Belə ki, sonuncu transferi ötən ilin yayında reallaşdıran Masazır təmsilçisi ardından bir sıra aparıcı futbolçularıyla yollarını ayırsa da, həmin mövqelərə heç bir yeni ad cəlb etməyib. Xüsusən də klub rəhbərliyinin qış transfer dönəmində komandanın ən yaxşılarından sayılan Aleksey İsayevin “Qarabağ”a keçidindən sonra həmin mövqeyə heç bir oyunçu transfer etməməsi birmənalı qarşılanmadı. Doğrudu, rəhbərlik Murad Musayevin baş məşqçi postundan istefasından sonra təcrübəli çalışdırıcı Krunoslav Renduliçi həmin posta gətirərək, zamanında düzgün qərar verdi. Çünki komanda xorvatiyalı mütəxəssisin rəhbərliyi altında çıxdığı 11 görüşün 8-də meydandan qələbəylə ayrılıb, avrokuboklara vəsiqə qazandı. Artıq “Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Makkabi” ilə qarşılaşacağı dəqiqdi. Komandanı çətin sınaq gözləməsinə rəğmən, hələ də heyəti, mövqeləri gücləndirməklə bağlı heç bir iş görülməyib. Görəsən, “Sabah” bu transfer dönəmində də durğunluq yaşayacaq, yoxsa boşluqlar yaranan mövqelər üçün müəyyən addımları atacaq? Bu sualla klubun mətbuat katibi Elnur Həmidova müraciət etdik:
“Hazırda transfer çalışmalarımız davam edir. Komandanın məşqçilər korpusu və klubun seleksiya xidməti də bunun üzərində çalışır. Əlbəttə, mövsümün sonunda məşqçilər korpusu ehtiyac olan mövqelərlə bağlı raport təqdim edib və hazırda da axtarış bunun əsasında həyata keçirilir. Qarşıdakı günlərdə transferlərlə bağlı ətraflı məlumat veriləcək. Hazırda hələ ki heç bir futbolçu ilə rəsmi anlaşma əldə olunmayıb. Lakin dediyim kimi, bu istiqamətdə fəaliyyət davam edir”.
KAMAL SƏFƏR






