Samir Abasov "Neftçi"nin baş məşqçisi olacaqmı? - "Sumqayıt" rəsmən açıqladı

11.10.2024 10:52 1 488
Aktual / Ölkə futbolu
"Neftçi"nin boş qalan məşqçi postuyla bağlı iddialar bir-birini izləyir.

Xatırladaq ki, indiyə qədər yerli mütəxəssislərdən Arif Əsədov, Tərlan Əhmədov, Mahmud Qurbanov və Samir Abasovun adı "ağ-qaralar"la birgə hallanıb. Saytımızda Əsədovla Əhmədovun açıqlamalarını dərc etmişik ki, hər ikisi xəbərləri təkzib edib.

Beləliklə, onlarla bağlı xəbər axını səngiyib. İndi əsas müzakirə mövzusu Samir Abasovdu. Hətta onun tezliklə "Sumqayıt"ın baş məşqçisi postundan istefa verəcəyi bildirilir. Bu üzdən "kimyaçılar"ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevlə əlaqə saxlayıb məlumatı dəqiqləşdirməyə ehtiyac duyduq. Klub rəsmisinin "Football-plus.az"a cavabı:

"Həm baş məşqçimiz Samir Abasovun istefa verəcəyi, həm də "Neftçi"nin çalıçdırıcısı olacağı haqda yayılan xəbərlər əsassızdı. Ümumiyyətlə, belə mövzu müzakirə olunmur. Kluba nə "Neftçi"dən, nə də Samir bəyin özündən bu barədə müraciət daxil olub. Baş məşqçimiz müqavilə müddətinin sonuna qədər işinin başında olacaq".

KƏNAN BAHADIR