Sabah start götürəcək Avropa çempionatında bir çox gənc futbolçu diqqət mərkəzində olacaq.
"Football-plus.az" xəbər verir ki, onların başında Lamin Yamal gəlir. “Barselona”nın vunderkindinə heç “gənc” demək də düzgün deyil. 17 yaşına çatmadığından onu “yeniyetmə” adlandırmaq daha düzgün olar. Kataloniya nəhəngində debüt edərkən onun hətta 16 yaşı belə tamam olmamışdı. İspaniya yığmasının əsas ümidlərindən sayılan Yamal meydana çıxacağı təqdirdə AÇ tarixində forma geymiş ən gənc futbolçuya çevriləcək! Cəmi bir il öncə onu heç kim tanımırdı. İndi isə Yamal imza almaq və şəkil çəkdirmək istəyənlərin çoxluğundan küçədə rahat gəzişə bilmir. Amma açıqlamalarından və davranışlarından hiss olunur ki, onun hələ ulduz xəstəliyinə tutulmaq fikri yoxdu. Maraqlıdı ki, o, turnirin gedişində həm də dərslərini öyrənmək məcburiyyətində qalacaq. Çünki hələ orta təhsilini başa vurmayıb. İstedadlı futbolçu İpsaniyanın “As” nəşrinə verdiyi müsahibədə həm bu, həm də başqa məqamlardan danışıb.
- Karyerasının ilk nəhəng turnirinə hazırlaşan 16 yaşlı bir futbolçu hansı hissləri keçirir?
- Yadımdadı ki, 2021-ci ildəki AÇ-ni dostlarımla birlikdə ticarət mərkəzlərindən birində izləyirdim. İndi isə özüm bu turnirdə forma geyəcəm. Çox xoşbəxtəm. Çünki AÇ-də oynamaqla daha bir arzumu reallaşdırmış olacam. Bunu həyatımın ən unudulmaz anlarına çevirməyə çalışacam.
- Alkaras bir müddət öncə verdiyi açıqlamada bildirmişdi ki, Nadal, Federer və Cokoviçin onun yaşında olarkən əldə etdiyi uğurlarla öz uğurlarını müqayisə etməyi xoşlamır. Bəs sən Kriştiano Ronaldo, Messi və Mbappe bu yaşda olarkən nələr etdiyini araşdırmısan?
- Xeyr, belə şeylər barədə düşünməməyə çalışıram. Çünki dövrlər fərqli olub. İlk növbədə indi başverənlərə köklənməyə, bu günlə yaşamağa çalışıram. Yəni məni ancaq qarşıdan gələn oyunlar maraqlandırır.
- Amma səni istər-istəməz əfsanələrlə müqayisə edirlər. Bu qədər xoş sözlərdən sonra insan başını da itirər. Son bir ildə həm mətbuatda, həm də sosial şəbəkələrdə sənə maraq inanılmaz dərəcədə artıb. Bunun öhdəsindən gəlməkdə sənə kim yardım edir?
- Bilirəm ki, insanlar belə müqayisələr aparmağı xoşlayır. Amma mən öz işimi görməkdə və ən əsası özüm kimi olmaqda davam edirəm. Mənim öz yolum var. İstərdim ki, insanlar məni elə Lamin kimi tanısınlar. İlk növbədə valideynlərim və dostlarım həmişə mənim yanımdadı. Onların sayəsində sakit, soyuqqanlı qalmağa çalışıram. Özümə olan marağın artmasına baxmayaraq, əvvəlki həyatımı yaşamaqda davam edirəm.
- Rodri “Lamal yığmamızın oyununa yeniliklər qatıb” deyərək sənə tərif yağdırıb. Özünü bu komandada bir qədər fərqli futbolçu hesab edirsənmi?
- Razıyam ki, son illərdə yığma komandamızda mənim kimi, Niko Uilyams kimi sürətli, cəld vingerlər elə də çox olmayıb. Bizim bu cür oyun tərzmizin həm komanda yoldaşlarımız, həm də futbol ictimaiyyəti tərəfindən qəbul olunması sevindiricidi.
- Uilyamsla münasibətlərin çox yaxşıdı. Bu əlaqə sizdə hardan yaranıb?
- Bəli, xarakterimiz və zarafatlarımız uyğundu. Gənclər yığmasından tanışıq. İlk gündən çox yaxşı anlaşırıq. Balde haqda da eyni sözləri deyə bilərəm.
- Uilyamsın “Barsa”ya keçəcəyi haqda şayiələr gəzir. Bu mövzu barədə danışmısız?
- Xeyr, belə mövzulara toxunmuruq. Bir yerdə olduqda, sadəcə, vaxtımızı əyləncəli keçirməyə çalışırıq. Çünki biz yalnız yığmanın düşərgəsində görüşürük.
- Yaxşı, sualı başqa cür qoyaq: onun “Barsa”da oynamasını istərdinmi?
- Bəli. Birlikdə oyunumuz çox yaxşı alınır. Amma bu suala mən yox, o özü cavab verməlidi.
- Hansı sistemi daha çox bəyənirsən?
- Təbii ki, komandamın topa daha çox nəzarət etməsini istəyirəm. Top bizdə çox olanda mənə də rahat olur. Amma eyni zamanda rəqib müdafiəyə qapanmayanda və açıq oynamağa çalışanda da mənə asan olur. Dünyada heç bir vinger qapanmağa üstünlük verən komandaya qarşı oynamağı xoşlamır. Yığmada bir cinahda mən, digər cinahda Niko oynayanda rəqib komandanın müdafiəsi ikiqat əziyyət çəkir. Çünki hər an bizi diqqət mərkəzində saxlamağa məcbur olurlar. Niko meydanda olanda mənim üçün boş zonalar daha çox yaranır.
- Daimi driblinqlərlə rəqib müdafiəçiləri əsəbləşdirməyə çalışırsan. Səncə, bu, işə yarayır?
- Bəzən alınır, bəzən alınmır. Amma bu, mənim oyun tərzimdi. Uşaq yaşlarımdan belə oynayıram. Başqa cür oynaya bilmirəm.
- “Barsa”da və yığmada artıq səni izləmişik. Amma bu turnir sənin hər kəs tərəfindən dünya səviyyəli ulduz kimi qəbul olunmağına yardım edə bilər.
- Çempionlar Liqası, Avropa çempionatı kimi turnirləri bütün dünya izləyir. Məhz bu cür turnirlərdə futbolçuları bütün dünya tanıyır. Deməzdim ki, üzərimdə əlavə təzyiq hiss edirəm. Əksinə, özümü göstərmək fürsəti əldə etməyim məni motivasiyalandırır.
- Komanda ilə birlikdə hədəfin bəllidi. Bəs fərdi planda hədəfin nədi?
- Sadəcə, oyundan zövq almağa çalışacam. Çünki bir futbolçu yalnız oyundan zövq aldıqda tam potensialını, nəyə qadir olduğunu göstərə bilir. Ona görə də ilk nəhəng turnirimi böyük səbirsizliklə gözləyirəm. Yeri gəlmişkən, ev tapşırıqlarımı da götürmüşəm və onları mütləq etməliyəm. Çünki hələ də ESO-nun 4-cü kursundayam (ESO İspaniyada orta təhsilin 3-cü mərhələsi sayılır və ora 12-16 yaşlı uşaqlar daxil edilir – red.). Eyni zamanda onlayn dərslərim də olmalıdı. Ümid edirəm ki, müəllimim mənə çox da əsəbləşməyəcək.
- AÇ-də iştirak etdiyini nəzərə alsaq, Olimpiadada iştirakın, demək olar, mümkünsüzdü. Elə deyilmi?
- Bu mövzuya bir neçə dəfə toxunmuşam. Hər şey komandamızın bu turnirdə nə dərəcədə irəli gedəcəyindən asılı olacaq. Amma düşünürəm ki, AÇ bu mövsüm üçün atacağım son addımdı. Ona görə də bu turnirdən zövq alıb sona qədər irəliləmək istəyirəm.
- Bir qədər də Luis de la Fuente haqda danışaq. Yığmanın məşqçisi səndən nə tələb edir?
- Prinsip etibarilə “Barsa”da məndən nə tələb olunursa, yığmada da eyni şey tələb olunur. Amma De la Fuente ağılla oynamağımı istəyir və hər dəfə topu qəbul edəndən sonra rəqibin üstünə getməyimi istəmir.
- Qrupda ilk oyun bizə gözəl tanış olan Xorvatiyaya qarşıdı. Həmin matçın axarını necə təsəvvür edirsən?
- Çox çətin oyun olacaq. Çünki Xorvatiya bu cür nəhəng turnirlərdə sanki fərqli simaya bürünür və daha güclü oynamağa başlayır. Böyük təcrübəyə malikdilər və belə oyunlarda nə etmək lazım olduğunu bilirlər. Təbii ki, qalib gələcəyimizə ümid edirəm. Amma işimizin asan olmayacağını indidən əminliklə deyə bilərəm.
- İlk dəfə Balkan ölkəsinin komandasına qarşı oynayacaqsan. Onların oyunlarını izləmisən?
- Əlbəttə. Son mundialda həm Braziliya, həm də Argentinaya qarşı oyunlarını televizordan izləmişdim.
- Messinin Qvardiola qarşı keçidlərini xatırlayırsanmı?
- Bəli. Qvardiolun dünya səviyyəli müdafiəçi olduğunu düşünürəm. Ən azı ona görə ki, “Mançester Siti”də start heyətində oynayır. Mənim üçün “Siti” dünyanın ən güclü klublarından biridi. Ora elə-belə futbolçu gətirmirlər. Qvardiola qarşı duelimi səbirsizliklə gözləyirəm.
- Argentinanın 3-cü qolunda Messinin onu geridə qoyduğu kimi sən də geridə qoya biləcəksənmi?
- Gəlin, belə improvizasiyaları bir kənara qoyaq.
- Bir çoxları İspaniyanı favoritlər arasında görmür. İngiltərə, Fransa və Almaniyanın şansları daha yüksək qiymətləndirilir. Sən bu haqda nə düşünürsən?
- Bunu iddia edənlərin əlində bir “bayraq” var ki, guya İspaniyanın heyətində dünya səviyyəli ulduzların sayı o qədər də çox deyil. Amma belə turnirləri ulduzları çox olan yox, komanda şəklində hamıdan yaxşı oynayan qazanır. Necə ki, bunu son mundialda Argentina etdi. Burda hər şey konkret həmin gün, konkret həmin oyunda sərgilənən performansdan asılı olur.
- Səncə, İspaniya hansı oyun keyfiyyətini gücləndirməlidi?
- Müdafiədə “artırmalıyıq”. İspaniyanın hücum potensialı onsuz da həmişə güclü olub.
- Xavinin ayrılığını necə qarşıladın?
- Çox qəribə və gözlənilməz bir qərar oldu. Çünki əvvəlcə gedəcəyini açıqlamışdı. Amma sonra komandada qalacağını dedi. Mən də hər kəs kimi onun qalacağını düşünürdüm. Xəbəri eşidəndə çox üzüldüm. Çünki Xavi elit səviyyədəki ilk məşqçim olmuşdu. Amma belə şeylər futbolun ayrılmaz hissəsidi.
- “Barsa”da Hans-Diter Flikin gəlişi ilə yeni dönəm başlayacaq. Onun haqda nə bilirsən?
- Onu “Bavariya” və Almaniya yığmasındakı işi ilə tanıyıram. Bilirəm ki, komandaları hücumameyilli futbol sərgiləyir. “Barselona”da da belə olacağına ümid edirəm.
- Onunla söhbət etmisən?
- Xeyr, hələ ki, söhbət etməmişəm. Amma qayıdandan sonra ilk növbədə onunla görüşəcəm.
- Səni yaxşı mənada təəccübləndirən komanda yoldaşın kim oldu?
- Rodri.
- Alman dilində hansı sözü bilirsən?
- Danke.
- Futboldan başqa maraq göstərdiyin idman növü hansıdı?
- Basketbol.