"Ən qısa zamanda hər kəsin maaşı ödəniləcək" - "Şamaxı"dan etiraf və baş məşqçi açıqlaması

9.06.2024 21:00 415
Premyer-liqa / Manşet
"Şamaxı" növbəti mövsüm premyer-liqada iştirak etmək üçün hazırlığı davam etdirir.

İndiyə qədər 10 futbolçu və məşqçilər korpusu ilə yolları ayıran "şirlər" hələ iki oyunçuyla anlaşıbsa, baş məşqçi postu üçün Ayxan Abbasovla danışıq masasındadı.

Bu ərəfədə komandayla bağlı xoşagəlməz hal yaşandığı iddia edilir. Deyilənə görə, klub ciddi maliyyə sıxıntısıyla üzləşdiyindən futbolçular son iki ayın maaşını ala bilməyib. Ayxan bəylə müzakirələrin müsbət notlarla tamamlanmasına mane olan və çoxlu sayda ayrılığa səbəb də məhz budu.

Mövzuyla bağlı "Şamaxı"nın baş meneceri Kamran İsmayılovla danışdıq. Onun "Football-plus.az"a söylədikləri:


"İddialların yarısı gerçək, yarısı uydurmadı. Bəli, futbolçular aprel də daxil olmaqla maaş ala bilməyib. Lakin ayrılıqların yaşanmasının səbəbi bu deyil. Xidmətində maraqlı olduğumuz oyunçularla razılığa gəlmişik. Qalanlarına isə gələcək karyeralarında uğurlar arzulayıb yola salmışıq. Ayxan Abbasovla danışıqlar da davam edir. Çox xırda məsələlərin müzakirəsiylə məşğuluq ki, tezliklə konkret qərar veriləcək və ictimaiyyətə açıqlanacaq. Bildirmək istəyirəm ki, "Şamaxı" indiyə qədər heç kimə bir qəpik belə borclu qalmayıb. Ən qısa zamanda hər kəsin maaşı ödəniləcək".

KƏNAN BAHADIR