Təqvimə əsasən, matç “İmişli”nin meydanında keçirilməlidi. Lakin şəhər stadionunda görülən təmir-bərpa işləri komandanı doğma meydandan uzaq salıb. Klubun İdarə Heyətinin sədri Aqşin Mürsəlov saytımıza açıqlamasında matçın “qırmızı-qaralar”ın meydanında keçirilməsini istədiklərini deyib. Öz növbəsində “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı “İmişli”nin müraciətini müsbət cavabladıqlarını bildirib. Belədə mövzuyla bağlı yekun qərarı PFL verməliydi.
Qurumun bu barədə mövqeyini öyrənmək məqsədilə Media və Marketinq direktoru Sənan Abdullayevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Bəli, şəhər stadionunun durumuyla bağlı “İmişli”nin müraciəti, “Qəbələ”nin razılığı və PFL-in təsdiqi əsasında birinci dövrənin “İmişli” – “Qəbələ” matçıyla ikinci dövrənin “Qəbələ” – “İmişli” oyununun yeri dəyişdirilib. Bu barədə müvafiq qərar 1-ci liqanın 6-cı turunun cədvəlində qeyd olunacaq”.
Bildirək ki, 6-cı turun oyunları oktyabrın 23-25-də keçiriləcək.
KƏNAN BAHADIR






