Baş məşqçi Adil Şükürov Nicat Süleymanovu əvəzedici heyətə göndərib. Buna səbəb isə avqustun 9-da “Qarabağ”a 0:3 uduzduqlari matç olub.
Deyilənlər doğrudursa, matçdan dərhal sonra paltardəyişmə otağına daxil olan Şükürov “qırmızı vərəqə” alan Elmir Tağıyevi danlayıb, yerli futbolçuları da sərt tənqid edib. Hətta çalışdırıcı “bir də belə oynasaz, əşyalarınızı yığın və burdan gedin” söyləyib. Ardınca onun köməkçiləri də aşağı-yuxarı eyni sözləri dilə gətirib. Bunu görən yerlilərin səbri daşıb, “od püskürüblər”. Əsasən də Elmir baş məşqçiyə və yardımçılarına sərt şəkildə cavab qaytarıb. Nicat yoldaşına dəstək verib.
İddia edilir ki, sözlü mübahisə şəraitində keçən dialoqun davamında tərəflər əlbəyaxa olmaq həddinə çatıb. Ətrafdakıların ciddi-cəhdindən, müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub. “Turan Tovuz”la 3-cu turun oyununda Nicatın adının iştirak ərizəsinə salınmaması da məsələnin ciddiliyindən xəbər verir. Deyilənlər doğrudusa, Nicat nə vaxta qədər əvəzedicilərlə çalışacaq?
Daha dəqiq bilgi almaq üçün Adil Şükürovla əlaqə saxladıq. Onun “Football-plus.az”a açıqlaması:
“Vəziyyət elədi ki, Nicatı komandaya əsas heyət üzvü kimi cəlb etmişdik. Sadəcə, məşqləri, göstəriciləri bizi qane etmədiyinə görə belə qərar verdik. Fikirləşdik ki, özünə uyğun komanda tapıb orda oynasa, daha məqsədəuyğun olar. Başqa heç bir problem yoxdu. Dediyim kimi, məşqi və oyunları bizi qane etmir”.
RÖYANƏ OĞUZ




