Poqba CAS-ın qərarını səbirsizliklə gözləyir

30.07.2024 18:29 286
Dünya futbolu
“Yuventus”un fransalı ulduzu Pol Poqbanın belə desək, futbol səhnəsindən silinməsi prosesi davam edir.

Düzdü, məsələnin bu həddə çatmasında əsas günahkar o özüdü. Amma istənilən halda bir futbolçunun belə aqibət yaşaması çox üzücüdü. Xatırladaq ki, ötən il avqustun 20-də “Udineze” ilə oyundan sonra ondan götürülən standart dopinq-testin nəticəsi müsbət çıxmışdı. Dünya çempionunun qanındakı testosteronun həcminin normadan yüksək olduğu aşkarlanmış, daha sonra onun B nümunəsinin də nəticəsi müsbət çıxmışdı. Bu üzdən fevralın sonlarında həm FİFA, həm də İtaliya Antidopinq Təşkilatı ona dördillik cəza vermişdi. Bu cəza sona qədər qüvvədə qalsa, Poqba bir də 2027-ci ildə, yəni 35 yaşında futbola qayıda biləcək.

Amma Poqba və vəkilləri bu qərarı dəyişə biləcəklərinə inanırlar. Onlar yasaq maddənin futbolçunun bədəninə təsadüfən düşdüyünü iddia edirlər. Bu üzdən Poqba hələ aprelin əvvəllərində məsələni İdman Arbitraj Məhkəməsinə (CAS) daşıyıb. Fransalı ulduz bugünlərdə “Forbes” nəşrinə açıqlamalar verərək susqunluğunu pozub. O, diskvalifikasiyanın ardından yaşadığı çətinliklər haqda danışıb:
“Açığı, belə məsələlərdə tam səmimi olmaq çətindi. Çünki özümü dərk etməyə başladığım vaxtlardan etibarən futbol həmişə həyatımın ayrılmaz hissəsi olub. Ona görə də indi futboldan kənar qalmaq, başverənləri kənardan izləmək çox çətindi. Amma yaxşı ki, ailəm, dostlarım, inancım və məni daim dəstəkləyən fanatlarım var. Onların varlığı və dəstəyi işimi nisbətən asanlaşdırır. Hələ də hər şeyin uğurlu sonluqla bitəcəyinə inanıram. Düzdü, bu mövzu barədə çox danışa bilmərəm. Amma indi mənim üçün bütün yollar CAS-a verdiyim apellyasiyaya baxılacaq tarixə aparılır. O vaxta qədər isə sadəcə, üzərimdə çalışmaqda və formada qalmaqda davam edəcəm. Qərarın veriləcəyi anı səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, “Yuventus” futbolçunun müqaviləsini dondurub və ona heç bir maaş ödəmir. Amma Poqbanın klubla 2026-ya qədər nəzərdə tutulan müqaviləsi ləğv olunmayıb.