Argentina çempionatının 15-ci turu da “Veles Sarsfild” üçün çox düşərli oldu. Lider növbəti qələbəsini qazandı, əsas izləyicilərindən üçü isə məğlub oldu. Nəticədə “Veles” ilə yeni əsas təqibçisi arasındakı xal fərqi 5-dən 6-ya artdı. Sözsüz, turun ən çox maraq doğuran oyunu ölkə futbolunun 1 nömrəli derbisi oldu.
12-ci turda bu mövsüm ilk dəfə 1-ci yerə yüksələn “Veles Sarsfild” dayanmaq bilmir. Qustavo Kinterosun komandası bu dəfə “Estudiantes”dən maksimum xal aldı. Son həftələr enişdə olan “tələbələr” iki cavabsız top buraxaraq məğlub oldular. Brayan Romero hər hissədə bir qol vurmaqla komandasının qələbəsini təmin etdi. 33 yaşlı hücumçu qollarının sayını 9-a çatdıraraq bombardirlərin siyahısında liderliyi ələ aldı. Brayanın komandası isə ardıcıl 5-ci qələbə və əsas rəqiblərinin büdrəməsi ilə liderliyini bir qədər də möhkəmləndirdi.
Belə ki, tura liderdən 5 xal geri qalmaqla 2-ci yerdə başlayan “Atletiko Tukuman” yenə məğlub oldu. Fakundo Savanın komandasının ortabab “Belqrano”dan evdə xal ala bilməməsi bir qədər gözlənilməz oldu. Qonaqlar hər hissədə 2:1 hesablı üstünlük əldə etməklə 4:2 hesablı qələbə qazandılar. “Atletiko Tukuman” ardıcıl ikinci məğlubiyyətlə liderin əsas izləyicisi mövqeyindən 5-ci yerə düşdü.
Tura hərəyə 24 xalla 3-7-ci yerləri bölüşməklə başlayan komandalar fərqli nəticələr göstərdilər. Onlardan ikisi hesabına xal yaza bilmədi. “Rasinq” səfərdə “Talyeres de Kordoba”ya 0:2, “İnstituto” evdə “Barrakas Sentral”a 0:1 hesabıyla uduzdu. Məğlublar uyğun olaraq 8-ci və 7-ci pillələrə gerilədilər. “Atletiko Urakan” “Lanus”u 3:0, “Union” – “Qodoy Krus”u 3:1 hesabıyla məğlub edərək uyğun olaraq 2-ci və 4-cü yerə yüksəldi.
Əlbəttə, ölkə futbol ictimaiyyətinin əsas diqqəti Buenos Ayresdəki duelə yönəlmişdi. Xatırladaq ki, əzəli rəqiblər ölkə çempionatından əvvəl təşkil edilən Liqa Kubokunda (LK) iki dəfə qarşılaşmışdılar: qrup mərhələsində keçirilən “River Pleyt” - “Boka Xuniors” matçı 1:1 hesabı ilə nəticələnmiş, 1/4 finalda isə onda Martin Demiçelisin çalışdırdığı “River” 2:3 hesablı məğlubiyyətlə LK-da mübarizəni dayandırmışdı. Argentina futbolunun 1 nömrəli derbisi yenə böyük ajiotaj doğurdu. Bu dəfəki dueldən əvvəl diqqəti cəlb edən əsas fakt hər ki nəhəngin mövsümü qeyri-sabit keçirməsi idi: “River Pleyt” derbi ərəfəsində 9-cu, “Boka Xuniors” isə 10-cu yerdə idi.
Prinsipial matç “Boka”nın meydanında keçirildiyindən istər-istəməz ev sahiblərinin uğur qazanmaq şansı bir qədər yüksək dəyərləndirilirdi. Lakin 263-cü “Superklasiko”da nəticə qonaq komandanın xeyrinə oldu. Meydan sahibləri qapıya zərbələr üzrə rəqibini 10:6 hesabı ilə üstələsələr də, hər iki tərəf qapı çərçivəsinə eyni sayda – 3 zərbə endirdi. Daha çox əzəli rəqiblərin sərt və kobud oyunu ilə yadda qalan matçda hakim ümumilikdə futbolçulara 11 sarı vərəqə göstərdi. Bu vərəqələrdən ikisinə layiq bilinən “Boka”nın müdafiəçisi Lema son saniyələrdə “qırmızı” aldı. Hesabı isə “River” açdı: Argentinanın son çempionu qapıya 20-ci dəqiqədə Lansini ilə yol tapdı. Marselo Qalyardonun komandası bundan sonra əsas diqqəti müdafiəyə ayırdı. “Boka”nın bundan sonra təşəbbüsü ələ alacağı gözlənilirdi. Dieqo Martinesin komandası nə qədər çalışsa da, hesabı bərabərləşdirə bilmədi.
Beləliklə, 263-cü “Superklasiko”da “milyonçular”ın 87-ci qələbəsi rəsmiləşdi. Əzəli rəqabətdə indiyədək 84 dəfə heç-heçə qeydə alındığını, “Boka Xuniors”un isə derbidə 92 qələbə qazandığını da qeyd edək. “River Pleyt” uğurlu nəticə ilə 9-cu yerdən 6-ya yüksəldi, “Boka Xuniors” isə 10-cu yerdən 11-ə gerilədi.
15-ci tur
Veles Sarsfild - Estudiantes 2:0
B.Romero, 12; 87.
Atletiko Tukuman - Belqrano 2:4
Baxamiç, 36; 90+2 – Legisamon, 10. Kinyon, 45+2. N.Fernandes, 57. Çavarria, 90+4.
Talyeres de Kordoba - Rasinq 2:0
Depietri, 17. Tarraqona, 63.
İnstituto - Barrakas Sentral 0:1
X.Ruis, 63.
Atletiko Urakan - Lanus 3:0
Sonyora, 6. Eçeverriya, 52. E.Ramires, 54.
Union - Qodoy Krus 3:1
Pardo, 31. Verde, 79. Morales, 89 – S.Rodriges, 26.
Boka Xuniors - River Pleyt 0:1
Lansini, 20.
Ximnasiya - Deportivo Riestra 0:0
Nyuellz Old Boyz - Tiqre 1:0
Salsedo, 71.
Defensa y Xustisiya - San Lorenso 0:0
İndependyente - Arxentinos Xuniors 0:0
Platense - Rosario Sentral 1:0
Maynero, 9.
Sarmyento - Sentral Kordoba 1:3
L.Lopes, 90+5-p. – Atensio, 27. Varaldo, 67. Kabral, 90+9.
Banfild - İndependyente Rivadaviya 2:0
Sanete, 41. De Ritis, 60.
1. Veles Sarsfild 15 10 3 2 29-8 33
2. Atletiko Urakan 15 7 6 2 15-7 27
3. Talyeres de Kordoba 15 7 6 2 22-16 27
4. Union 15 7 6 2 18-12 27
5. Atletiko Tukuman 15 7 4 4 17-16 25
6. River Pleyt 15 6 6 3 20-11 24
7. İnstituto 15 7 3 5 20-13 24
8. Rasinq 15 7 3 5 20-13 24
9. Deportivo Riestra 15 7 2 6 15-15 23
10. Ximnasiya 15 6 4 5 16-14 22
11. Boka Xuniors 15 5 6 4 19-15 21
12. Belqrano 15 5 6 4 19-19 21
13. Rosario Sentral 15 5 4 6 17-16 19
14. Platense 15 5 4 6 13-14 19
15. Lanus 15 4 7 4 18-22 19
16. Qodoy Krus 14 4 6 4 15-15 18
17. İndependyente 15 3 9 3 9-10 18
18. Arxentinos Xuniors 15 5 3 7 11-16 18
19. İndependyente Rivadaviya 15 5 3 7 9-15 18
20. Estudiantes 15 4 5 6 15-16 17
21. Tiqre 15 4 5 6 18-20 17
22. Banfild 15 4 5 6 13-17 17
23. Nyuellz Old Boyz 15 4 4 7 7-15 16
24. Sarmyento 15 3 6 6 11-15 15
25. San Lorenso 14 3 5 6 11-13 14
26. Sentral Kordoba 15 3 4 8 16-25 13
27. Defensa y Xustisiya 15 2 6 7 10-22 12
28. Barrakas Sentral 15 2 5 8 6-19 11
Bombardirlər: B.Romero (Veles Sarsfild) – 9, M.Ximenes (Boka Xuniors) – 8, Akino (Veles Sarsfild), Borxa (River Pleyt), Pelleqrino (Platense) - 7.