Ərzurumda hazırlıq keçən naxçıvanlılar üç yoxlama oyunu keçirməyi planlaşdırsa da, Özbəkistan “Soqdiana”sı toplanışa gəlmədiyi üçün iki oyunla kifayətlənməli olublar. “Qırmızı-ağlar” iyulun 24-də Küveytin “Əl-Ərəbi” klubu ilə üz-üzə gəlib. Matçda qapılara qol vurulmayıb - 0:0. “Qırmızı-ağlar” ilk matçda Türkiyənin “Alanyaspor” komandası ilə 1:1 hesablı heç-heçə edib.
15 günlük hazırlıq planını yekunlaşdıran naxçıvanlılar iyulun 25-də vətənə dönüb. Komandanın baş məşqçisi Elmar Baxşıyev hazırlıq prosesi haqda “Futbol+”ə danışıb:
“Toplanış planauyğun şəkildə həyata keçdi. Demək olar ki, mövsümə hazırlıq mərhələsini Türkiyədə reallaşdırdıq. Yeganə üzücü məqam üç oyun keçirə bilməməyimizdi. 2 dəfə yoxlama oyununa çıxdıq. “Soqdiana” ilə görüşümüz toplanışa gəlmədikləri üçün ləğv edildi. Bakıya qayıdandan sonra çempionata hazırlığı davam etdiririk. Transfer çalışmalarını, demək olar, yekunlaşdırdıq. Alınsa, bir transfer istəyərdik. Müdafiəni gücləndirmək üçün axtarışlar davam edir”.
RÖYANƏ OĞUZ





