Bir müddət öncə “Mingəçevir”də büdcə ilə bağlı problemlərin yarandığına dair xəbərlər yayılmışdı. İddialara görə sponsor kluba cəmi 500 manat yardım ayıracaq. Belədə futbolçuların klubdan axını güclənib. Bəs “nur şəhəri”nin təmsilçisi sözügedən problemi həll edibmi?
Bu barədə dəqiq məlumat almaq üçün “Mingəçevir”in idarə heyətinin sədri Nurlan Əhmədovla əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri:
“Komanda ayın 1-də toplanır. Əvvəlcə məyyən işlərimizi qaydasına salmağa çalışırıq. Bəli, komandanı tərk edənlər oldu. Yeni oyunçularımız da var. Bildiyiniz kimi, AFFA-dan ayrılan vəsait hesabına komandanı formalaşdırmağa çalışırıq. Həmin məbləğə uyğun olaraq işlərimizi görürük. 500 manat məsələsinə gəlincə, yazılanların heç bir əsası yoxdu. Rəsmi məlumat deyil. Klub rəhbəri kimi demək istəyirəm ki, deyilənlərin heç biri düzgün deyil. Hazırda rəsmi danışıqlarımız yalnız “Azərlotereya” ilə gedir. Məbləğ barədə razılığa gəlməmişik. Hər şey dəqiqləşəndən sonra məlumat verəcəyik. Yəni rəsmi sponsor danışıqları yalnız ora ilə aparılır. Yeni mövsümlə bağlı iclasımız da oldu. Müəyyən tapşırıqlar da verildi. Çalışırıq ki, nəzərdə tutduğumuz işlər üzrə fəaliyyətimizi davam etdirək. Nə dərəcədə nail ola biləcəyik, onu zaman göstərəcək”.
RÖYANƏ OĞUZ