Şamaxı təmsilçisinin əvəzediciləri və U-19-u doğma Bakıya köçürülüb. Hər iki komanda gündəlik məşqləri Bakıda keçəcək və yalnız ev oyunları günü Şamaxıya yollanacaq. Bu qərar ictimaiyyəti təəccübləndirib. Axı Şamaxıda iki stadion - biri UEFA ilə FİFA-nın vəsaiti hesabına tikilən və AFFA-nın balansında olan, digəri isə Olimpiya Kompleksinin arenası var.
Bəs “şirlər” niyə komandalarını Bakıya göndərir?
Məsələ barədə bilgi almaq üçün “Şamaxı”nın mətbuat katibi Yusif Hüseynovla əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı belə oldu:
“Bəli, U-19 və əvəzedicilərimiz Bakıya köçəcək. Bilindiyi kimi, Şamaxıda 3 il əvvəl uşaq futbol akademiyası fəaliyyətə başladı. Bu illərdə maksimum yetişən qrup U-17 komandasıdı. Fiziki olaraq 17 yaşdan yuxarı peşəkar futbolçu yoxdu. O üzdən bu addımı atmağa məcbur olduq. Əlbəttə, istərdik ki, komandamız Şamaxıda yerləşsin və burda şamaxılı uşaqlar oynasın. Amma faktiki imkanımız yoxdu. Ona görə belə addım atmalı olduq”.
RÖYANƏ OĞUZ




