“RB Sport” nəşrinin bir neçə gün əvvəlki iddiası “Qarabağ”la bağlı ənənəvi mövzunu yenidən gündəmə gətirdi. Söhbət hazırda “Krasnodar”ın şərəfini qoruyan Kadi Borgesin yenidən “köhlən atlar”ın formasını geymək istəyindən gedir.
Xatırlayırsızsa, kubokun finalından sonra keçirilən mətbuat konfransında ağdamlıların baş məşqçisi Qurban Qurbanov Kadi ilə bağlı sualı belə cavabladı:
“Onun “Qarabağ”da olmasını istəyərəm. Məncə, o da qayıtmaq istəyər. Azərkeşlərimiz də Kadinin dönməsini çox arzulayır. Amma bəzən bizdən asılı olmayan səbəblər ortaya çıxır. Ola bilər ki, nə zamansa bizim komandaya qayıtsın”.
Mövzu ilə bağlı “Qarabağ”ın direktoru Əmrah Çəlikəlin də mövqeyini öyrəndik. Onun “Football-plus.az”a söylədikləri:
“Transfer məsələləriylə bağlı yekun qərar verilməyib. Bu üzdən suala konkret cavab verməyim mümkün deyil. Anlaşmaq istədiyimiz və ya istəmədiyimiz futbolçularla bağlı qərar baş məşqçimiz Qurban Qurbanovla görüşəndən sonra veriləcək. Ümumiyyətlə, belə mövzularla bağlı hansısa dəqiqlik olmadıqca məlumat açıqlamaq məqsədəuyğun deyil”.
KƏNAN BAHADIR