Menecerdən Abdulla Avcıya şok sözlər

18.08.2024 15:57 381
Dünya futbolu / Manşet
''Trabzonspor''da mövsümün əvvəlində uğursuz nəticələr üzündən vəziyyət gərgindi.

Avropa Liqasının 2-ci təsnifat mərhələsində ''Rujomberok'' səddini problemsiz adlayan Trabzon təmsilçisi 3-cü təsnifat mərhələsində evdə Vyana ''Rapid''inə 0:1 hesabı ilə uduzdu. Həmin qarşılaşmada fanatlar baş məşqçi Abdulla Avcını istefaya səslədi. Türkiyə çempionatının ilk turunda Sivas səfərindəki zəif oyun və qolsuz bərabərlik etiraz dalğasını bir qədər də artırdı. Fanatlar baş məşqçi postuna Fatih Təkkə və ya Şenol Günəşin gətirilməsini istəyir. Ona görə də ''Rapid''lə cavab oyununda uğurlu nəticə əldə olunmasa, Avcının durumu bir qədər də qəlizləşəcək. Bu arada hələ də ''Trabzonspor''un üzvü olan Umut Bozokun meneceri Olivye Davo son paylaşımında Avcını yıxıb-sürüyüb. O, təcrübəli məşqçi ilə bağlı bunları yazıb:
''Avcının baş məşqçi olduğunu söyləyə bilmərəm. O, futbolçuların karyeralarını məhv edən bir şəxsdi. ''Trabzonspor'' isə böyük klubdu və onun tam əksidi''.

Daha öncə 2021/22-də ''Kasımpaşa''nın heyətində Türkiyə çempionatının bombardiri olmuş Bozok 2022-dən ''Trabzonspor''dadı. O ötən mövsüm superliqada cəmi 13 matçda şans qazanaraq 1 qol vura bilmişdi. Avcının qərarı ilə Umut Bozok və Mislav Orşiç kimi təcrübəli oyunçuların adları ''Rapid''lə oyunlar üçün avrokubokların iştirak ərizəsindən çıxarılmışdı. Xorvatiyalı Orşiçin menecerinin qarşıdakı günlərdə rəhbərliklə danışıqlar aparmaq üçün Trabzona gələcəyi gözlənilir.

ƏLİ