Keylor Navas hələ də özünə yeni iş yeri tapa bilməyib. Onun sıralarına can atdığı klubun “Barselona” olması çox maraqlıdı.
“Mundo Deportivo” qəzetinin xəbərinə görə, “Real”ın sabiq qapıçısı “Barselona”nın təklifini nəzərdən keçirməyə hazırdı. İspaniya çempionatının “Vilyarreal” ilə oyununda sağ dizindən ciddi zədə alan əsas qapıçı Mark-Andre ter Ştegen təxminən 7-8 ay yaşıl meydanlardan kənarda qalacaq. “Mundo Deportivo”un yazdığına görə, 37 yaşlı Navas bundan sonra da oynamaq istədiyi üçün İspaniya klubuna potensial keçidə açıqdı. Xəbərdə maaş məsələsinin onun üçün problem olmadığı da qeyd edilir. Xatırladaq ki, Keylor ötən mövsümün sonunda PSJ-dən ayrıldıqdan sonra azad agent statusu daşıyır.
Yeri gəlmişkən, “Barselona”da qapıçı problemi Klaudio Bravonun da diqqətini cəlb edib. Karyerasını bu yay başa vuran çilili dar ayaqda olan kataloniyalılara kömək etmək istəyir. O, yenidən meydana qayıdaraq vaxtilə iki il şərəfini qoruduğu komandanın dadına çatmağa hazırdı. İndi 41 yaşında olan Klaudio 2014-16-cı illərdə formasını geydiyi klubla bağlı “Barselona”ya lazımamsa, hazıram” açıqlamasını verib.
Əlavə edək ki, Ter Ştegen bazar ertəsi əməliyyat olunub. Amma ilkin məlumatda onun sıraya nə vaxt dönəcəyinə aydınlıq gətirilməyib.