“Fənərbaxça”da ilk mövsümdə 46 rəsmi oyuna çıxaraq 25 qol, 10 məhsuldar ötürməlik diqqətçəkən performans sərgiləyən və komandasının ən məhsuldar oyunçusu olan Edin Cekodan xəbər var.
“Football-plus.az” xəbər verir ki, təcrübəli forvardın Səudiyyə Ərəbistanından çox sərfəli təklif aldığı iddia edilmişdi. Türkiyə mətbuatı klubun adını açıqlamasa da, bosniyalı futbolçuya illik 25 milyon avro təklif olunduğunu yazmışdı. Bu üzdən 38 yaşlı futbolçu yeni baş məşqçi Joze Mourinyo ilə görüşərək klubdakı gələcəyini müzakirə edib. Məlum olub ki, Ceko Mourinyonun planlarına daxildi. Ona görə də “Mançester Siti”, “Roma” və “İnter”in sabiq futbolçusu “Fənər”də qalmaq qərarına gəlib. Bu arada Cekonun srağagün sosial şəbəkədə verdiyi “hoqqalar” müzakirə mövzusuna çevrilib. Son günlərdə sosial şəbəkələrdə ona “go home” (evinə dön) yazan futbolsevərlərin sayı heç də az deyildi. Ceko kimi populyar və nüfuzlu bir futbolçu tənbəllik etməyərək ona “iks”də (tvitterdə) “go home” yazanları bir-bir “qara siyahıya salıb”! “Qara siyahı”ya salınan futbolsevərlər bunu sübut etmək üçün hətta ekran görüntüsünü də paylaşıblar. Bu hərəkətindən sonra əksinə, bəzi fanatlar və “Fənərbaxça”ya aid səhifələr Cekoya dəstək veriblər. Ceko burda da boş dayanmayaraq bəzi dəstək mesajlarını öz səhifəsində paylaşıb. Məsələn, o “Gənc Fənərbaxçalılar” azarkeş qrupunun “səni sevirik Edin Ceko” paylaşımını retvit edib.
“Fənərbaxça”dan söz düşmüşkən, qeyd edək ki, ilk toplanışdakı rəqiblər artıq bəllidi. Ötən sayımızda “Fənər”in Mourinyonun tələbi ilə iyunun 26-dan yox, 22-dən yeni mövsümə hazırlığa start verəcəyini xəbər vermişdik. İstanbul nəhəngi ilk toplanış üçün iyulun 2-də Avstriyanın Qrats şəhərinə yollanacaq. “Fənər” burda iyulun 6-da Avstriya təmsilçisi “Admira”, iyulun 10-da Xorvatiya təmsilçisi “Hayduk” və iyulun 13-də Fransa təmsilçisi “Strasbur” ilə qarşılaşacaq. Son matçın ardından komanda dərhal İstanbula qayıdacaq. “Sarı-lacivərdlilər”in AÇ-də oynayan futbolçularının bu toplanışda işitrakı gözlənilmir.