Avrokuboklar uğrunda gedən gərgin mübarizədən qalib ayrılan komandalardan biri də “Sumqayıt”dı.
“Gənclik şəhəri”nin təmsilçisi 4-cü yerin sahibi kimi Konfrans Liqasına vəsiqə qazandı. “Kimyaçılar”ın bu uğurunda əsas pay sahibi olanlardan biri də Rövlan Muradovdu. 26 yaşlı yarımmüdafiəçi çempionatın 35-ci turunda “Sabah”la keçiriləcək matçın əhəmiyyətini nəzərə alaraq toyunu təxirə salmışdı. Lakin elə həmin matçın 9-cu dəqiqəsində zədələnərək meydanı tərk etdi. Həm başa çatan mövsüm, həm də gələcək hədəfləri barədə Rövlanla söhbətləşdik.
- Toyunu təxirə salıb “Sabah”la matça çıxdın və oyunda da zədələndin. Həmin an nə düşünürdün? Bunu qismət, yoxsa bəxtsizlik ilə əlaqələndirirsən?
- Qismət deyərdim. Necə deyərlər, hər işdə bir xeyir var. Qismət də beləymiş ki, 18-də zədə alım...
- Çempionat başa çatdı. Mövsümü necə dəyərləndirirsən?
- Şükürlər olsun ki, istədiyimiz hədəfə nail olduq. Hədəfimiz avrokuboklara vəsiqə qazanmaq idi. Biz də Konfrans Liqasına vəsiqə qazanmaqla bunu təmin etdik və azarkeşlərimizi sevindirməyi bacardıq.
- Komanda mövsümə qələbələrlə başlasa da, ardıcıl bərabərliklər, durğunluq dövrü da oldu.
- Hər komandanın mütləq bir məqsədi olur. Biz də bu məqsədə çatmaq üçün bir sıra çətinliklərlə üzləşdik. Amma bir olduq, dözdük, sona qədər mübarizə apardıq və nəticə etibariylə də nail olduq.
- Bəs öz oyununu necə qiymətləndirirsən? Çıxışından razı qaldınmı?
- Müəyyən dönəmlərdə performansımda enişlər oldu. Tam razı qalmasam da, ümumilikdə komandama fayda verdiyimi düşünürəm.
- “Qarabağ”ı çıxsaq, son mövsümdə əsasən iki rəqib – “Kəpəz” və “Sabah” ilə oyunlarda çətinlik çəkdiz.
- Düşünürəm ki, qarşılaşdığımız hər komanda çətin rəqibimiz idi. Həmin an da bəzən motivasiyadan və oyuna yanaşmadan çox şey asılıdı. Hesab edirəm ki, bu kimi nüanslar təsirini göstərib.
- İndi qarşıdakı hədəfiniz daha çətindi. “Sumqayıt”la Konfrans Liqasında ilk dəfə iştirak etmək səni həyəcanlandırmır?
- Xeyr, qətiyyən həyəcanlanmıram. Futbolçu kimi artıq bu hissləri yaşamışam. Düşünürəm ki, məşqlərdə daha yaxşı hazırlaşa, daha da yaxşı nəticələr qazana bilərik.
- “Transfer pəncərəsi” açılıb, artıq hərəkətlilik var. Gələcək karyeranla bağlı nə düşünürsən?
- Komandamla müqaviləmin müddəti davam edir. Müəyyən təkliflər də var - həm Azərbaycandan, həm də ölkə xaricindən. Lakin hələlik dincəlirəm. Gələcəkdə nəyin necə olacağını zaman göstərər. Hazırda bütün fikrim komandamladı.
- Samir Abasovu necə xarakterizə edərdin? Futbolçularına münasibətdə çox tələbkardı?
- Bəli, həddən artıq tələbkardı. Bu xarakterini çox bəyənirəm. Çünki ciddi tələbkarlıq məni daha çox motivasiya edir. Samir müəllim hər bir incə məqama fikir verir, səhvlərimizi də ən xırda detallarına kimi futbolçulara başa salır. Meydançadan kənarda isə dost, qardaş kimi münasibət göstərir.
KAMAL SƏFƏR
Rövlan Muradova həm ölkədən, həm də xaricdən təkliflər var - “Futbolçu kimi artıq bu hissləri yaşamışam”
Premyer-liqa / Manşet





