Türkiyə Kardiffi yenə fəth edə bilmədi - İCMAL

12.09.2024 13:09 140
Dünya futbolu
Son AÇ-də Avropanın ən güclü 8 komandasından biri statusunu qazanan Türkiyənin ML macərası Kardiffdə start götürdü.

Montella tam hazır olmayan kapitan Hakan Çalhanoğlunu ehtiyatda saxlamışdı. Uels isə Kreyq Bellaminin başçılığı altında ilk oyuna çıxmışdı. Oyun o qədər də maraqlı keçmədi və ümidləri doğrultmadı. Qardaş ölkə sanki meydana bərabərlik üçün çıxmışdı və istəyinə də çatdı. Türkiyə ML-də topa ən az sahib olduğu (33,2 faiz) və ən az dəqiq ötürmə verdiyi (233) oyununu keçirdi. Hərçənd “ay-ulduzlular”ın son yarım saatı azlıqda keçirdiyini nəzərə alsaq, bərabərliyi heç də pis nəticə saymaq olmaz.

İlk yarıda rəqibi itələdiyinə görə sarı vərəqə alan Barış Alpər 62-ci dəqiqədə ikinci sarı vərəqə ilə komandasını azlıqda qoydu. Maraqlıdı ki, Türkiyə Uelsə qarşı 5-ci səfər oyununda da qələbəyə həsrət qaldı (2 heç-heçə, 3 məğlubiyyət). Uels Türkiyənin tarixi ərzində səfərdə ən azı 5 dəfə qarşılaşıb məğlub edə bilmədiyi 6 komandadan biridi.

Qrupun digər oyununda isə sürpriz qeydə alınmadı. Adətən öz meydanında uğurlu nəticələr əldə edən İslandiya Monteneqronun qapısına hər hissə bir qol vuraraq inamlı qələbə qazandı. AÇ-dən öncə keçirdiyi yoldaşlıq oyunlarında Belçika və Gürcüstana uduzan Monteneqro ardıcıl 3-cü görüşdən məğlubiyyətlə ayrıldı.

B liqası, 4-cü qrup
1-ci tur
Uels – Türkiyə 0:0

Uels: Uord, Roberts, Rodon, Devis, Uillyams, Ampadu, Uilson, Ceyms (Kuper, 88), Conson, Tomas (Kumas, 72), Remsi (Mur, 72).
Türkiyə: Mərt Günok, Zəki Çəlik (Əmirhan Topçu, 90), Kaan Ayhan, Çağlar Söyüncü, Ədülkərim Bardakcı, Mərt Müldür, İsmayıl Yüksək (Okay Yokuşlu, 77), Orkun Kökçü (Hakan Çalhanoğlu, 64), Arda Gülər (İrfan Can Kahveci, 90), Kənan Yıldız (Kərəm Aktürkoğlu, 77), Barış Alpər Yılmaz.
Vərəqələr: Kənan Yıldız, 25. Uilson, 28. Conson, 29. Barış Alpər Yılmaz, 31. Kaan Ayhan, 39. Çağlar Söyüncü, 60. Mərt Müldür, 62 – sarı. Barış Alpər Yılmaz, 62 – qırmızı (ikinci sarı).
Hakim: Rohit Saqqi (Norveç).
6 sentyabr. Kardiff. 28625 tamaşaçı.

İslandiya – Monteneqro 2:0 (1:0)
İslandiya: Valdimarsson, Sampsted, Hermannsson, Qretarsson, Tomasson, Tordarson, Qudmundsson, Anderson (Villumsson, 77), G.Siqurdsson (Qudyonsen, 65), Torsteynsson (A.Siqurdsson, 65), Oskarsson (Yohannesson, 88).
Monteneqro: Miyatoviç, Vukçeviç (Çamay, 60), Tuçi, Rubejiç, Radunoviç, Yerakoviç, Brnoviç, Maruşiç, Yovoviç, Osmayiç (Yovetiç, 60), Krstoviç (Muqoşa, 78).
Qollar: Oskarsson, 39 (1:0). Torsteynsson, 58 (2:0).
Vərəqələr: Qudmundsson, 18. Radunoviç, 20. Osmayiç, 24. Yerakoviç, 50. Torsteynsson, 53. Yovetiç, 89. Yovoviç, 90+5 – sarı.
Hakim: Villi Delayod (Fransa).
6 sentyabr. Reykyavik. 4683 tamaşaçı.

2-ci tur
Türkiyə - İslandiya 3:1

Kərəm Aktürkoğlu, 2; 52; 88 – Palsson, 37.
Monteneqro – Uels 1:3
Samay, 73 – Mur, 1. Uilson, 3.

1. Türkiyə 2 1 1 0 3-1 4
2. Uels 2 1 1 0 2-1 4
3. İslandiya 2 1 0 1 3-3 3
4. Monteneqro 2 0 0 2 1-4 0

Oyundan sonra
Kreyq Bellami, Uels yığmasının baş məşqçisi:
“Komandamı bəyəndim. Oyunçularla bir-birimizi yeni tanımağa başlamışıq. Amma etimadımı doğrultdular. Özümü hətta ən pis ssenariyə də hazırlamışdım. Çünki Türkiyə güclü rəqibdi. Montella da mükəmməl məşqçidi. Amma onları çox yaxşı incələmişdik. Qalib gələ bilməsək də, pozitiv bir başlanğıc oldu. Bu komandanın gələcəyindən çox ümidliyəm. Bu vəzifəyə gəlmək üçün çox çalışdım. Hər şeyə hazırlıqlıydım. Ümid edirəm ki, Monteneqronu yenəcəyik”.

Vinçentso Montella, Türkiyə yığmasının baş məşqçisi:
“Çətin olacağını bilirdik. İlk yarıda topu özümüzdə saxlamaq və irəlidə oyun qurmaqla bağlı sıxıntı yaşadıq. Açığı, azlıqda qaldıqdan sonra sərgilədiyimiz oyunu daha çox bəyəndim. Bu oyunçuların böyük əksəriyyəti AÇ-dən sonra normal istirahət edə bilmədi. Ona görə də tez yorulan futbolçularımız oldu. Hər şeyə rəğmən komandamın mübarizə əzmindən razı qaldım. Hakan Çalhanoğlu meydana çıxdıqdan sonra səviyyəsini ortaya qoydu. Ardanı ayağında ağrılar hiss etdiyi üçün əvəzlədim. Müdafiənin solunda problem yaşayırıq. Fərdinin yoxluğunu hiss edirik. İslandiya ilə oyunda fanatlarımızın dəstəyinə çox ehtiyacımız olacaq”.