“Turan Tovuz” darmadağın etdi, Adil Şükürov razı qaldı - REPORTAJ

13.07.2024 17:58 448
Ölkə futbolu / Reportaj
Bilindiyi kimi, hazırda bütün premyer-liqa komandaları növbəti mövsümə hazırlığı davam etdirir.

Elita klublarından “Şamaxı” ilə “Kəpəz”dən başqa hər kəsin hazırlıq prosesini ölkə xaricində keçirdiyi də məlumdu. “Turan Tovuz” burda olduğu müddətdə iki yoxlama oyunu keçirdi. İlk oyunda “Şəmkir”i darmadağın edən (13:0) tovuzlular çərşənbə günü “Kəpəz”lə qarşılaşdı.

Qəbələ şəhər stadionunun köməkçi meydançasında baş tutan qarşılaşma yenə “bozqurd”un böyükhesablı qələbəsi (4:0) ilə başa çatdı.

“Turan Tovuz”un nigeriyalı forvardı Otto Con dubl etdi. Aleks Souza ilə Sadiq Şəfiyev isə hərəyə 1 qolla yadda qaldı. Komandaların start heyəti aşağıdakı kimi olub.

“Turan Tovuz”: İvan Konovalov, Şəhriyar Əliyev, Emmanuel Hakman, Sadiq Quliyev, Denis Marandiçi, Faiq Hacıyev, Alexandro Serrano, Kristian da Silva, Otto Con, Aleks Souza, Xəyal Nəcəfov.

“Kəpəz”: Məmməd Hüseynov, Morqan İzzekiel, Nemət Musayev, Ümid Səmədov, Ehtiram Şahverdiyev, Elmir Tağıyev, Əli Səmədov, Mahir Həsənov, Nicat Süleymanov, Cavad Kərimov, Mario Kuze.

Oyundan sonra “Kəpəz”in baş məqşisi Adil Şükürovun fikirlərini öyrəndik:

“Turan Tovuz”la oyun mənim üçün çox maraqlı idi, gənc futbolçularımıza baxmaq fürsətimiz oldu. Məni yaxşı mənada təəccübləndirən futbolçularımız oldu. Düşünürəm ki, bu uşaqlar davamlı şəkildə çalışsalar, gələcəkdə “Kəpəz”in aparıcı oyunçularına çevrilə bilərlər. Amma uşaqlar daha çox çalışmalıdılar. Bizim üçün baxışda olan futbolçuların oyunu maraqlı idi və burda da bəzi nüanslar diqqətimizi cəlb etdi. “Turan Tovuz” yaxşı oyun nümayiş etdirdi, oyun üslubunda bəzi dəyişikliklər var”.

KAMAL SƏFƏR