Kamran İsmayılov: “Başqa mütəxəssislə əlaqədə deyilik, lakin digər variantlar da var”

5.06.2024 14:33 399
Ölkə futbolu / Manşet
1-ci liqada çempion olmaqla premeyr-liqanın 2024/25 mövsümündə iştirak edə bilmək üçün vəsiqə qazanan “Şamaxı”dan yeni xəbərlər var.

Hazırlığı davam etdirən komanda son iki gündə həm heyət, həm də baş məşqçi mövzusu ilə bağlı dəyişikliklərə imza atıb. Belə ki, srağagün keçirilən klubdaxili iclasda müəyyən qərarlar qəbul edilib. Bilindiyi kimi, “şirlər”in elitaya yüksəlməsində müstəsna rolu olan mütəxəssis Ramiz Məmmədovun vəzifəsindən azad ediləcəyi gündəmdəydi. İddialar reallıqda əksini tapdı. Yəni Ramiz bəy artıq “Şamaxı”nın baş məşqçisi deyil. Klubun məsələylə bağlı yaydığı açıqlamada qeyd olunur: “İclasda əvvəlcə geridə qalan mövsümdə klubun 1-ci liqada çempion olmasında baş məşqçi kimi verdiyi töfhəyə görə Ramiz Məmmədova idarə heyətinin üzvləri tərəfindən minnətdarlıq bildirilib və komandanın yenidən premyer-liqaya qayıtmasında onun böyük əməyinin olduğu qeyd edilib. Müzakirələr nəticəsində məşqçi işindən ayrılan Ramiz Məmmədov fəaliyyətini idarə heyətinin sədr müavini kimi davam etdirəcək”.
Növbəti yenilik isə “Şamaxı”nın məşqçilər heyətiylə yollarını ayırmasıdı. Daha dəqiqi, köməkçi məşqçi Məqsəd Yaqubəliyev, məşqçi Mehman Baxışov və qapıçılar üzrə məşqçi Elnar Kərimovla imzalanmış müqavilələrin müddəti başa çatıb. Klub onlara göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Bölgə təmsilçisinin digər islahatı Əli Mürsəlovla müddət başa çatan müqavilənin yenilənməməsidi. Nəticədə daha əvvəl Əkpər Vəliyev, Süleyman Damadayev, Elçin Qasmov və Əbil Əbilovla yollarını ayıran “şirlər” 23 yaşlı hücumçuyla da vidalaşıb.

İndi başqa planların həyata keçirilməsi vacibdi. Klubla bağlı açıq qalan bir çox məsələ var. Təbii ki, birincisi yeni məşqçilər korpusunun formalaşdırılmasıdı. Hər halda, komandanın formalaşdırılması prosesi məhz yeni mütəxəssisin də yönəltməsi sayəsində baş tutacaq. “Şirlər”in bugünkü heyətinə nəzər salsaq, premyer-liqa səviyyəsində çox az sayda futbolçunun olduğunu görərik. Deməli, ən qısa zamanda baş məşqçi təyinatı reallaşmalıdı. Xüsusilə azarkeşləri narahat edən məqam isə yeni heyətdə legionerlərə yer verilib-verilməyəcəyidi. Əslində ilk ehtimalı şərtləndirən detallar çoxdu. Qalan premyer-liqa klublarının hər birində əcnəbi futbolçunun olmasından tutmuş yerlilərin rəqabətdə legionerlərdən geri qalmasına qədər çoxlu səbəb sadalamaq olar. Düzdü, belədə xeyli legioneri, keyfiyyətli yerli futbolçusu olan “Qəbələ”nin 1-ci liqaya yuvarlanması ağla gəlir. Lakin məhz bu hadisənin tendensiya halında olmadığını da nəzərə almalıyıq. Qısası, “Şamaxı” növbəti mövsümün sonunda yenidən 1-ci liqaya qayıtmaq istəmirsə, həm baş məşqçi, həm də heyət baxımından seçim zamanı yüz ölçüb bir biçməlidi. Hələ geridə qoyduğumuz mövsüm ərzində komandanın bir neçə oyunu istisna olmaqla bütün matçlarını boykot edən “Sektor 56” fanklubunun geri dönüb-dönməyəcəyi də bəlli deyil. Qısası, problem çox, vaxtı azdı.

Bəs “Şamaxı” çatışmazlıqları qısa vaxtda aradan qaldıra biləcəkmi? Yuxarıda qeyd olunan məsələlərin həlli yolunda hazırda hansı addımlar atılır? Bu suallarla klubun idman direktoru Kamran İsmayılova müraciət etdik. O, qəzetimizə açıqlamasında bəzi məsələlərə aydınlıq gətirdi:

“Bilindiyi kimi, bazar günü keçirilən klubdaxili iclasda Ramiz Məmmədovun əvvəlki vəzifəsinə qaytarılması haqda qərar qəbul edildi. Bəli, bu, ilk addım idi. İndi yeni baş məşqçi axtarışındayıq. Daha dəqiqi, Ayxan Abbasovla danışıqlara başlamışıq. Konkret razılıq əldə olunduğu halda ictimaiyyətə detallı açıqlama veriləcək. Düzü, hazırda başqa mütəxəssislə əlaqədə deyilik. Lakin digər variantlar da var. Təbii ki, işbirliyimiz alınmayacağı təqdirdə çətin durumda qalmamaq, yəni vaxt itirməmək naminə operativ addımlar atacağıq. Heyətin komplektləşdirilməsiylə bağlı işlər də bu üzdən yubanır. Çünki komanda yeni baş məşqçimizin və idarə heyətinin müzakirələri əsasında yığılacaq. Yeni kollektivdə legioner olub-olmamasına da məhz həmin şəxslə məsləhətləşmələrdən sonra qərar veriləcək. Sponsor mövzusuna gəlincə, bu haqda yenilik yoxdu. Əlbəttə, olmasını çox istəyirik və işlər görürük. Lakin hələ perspektiv görünmür”.

Kamran bəy azarkeş dəstəyiylə bağlı ümumi qıtlıq və məhz “Sektor 56”nın boykotu haqda fikirlərini də bölüşdü:

“Bəli, stadionlarımızdakı durum o qədər də ürəkaçan deyil. Lakin Şamaxı əhlinin komandamızı tək qoymayacağına inanıram. Biz oyun və nəticəmizlə azarkeşləri stadiona cəlb etməyə çalışacağıq. Həm ev, həm də səfər matçlarında onların dəstəyinin nə qədər vacib olduğunu dərk edirik. “Sektor 56” müstəqil fanklubdu. Belə qərar bizi mənəvi cəhətdən üzür. Lakin davranışlarını şərh edə bilmərəm. Hörmətlə yanaşıram, bu qədər. Onu deyim ki, tərəfdarlarımız arasında fərq qoymuruq. İstənilən azarkeşin dəstəyi bizim üçün çox vacibdi”.

Beləliklə, hazırda “Şamaxı”nın baş məşqçi postu üçün əsas namizədin Ayxan Abbasov olduğunu öyrəndik. Onun uğurlu mütəxəssislərdən biri olduğuna şübhə etmirik. Lakin legioner olmadan bacarıqlarını nə dərəcədə nümayiş etdirə biləcək? Çox güman ki, Ayxan bəyin tələblərindən biri məhz əcnəbi futbolçuların komandaya cəlb olunmasıyla bağlı olacaq. Təbii ki, bundan sonra maliyyənin istər sponsor, istərsə də rəhbərlik tərəfindən artırılması gözlənilir. Çünki elitadakı rəqiblərin növbəti mövsümdə daha iddialı çıxış edəcəyi istisna olunmur. Qısası, “Şamaxı” qarşıdakı bir neçə həftə ərzində bu məsələlərin həlli üçün çalışacaq. Təbii ki, Ayxan Abbasov “hə” desə...

KƏNAN BAHADIR