Bu gün qadınlardan ibarət futbol yığmamız Millətlər Liqasının B1 qrupunda Türkiyə yığması ilə üz-üzə gələcək.
Ərzincanda keçirəcək matç Bakı vaxtı ilə saat 21.00-da başlayacaq. Oyundan öncə fikirlərini öyrənmək üçün millinin baş məşqçisi Siyasət Əsgərovla əlaqə saxladıq.
Onun "Football-plus.az"a söylədikləri:
"Bizi qarşıda iki çətin oyun gözləyir. Nəyə görə çətindi? Çünki Türkiyə ilə oyunlar sonraki dönəmdə qrupda hansı sırada ola biləcəyimizi həll etməlidi. Çox çətin matçlardı, ona görə də maksimum diqqətli olmalıyıq. Bütün fikrimizlə bugünkü oyuna köklənmişik. Şükürlər olsun ki, heyətlə bağlı heç bir problemimiz yoxdu. İnşallah, sona qədər də olmaz. Bir balaca o sıxıntı ola bilər ki, millimizin üzvlərinin bir çoxu Türkiyədə çıxış edir. Orda da çempionat mayın 5-də bitib. Biz də ayın 20-dən etibarən Bakıda birhəftəlik toplanışa başladıq. Ara məsafəsi bizi bir qədər narahat edir. Ümid edirəm ki, oyunda bununla bağlı problem yaşamarıq. Bu gün səfərdə oynayırıq. Həmişə səfər matçları bir qədər ağır olur. Amma sevindirici haldı ki, Türkiyə milli komandasını yaxından tanıyıram. Çünki orda bir ildən çox iş təcrübəm olub. Bu təcrübəyə görə qızların çoxunu tanıyıram, komandanın oyun üslubunu bilirəm. Düşünürəm ki, rəqib də bizim oyun üslubumuzu hardasa bilir. Bizi, oyunlarımızı təhlil ediblər. Onlar da fərqli şeylər planlaya bilər. Lakin biz də fərqli planla meydana çıxacağıq. Məqsədimiz ordan xalla qayıtmaqdı. Daha sonra iyunun 4-də Türkiyə millisi ilə çox önəmli ev oyunumuz var. Ümid edirəm ki, azarkeşlərimiz tribunada olacaq və bizə dəstək verəcəklər. Komanda onları yanında hiss etmək istəyir".
GÜNAY SÜLEYMANOVA