“Fənərbaxça” Rizədə şou göstərdi və rekordunu təkrarladı - TURUN İCMALI

29.08.2024 14:54 290
Dünya futbolu
Superliqada bu tur 9 oyundan yalnız altısı baş tutdu. Bilindiyi kimi, federasiyanın qərarı ilə ötən həftə avrokuboklarda oyun keçirən klubların 3-cü turdakı oyunları təxirə salınmışdı. “Beşiktaş”ın isə təqvimə əsasən bu tur oyunu yox idi.

Cümə günü keçirilən açılış oyununda debütant “Göztəpə” “Alanyaspor”un qonağı oldu. 1 xal qazanan İzmir təmsilçisi 3-cü turdan da bərabərliklə ayrıldı. Amma elitada çıxış etdiyi son mövsüm olan 2021/22-ni də nəzər alsaq, “Göztəpə”nin qələbəsiz seriyası artıq 18 oyuna bərabərdi (4 heç-heçə, 14 məğlubiyyət).

Tur “Göztəpə”dən fərqli digər debütantlar üçün uğurlu alındı. “Eyüpspor” çətin Sivas səfərində qalib gələrək hətta birgünlüyə də olsa, zirvəyə yüksəldi. Arda Turanın komandası həm də elitada ilk səfər qələbəsini qazandı. Fatih Terimin tribunadan izlədiyi qarşılaşmada isə “Bodrum” gözlənilmədən “Konyaspor”u evə əliboş yola saldı. Tarixində ilk dəfə superliqada oynayan Bodrum təmsilçisi, nəhayət, ilk qələbəsini qazandı.
Bazar günü keçirilən oyunlar çox məhsuldar və baxımlı alındı. “Kasımpaşa” “Adana Dəmirspor”la oyunda arxayınlığın qurbanı oldu. İstanbul təmsilçisi əvvəlki gücündən əsər-əlamət qalmayan “Adana Dəmirspor”la oyunda iki topluq üstünlük yaxaladıqdan sonra üstünlüyü rəqibə verdi. Qonaqlar isə xarakter nümayiş etdirərək 1 xal qazandılar. Aleks De Souzanın “Antalyaspor”u fanatlarına cəhənnəm əzabı yaşatsa da, sonluq uğurlu alındı. “Hatayspor” Antalyada fasiləyə sürpriz şəkildə iki topluq üstünlüklə yollandı. Hətta meydan sahibləri penalti qaçırmağa da macal tapdılar. Amma ikinci hissədə vəziyyət 180 dərəcə dəyişdi. “Antalyaspor” hissənin ortalarında 6 dəqiqə aralığında iki qol vurdu. Son anlarda isə Samudio penaltini qola çevirərək yerli fanatları ayağa qaldırdı. Beləliklə, Antalya təmsilçisi mükəmməl geridönüşlə Aleksin başçılığı altında ilk qələbəsini qazandı.

Joze Morunyonun “Fənərbaxça”sı bu tur o qədər də asan səfərlərdən sayılmayan Rizəyə yollanmışdı. “Çaykur Riəzspor” ilk iki turda uduzmamışdı və güclü rəqibə layiqincə müqavimət göstərmək niyyətində idi. Amma İlhan Palutun komandası yalnız ilk yarıda “Fənər”ə müqavimət göstərə bildi. Zədəsini sağaldaraq start heyətinə qayıdan Fred 15-ci dəqiqədə uzaq məsafədən qüvvətli zərbə ilə hesabı açdı. Rizəlilər bir neçə dəfə Livakoviçi narahat etsələr də, 53-cü dəqiqədən sonra sanki meydanda yalnız bir komanda qaldı. Cekonun qolu intriqanı öldürdü və İlhan Palutun komandası pərən-pərən düşdü. Bosniyalı forvard bu mövsüm 7-ci rəsmi oyunda 7-ci qolunu vurdu. Daha sonra Fred 4 dəqiqə aralığında iki dəfə fərqlənərək het-trik etdi! Yekun nəticəni isə Husniddin Alikulov müəyyənləşdirdi. Özbəkistanlı müdafiəçi Tadiçin ötürməsinə mane olmaq istəyərkən topu öz qapısına göndərdi. Beləliklə, İstanbul nəhəngi Mourinyonun dönəmində 7-ci oyunda ilk dəfə böyükhesablı qələbə qazandı. “Fənərbaxça” “Çaykur Riəzspor”u superliqa çərivəsində ardıcıl 10-cu (!) oyunda məğlub etdi və daha yaxşı top fərqinə malik olduğuna görə həftəni zirvədə tamamladı.

3-cü tur
Çaykur Rizəspor – Fənərbaxça 0:5
Fred, 15; 60; 64. Ceko, 53. Alikulov, 66-p.
Fənərbaxça: Livakoviç, Mərt Müldür, Çağlar Söyüncü (Bekao, 70), Ciku, Oostervolde, İsmayıl Yüksək, Fred (Ləvənt Mərcan, 80), Şimanski, Tadiç (Cengiz Ündər, 78), Sent-Maksimin (İrfan Can Kahveci, 70), Ceko.
Alanyaspor – Göztəpə 1:1
Yusuf Özdəmir, 48 – Heliton, 45.
Antalyaspor – Hatayspor 3:2
Talisson, 60. Cenepo, 66. Samudio, 90+4-p. – Strannberq, 26; 32.
Bodrum – Konyaspor 3:1
Adil Dəmirbağ, 28-öz qapısına. Puşkaş, 40. Kənan Özər, 88-p. – Pedrinyo, 45+4.
Kasımpaşa – Adana Dəmirspor 2:2
Hayradinoviç, 30. Da Koşta, 59 – Yusuf Barasi, 65. Manev, 90+3.
Sivasspor – Eyüpspor 0:1
Ahmed Kutucu, 8.
“Samsunspor” – “İstanbul BŞ”, “Trabzonspor” – “Kayserispor” oyunları sentyabrın 18-də, “Qalatasaray” – “Qaziantep” oyunu sentyabrın 25-də keçiriləcək.

1. Fənərbaxça 3 2 1 0 8-2 7
2. Eyüpspor 3 2 1 0 6-2 7
3. Beşiktaş 2 2 0 0 6-2 6
4. Qalatasaray 2 2 0 0 4-2 6
5. İstanbul BŞ 2 1 1 0 5-3 4
6. Sivasspor 3 1 1 1 2-2 4
7. Antalyaspor 3 1 1 1 5-6 4
8. Çaykur Rizəspor 3 1 1 1 3-7 4
9. Göztəpə 3 0 3 0 3-3 3
10. Qaziantep 2 1 0 1 1-1 3
11. Samsunspor 2 1 0 1 1-2 3
12. Konyaspor 3 1 0 2 5-7 3
13. Bodrum 3 1 0 2 4-6 3
14. Kasımpaşa 3 0 2 1 5-6 2
15. Alanyaspor 3 0 2 1 4-6 2
16. Trabzonspor 1 0 1 0 0-0 1
17. Hatayspor 3 0 1 2 4-6 1
18. Adana Dəmirspor 3 0 1 2 3-5 1
19. Kayserispor 1 0 0 1 1-2 0


Bombardirlər: Ceko, Fred (hər ikisi “Fənərbaxça”), Samudio (Antalyaspor), Da Koşta (Kasımpaşa) – 3.
Növbəti turun oyunları avqustun 30-u – sentyabrın 1-i aralığında keçiriləcək: Fənərbaxça – Alanyaspor, Adana Dəmirspor – Qalatasaray, Beşiktaş – Sivasspor, Çaykur Rizespor – Kasımpaşa, Eyüpspor – Trabzonspor, Göztəpə - Bodrum, Hatayspor – Samsunspor, İstanbul BŞ – Antalyaspor, Konyaspor – Kayserispor.

Turun rəqəmi
21 – “Fənərbaxça” Rizədə uduzmamaqla önəmli göstəriciyə nail oldu. Komandanın superliqa çərçivəsində səfərdəki məğlubiyyətsiz seriyası 21 oyuna çatdı (17 qələbə, 4 heç-heçə). Bununla da İstanbul nəhəngi şəxsi rekordunu təkrarladı. Komandanın daha öncə belə seriyası aprel 1960 – may 1961 aralığında olmuşdu. “Fənər” superliqada son səfər məğlubiyyətini 2022/23-ün 37-ci turunda “Qalatasaray”la debirdə yaşayıb (0:3).

Turun ulduzu
Fred (Fənərbaxça) – təcrübəli braziliyalı yarımmüdafiəçi yavaş-yavaş “Fənərbaxça”nın uğur çubuğuna çevrilir. Onun olmadığı oyunlarda komanda çətinlik çəkir. Fred qayıdan kimi bütün dərdlər unudulur. Elə “Fənər” ÇL-də mübarizəni dayandırarkən və “Göztəpə” səfərində xal itirərkən həmin oyunları “sambaçı”sız keçirmək məcburiyyətində qalmışdı. 31 yaşlı futbolçu Rizədə parlaq oyun nümayiş etdirərək peşəkar karyerasında ilk dəfə het-trik etdi! Maraqlıdı ki, “Fənər” indiyə qədər Fredin meydanda olduğu 26 superliqa matçının heç birində uduzmayıb (23 qələbə, 3 heç-heçə). Bu futbolçu “sarı-lacivərdlilər”in heyətində 38 rəsmi oyunda 6 qol, 9 məhsuldar ötürmə ilə fərqlənib. Onun 6 qolun hamısını səfər oyunlarında vurması da maraqlı faktdı.

Turun sitatı
Mehmet Dəmirkol, futbol şərhçisi:
“Oostervolde yaxın gələcəkdə Fərdi Kadıoğlu kimi yüksək məbləğə Avropaya transfer olunsa, təəccüblənmərəm. “Fənərbaxça” səfərdəki məğlubiyyətsiz seriya baxımından öz rekordunu təkrarladı. Bu oyunların böyük əksəriyyəti İsmayıl Kartalın dönəminə təsadüf etdiyindən onu təbrik etmək lazımdı. Bu göstəricidə İsmayıl Kartal yoxmuş kimi davranmaq düzgün deyil. Bu komanda ötən mövsümü 17-ci pillədə bitirmədi. Ötən mövsüm “Fənər” 99 xal topladı və Konfrans Liqasında da gələcək çempiona məğlub oldu”.

Oyundan sonra
İlhan Palut, “Çaykur Rizəspor”un baş məşqçisi:
“Bizim üçün çox üzücü qarşılaşma oldu. “Fənərbaxça” effektli futbol oynadı. Əslində matçın böyük bölümündə onlara layiqincə müqavimət göstərdik. Amma 12 dəqiqə ərzində 4 qol buraxmağımız hər şeyi korladı. Ondan sonra oyunun ssenarisi dəyişdi. Futbol intizam oyunudu. Bir komanda hesabda öndə də ola bilər, geridə də. Amma oyun intizamını qətiyyən əldən buraxmaq olmaz. Psixoloji cəhətdən tez sındıq. İlk 53 dəqiqə ərzində sərgilədiyimiz performansdan razı qalsam da, sonradan meydanda başverənlərə izah tapmaq çətindi. Bununla belə, bir məğlubiyyətdən sonra yolumuzdan dönən deyilik. “Hər şeyi səhv edirik” deyib təlaşa qapılmamalıyıq. Biz yaxşı komandayıq və düzgün yoldayıq. Sadəcə, şanssız bir gecə yaşadıq. Tezliklə toparlanıb bu oyunu unudacağıq. Fanatlarımızdan üzr istəyirəm. Bizi dəstəkləmək və yaxşı bir “Çaykur Rizəspor” izləmək üçün stadiona gəlmişdilər. Amma onların ümidlərini doğrulda bilmədik. Çox tez həvəsdən düşdük”.

Joze Mourinyo, “Fənərbaxça”nın baş məşqçisi:
“Əvvəlki oyunlarda dəfələrlə Fredin yoxluğunun hiss edildiyini söyləmişdim. Bunu bu gün 3 qol vurduğu üçün söyləmirəm. Çox güman, bundan sonra bir də heç vaxt karyerasında het-trik edə bilməyəcək. Həqiqətən də komandaya çox fərqli dinamika qatır. Şimanski də ən yaxşı sözlərə layiqdi. Ondan iki dənə olsaydı, ikisini də oynadardım. Fanatların İsmayıl Yüksəyi bu qədər dəstəkləməsi onun da yaxşı performans göstərməsinin nəticəsidi. Amma ayrı-ayrı oyunçuları qabartmaq istəmirəm. Qalib gələndə də, məğlub olanda da bunu komanda şəklində edirik. Həm əsas hakim, həm də VAR hakimi oyunu çox zəif idarə etdi. Buna rəğmən, çox inamlı oyunla qalib gəldik. Fredə qarşı kobudluq olan epizodda hakimlər yüz faiz səhvə yol verdilər. Türkiyəyə gəlməmiş inanmaq istəmədiyim bəzi şeylər eşitmişdim. Hakimlər müxtəlif matçlarda epizodları fərqli qiymətləndirir. Bu durum məni narahat etsə də, işimə köklənmək istəyirəm. Bu gün “Çaykur Riəzspor” bizim oyunumuz qarşısında yaxşı təsir bağışlamasa da, əslində yüksək səviyyəli komandadı. Onları təhlil edərkən bunu hiss etmişdim. Oyuna hazırlaşmaq üçün bir həftəmiz var idi və bu müddətdən çox yaxşı faydalandıq”.