Almaniya üçün Zenitsa səfəri çətin və vacib qələbə ilə əlamətdar oldu. Bundestim hələ fasiləyə qədər Dəniz Undavın qolları ilə iki topluq üstünlük yaxaladı. Əla formada olan türkəsilli forvard yığmada 6-cı oyunda vurduğu qolların sayını 4-ə yüksəltdi. Maraqlıdı ki, Almaniya bu qarşılaşmada 5 top vursa da, onlardan üçü ofsayd üzündən qeydə alınmadı. Zədəli Ter-Ştegenin yoxluğunda Yulian Naqelsmann qapıda “Ştutqart”lı Aleksandr Nübelə şans verdi. Amma 28 yaşda (!) yığmada debüt edən bu qapıçı ilk oyununda qapısını toxunulmaz saxlaya bilmədi. Qocalmaq bilməyən 38 yaşlı Ceko qollardan birinin əvəzini çıxdı. Bu, meydan sahiblərinin oyun ərzində “çərçivə”yə vurduqları yeganə zərbə oldu.
Almaniyadan fərqli Niderland favorit statusunu doğrulda bilmədi. Budapeştdəki qarşılaşma “narıncılar” üçün çox çətin alındı. “Qalatasaray”ın yeni transferi Roland Şallainin qolu ilə macarlar fasiləyə üstün yollandılar. Oyunun sonlarına yaxın qonaqların vəziyyəti daha da qəlizləşdi. Van Diyk 3 dəqiqə ərzində əvvəlcə hakimə etiraza, sonra da kobud oyuna görə iki sarı vərəqə alaraq meydandan qovuldu. Buna baxmayaraq, Ronald Kumanın komandası xarakter nümayiş etdirərək məğlubiyyətdən qurtulmağı bacardı. Bu nəticələrdən sonra qrupda Almaniya vahid liderliyi ələ keçirdi.
A liqası, 3-cü qrup
3-cü tur
Bosniya və Hersoqovina – Almaniya 1:2 (0:2)
Bosniya və Hersoqovina: Vasil, Qazibeqoviç, Barışiç, Katiç, Kolaşinats (Tabakoviç, 90), Burniç (Bayraktareviç, 84), Qiqoviç (Şariç, 65), Başiç (Tahiroviç, 46), Huseynbaşiç (Hayradinoviç, 65), Demiroviç, Ceko.
Almaniya: Nübel, Kimmix, Rüdiger, Ta, Mittelştadt (Qosens, 66), Andrix (Ştiller, 66), Qross (Anton, 90), Qnabri (Fürix, 82), Virts, Klayndinst, Dəniz Undav (Burkardt, 66).
Qollar: Dəniz Undav, 30 (0:1). Dəniz Undav, 36 (0:2). Ceko, 70 (1:2).
Vərəqələr: Qiqoviç, 8. Ceko, 66. Tahiroviç, 74. Barışiç, 82. Demiroviç, 90+5. Kimmix, 90+5 – sarı.
Hakim: Fransua Leteksye (Fransa).
11 oktyabr. Zenitsa. 11000 tamaşaçı.
Macarıstan – Niderland 1:1 (1:0)
Macarıstan: Dibuş, Bolla (Gera, 89), Fiola, Orban, Dardai (Botka, 46), J.Nad, Nikitşer, Şafer, Soboslai, Şallai (Çobot, 65), Varqa (A.Nad, 78).
Niderland: Verbrüggen, Dyumfris, De Vrey (Malen, 78), Van Diyk, Van De Ven, Qravenberx, K.Timber (Til, 77), Simons (De Liqt, 81), Reynders, Qakpo (Hato, 90), Zirkzee (Brobbi, 77).
Qollar: Şallai, 32 (1:0). Dyumfris, 83 (1:1).
Vərəqələr: Varqa, 13. Fiola, 77. Van Diyk, 77 – sarı. Van Diyk, 79 – qırmızı (ikinci sarı).
Hakim: Lukas Fendrix (İsveçrə).
11 oktyabr. Budapeşt. 55300 tamaşaçı.
4-cü tur
Almaniya – Niderland 1:0
Levelinq, 64.
Bosniya və Hersoqovina – Macarıstan 0:2
Soboslai, 38; 50-p.
1. Almaniya 4 3 1 0 10-3 10
2. Niderland 4 1 2 1 8-6 5
3. Macarıstan 4 1 2 1 3-6 5
4. Bosniya və H. 4 0 1 3 3-9 1
Faktlar
* Yalnız oyunların 90 dəqiqəsini nəzər alsaq, Naqelsmannın Almaniyası ardıcıl 12-ci qarşılaşmada məğlub olmadı (8 qələbə, 4 heç-heçə).
* Niderlandın azlıqda qol vurmasına sonuncu dəfə 2005-in sentyabrında Andorra ilə ev matçında (4:0) təsadüf olunmuşdu. O vaxt 2:0-dan sonra Filip Koku 38-ci dəqiqədə qovulmuş və “narıncılar” daha 2 qol vurmuşdular. Ən maraqlısı odu ki, Niderlandın heyətində Van Diykdən (33 yaş 95 gün) yaşca böyük olub meydandan qovulan son futbolçu məhz sözügedən qarşılaşmada Koku (34 yaş 313 gün) olmuşdu.
* Niderlandın Macarıstana qarşı 9 oyunluq qələbə seriyası qırıldı.
Oyundan sonra
Ronald Kuman, Niderland yığmasının baş məşqçisi:
“Macarların haqqını verməliyik. Çox yaxşı oynadılar. Onların müdafiəsində boş zona tapmaqda çətinlik çəkirdik. Belə anlarda yalnız səbrli olmaq lazımdı. Biz hətta azlıqda qaldıqdan sonra da pressinqi davam etdirməyə çalışırdıq. Çünki nəyin bahasına olur-olsun cavab qolunu vurmaq istəyirdik. Hesabı 1:1 edərkən azlıqda olduğumuzu nəzər alsaq, bu durum məni sevindirdi. Bərabərlik qolundan sonra rahat nəfəs aldım”.
Yulian Naqelsmann, Almaniya yığmasının baş məşqçisi:
“Nəticədən razıyam. Oyunun əvvəllərində rəqibə və meydana uyğunlaşmaq üçün bizə bir qədər zaman tələb olundu. Bəzi epizodlarda topu asanlıqla itirirdik. Amma onu dərhal özümüzə qaytarmağa çalışırdıq. Gözlədiyimiz kimi, bosniyalılar ikinci hissədə daha çox riskə getməyə başladılar. Qol buraxdığımız epizodda Cekonu çox boş buraxdıq. Ona bizim cərimə meydançamızda özünü bu qədər rahat hiss etməyə imkan verməməliydik. 3 xal qazanmağımızla yanaşı, oyunu zədəsiz başa vurmaq da məni sevindirdi”.




