bu qələbə sayəsində, demək olar ki, “Brayton”a çatdı.
“Stemford Bric”də keçirilən London derbisində “Çelsi” ilə “Tottenhem” üz-üzə gəldi. Komandalar ilk dəqiqələrdən intensiv oynasalar da, təhlüləli vəziyyətlərin sayı az idi. “Mahmızlar”dan Marmuş fərqlənə bilərdi ki, zədəli Martinesin yoxluğunda qapıda dayanan Penders misirlinin zərbəsini çətinliklə qaytardı. “Zadəganlar”dan isə Henderson fərqlənməyə yaxın oldu. Ancaq qapıçı Kinski etibarlı oynadı. 2-ci hissənin əvvəlində “Tottenhem”dən Meddison zədələndi. “Çelsi” hücumda daha maraqlı oyun göstərsə də, 77-ci dəqiqədə “mahmızlar” hesabı açdı. Künc zərbəsi zamanı çıxışda səhvə yol verən Penders yumruqları ilə topu öz qapısına saldı. 3 dəqiqə sonra 2-ci sarı vərəqə üzündən meydandan qovulan Palmer “zadəganlar”ı azlıqda qoydu. 87-ci dəqiqədə fərqi reydini effektli qolla tamamlayan Tel “Çelsi”nin xal ümidini “dəfn etdi”. “Tottenhem” ardıcıl 2-ci oyunda qələbə qazandı.
Turun qalan oyunlarına gəlincə, “Nyukasl” səfərdə “Kristal Pelas”dan üstün oldu. “Fulhem” ardıcıl 2-ci qələbəsini qazandı. Arbeloanın rəhbərlik etdiyi “bağbanlar” “Koventri”ni minimal hesabla məğlub etdi. “İpsviç” – “Nottingem Forest” oyununda qalib müəyyənləşmədi. Elə “Hall Siti” – “Brentford” oyununda da tərəflər hərəyə bir qol vurdu. “Sanderlend”lə “Lids” isə qolsuz heç-heçəyə razılaşdı.
8-ci tur
Aston Villa – Mançester Siti 2:1
Cekson, 6; 60 – Holann, 52. (36743)
MS: Donnarumma, Xusanov, Diaş, Qehi (Lüis, 46), Qvardiol, Anderson, Fernandes, Ndiay (Makaydu, 69), Şerki (Foden, 46), Dokyu, Holann.
Arsenal – Everton 2:0
Konsa, 7. Qabriel, 68. (60207)
Arsenal: Rayya, Uayt, Konsa, Qabriel, Lüis-Skelli (Kalafyori, 68), Rays (Subimendi, 80), Merino (Gimarayns, 68), Madueke, Edeqor, Eze (Douman, 80), Dyökereş (Haverts, 68).
Çelsi – Tottenhem 0:2
Penders, 77-öz qapısına. Tel, 87. (39402)
Çelsi: Penders, Açimponq, Lakrua, Koluill, Neto (Uelbek, 88), Kaysedo, Henderson, Hato (Palestra, 65), Palmer, Kenda (Estevao, 72), Rocers.
Liverpul – Brayton 2:0
Qross, 17-öz qapısına. İsak, 21. (60404)
Liverpul: Alisson, Arauxo, Jake, Van Diyk, Kerkez (Simikas, 88), Qravenberx, Makallister, Qakpo, Virts (Nyoni, 65), Barkolya (Nqumoa, 77), İsak (Kumas, 77).
Mançester Yunayted – Bornmut 0:3
Rayan, 38. Tavernye, 43. Evanilson, 71. (73225)
MY: Lammens, Dalot, Yoro, Maquayr, Heven (Martines, 65), Santos, Baleba (Zirkzee, 72), Diallo (Leysi, 78), Tilemans (Kunya, 46), Maunt, Mbemo.
İpsviç – Nottingem Forest 1:1
Ensiso, 41 – Uilyams, 13. (29198)
Koventri – Fulhem 0:1
Bobb, 80. (31449)
Kristal Pelas – Nyukasl 0:2
Osula, 47. Barns, 58. (25018)
Hall Siti – Brentford 1:1
Makberni, 24-p. – Uattara, 63. (24259)
Sanderlend – Lids 0:0
(46182)
1. Mançester Siti 8 7 0 1 20-9 21
2. Arsenal 8 7 0 1 13-5 21
3. Brayton 8 5 1 2 23-7 16
4. Liverpul 8 4 3 1 11-8 15
5. Çelsi 8 4 1 3 17-15 13
6. Brentford 8 2 5 1 14-9 11
7. Lids 8 2 5 1 9-6 11
8. Nyukasl 8 3 2 3 12-14 11
9. Aston Villa 8 3 2 3 9-12 11
10. Hall Siti 8 2 4 2 9-8 10
11. Everton 8 2 4 2 8-9 10
12. İpsviç 8 3 1 4 12-16 10
13. Bornmut 8 2 3 3 12-13 9
14. Tottenhem 8 2 3 3 8-10 9
15. Fulhem 8 2 2 4 8-10 8
16. Mançester Yunayted 8 1 4 3 10-13 7
17. Kristal Pelas 8 2 1 5 9-19 7
18. Nottingem Forest 8 1 3 4 6-10 6
19. Koventri 8 2 0 6 6-15 6
20. Sanderlend 8 1 2 5 6-14 5
Bombardirlər: Holann (MS) – 9, İsak (Liverpul) – 6, Pedro (Çelsi), Tavernye (Bornmut) – 5.
Növbəti turun oyunları oktyabrın 31-i – noyabrın 2-si aralığında keçiriləcək: Çelsi – Mançester Yunayted, Bornmut – Lids, Brentford – Nottingem Forest, Koventri – Sanderlend, Mançester Siti – Brayton, Hall Siti – İpsviç, Tottenhem – Kristal Pelas, Aston Villa – Fulhem, Liverpul – Arsenal, Nyukasl – Everton.
Oyundan sonra
Entso Mareska, MS-nin baş məşqçisi:
“Məğlubiyyəti haqq etməsək də, uduzduq. Düşünürəm ki, yaxşı oynadıq. Özümüzün və rəqibin yaratdığı qol vəziyyətlərinin sayını nəzərə alsaq, bu gün daha yaxşı nəticəyə layiq idik”.
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Bir həftə ərzində üçüncü oyunumuzu keçirdik. Çətin olacağını bilirdik. Ancaq düşünürəm ki, komanda çox yaxşı oynadı. Lap əvvəldən fəal olduq, rəqibə güclü təzyiq göstərdik. Bitiriciliklə bağlı problem olsa da, ilk qol oyunumuza inam və soyuqqanlıq gətirdi, dominantlıq etməyə başladıq. Ancaq ikinci olu vurana qədər oyunun bitmədiyini bilirdik”.
Xabi Alonso, “Çelsi”nin baş məşqçisi:
“Hamımız nəticəyə görə məyusuq. Həm komanda, həm də fərdi planda heç də ən yaxşı oyunumuzu göstərmədik. Rəqibin ilk qolu həlledici oldu. Azlıqda oynamaq çətindi. Rəqibin də, bizim də qol imkanlarımız az idi. Fasilədə daha yetkin oynamağın zəruriliyi haqda danışsaq da, alınmadı. Bundan daha yaxşı oynaya bilərdik”.
Maykl Karrik, MY-nin baş məşqçisi:
“Qolların birində Yoro sürüşdü, Hevenin epizodunda isə şübhəli cərimə zərbəsi təyin olundu. Səhvlər qaçılmazdı. Üçüncü qol həlledici məqam idi. Azarkeşlər ikinci hissədə oyundan qopmayacağımızı düşünürdü. Heç olmasa, bir qol vura bilsəydik, oyunun axarı bizim xeyrimizə dəyişəcəkdi. Final fitindən sonra meydanı qəribə, qarışıq hisslərin təsiri altında tərk etdim”.
Andoni İraola, “Liverpul”un baş məşqçisi:
“Çox şadam. Həm bugünkü nəticəyə, həm də ardıcıl 4-cü qələbəyə görə. Bu gün çox güclü rəqibə qarşı oynadıq. “Brayton” yüksək texniki ustalığa malik olan komandadı. Bu komandaya qarşı müdafiə olunmaq çətindi. Düşünürəm ki, oyuna necə başlamağımız həlledici rol oynadı. Aqressiv oynadıq, topu ələ keçirdik, təkbətək mübarizələrdə qalib gəldik və sürətli hücumlarla təhlükəli vəziyyətlər yaratdıq. Bugünkü oyun əvvəlkilərdən fərqləndi. Həmin oyunlarda əvvəl qol buraxır, sonra bunun əvəzini çıxmalı olurduq”.
Faktlar
* “Tottenhem” ardıcıl 6 məğlubiyyətdən sonra “Çelsi”yə qalib gələ bildi. “Mahmızlar” buna qədər “zadəganlar”ı sonuncu dəfə 2023-cü ilin fevralında məğlub etmişdi (2:0).
* “Tottenhem” 1986-cı ilin dekabrından bəri ilk dəfə “Çelsi”ni “Stemford Bric”də bir top da buraxmadan məğlub edə bildi. Həmin vaxt Klayv Allenin dublu “mahmızlar”a 2:0 hesablı qələbə gətirmişdi.
* “Yunayted” “Bornmut”la oyunlarla bağlı uğursuz seriyanı davam etdirdi. “Qırmızı şeytanlar” son 7 oyunda bu komandaya qalib gələ bilməyib – 3 məğlubiyyət, 4 heç-heçə. Sonuncu qələbə 2023-ün mayında qeydə alınıb (1:0).
* “Yunayted” son 37 ildəki ən pis startını reallaşdırıb. Komanda ilk 8 turdan sonra 7 xal toplayıb ki, bu da 1989/90 mövsümündən bəri göstərilən turnir məsafəsi üçün ən pis nəticədi.
* MY son 4 mövsümdə “Old Trafford”da 7 dəfə darmadağın olub, yəni 2023/24 mövsümündən bəri bütün turnirlər çərçivəsində evdə 3 və ya daha çox top fərqli bu qədər məğlubiyyəti var. Premyer-liqada çıxış edən heç bir başqa komanda bu müddət ərzində belə uğursuzluğa düçar olmayıb.
Turun rəqəmi
200 – braziliyalı Qabriel Maqalyaes premyer-liqada oyun sayını bu həddə çatdırdı. “Everton”la oyunda Uaytın asmasını başla tamamlayan müdafiəçi “Arsenal”ın heyətində 21-ci qolunu vurdu. Bu, onun standart vəziyyətdən vurmadığı ilk qoldu.
Turun ulduzu
Nikolas Cekson (Aston Villa) – seneqallı hücumçu ideal formadadı. Məhz onun dublu “Siti” ilə oyundakı qələbəni təmin etdi. Belə davam edərsə, tezliklə top-klubların birinə keçmək imkanı qazanacaq.
Turun sitatı
Ceymi Karrager, “Liverpul”un sabiq müdafiəçisi:
“Dünyanın ən nəhəng klublarından biri hazırda premyer-liqada 16-cı pillədə qərarlaşıb. Daha belə davam edə bilməz. Maykl Karriki elə bu gün vəzifədən azad etmək lazımdı. Təkcə “Yunayted” naminə yox, həm də Karrik naminə. Onun oyundan sonra meydanı necə tərk etdiyini görmək ağır mənzərə idi. İndi başverənlər nə “Yunayted”in xeyrinədi, nə də Karrikin”.





