“Bayer-04” Almaniya daxilində mövsümü tarix yazaraq tamamladı

29.05.2024 21:50 184
Dünya futbolu
Şənbə günü Almaniya kubokunun qalibi müəyyənləşdi.

“Football-plus.az” xəbər verir ki, final görüşü adəti üzrə Berlindəki “Olimpiyaştadion”da keçirildi. Ötən həftəiçi Avropa Liqasının finalında “Atalanta” önündə şok məğlubiyyətlə üzləşən “Bayer-04” bu dəfə “Kayzerslautern”i sınağa çəkdi. Kubokun ikiqat qalibi olan “Kayzerslautern” 2-ci bundesliqada mövsümü 13-cü pillədə tamamlamışdı. Yəni bu komanda üçün kubokun finalına yüksəlmək artıq böyük uğur sayılırdı.
Xabi Alonso “Atalanta” ilə oyunla müqayisədə heyətdə birdən-birə 5 dəyişiklik etdi. Ən əsası Qradetski yenə qapıya qayıtdı. Adətən, kubok və avrokubok oyunlarında qapıda Kovarj dayanırdı. Oyuna çox inamlı başlayan Leverkuzen təmsilçisi ilk 15 dəqiqədə bir neçə fürsət yaxaladı. Virtsin edə bilmədiyini Caka etdi. Təcrübəli futbolçu özünəməxsus tərzdə uzaq məsafədən bir toxunuşla topu qapıçının çata bilmədiyi yerə göndərdi. Maraqlıdı ki, Caka bu turnirin tarixində finalda qol vuran ilk isveçrəli futbolçu oldu! “Bayer-04” oyunun axarına çox inamlı şəkildə nəzarət edirdi və düşünmək olardı ki, fasilədən sonra fərqi artıracaq. Amma fasilə ərəfəsində oyunun axarına təsir edən olay yaşandı. Kossunu ikinci sarı vərəqəni alaraq komandasını azlıqda qoydu. İlk yarıda sarı vərəqələr yalnız bu futbolçuya göstərildi. “Kayzerslautern” dərhal rəqib qapısı önündə təhlükələr yaratmağa başladı. İlk təhlükə zamanı top qapıdan azca aralı keçdisə, 2-ci hissənin əvvəllərində Qradetski komandasını xilas etdi. Daha bir finalı uduzmaq istəməyən “aspirinlər” bütün ikinci hissəni azlıqda keçirsələr də, çox yaxşı müdafiə olundular. Əvəzetmələrdən sonra hətta “Bayer-04” rəqibdən üstün oynamağa başladı. Amma Cakanın qolu sona qədər də oyunda yeganə oldu. Yanvarda baş məşçqçi postuna gələn və qarşıya qoyulan hədəfə çataraq “Kayzerslautern”i 2-ci bundesliqada saxlayan təcrübəli Fridhelm Funkel komandanın başında son oyununa çıxdı. Tərəflər qarşılıqlı şəkildə müqaviləni yeniləməmək qərarına gəlib. Beləliklə, “Bayer-04” mövsümü daxili turnirlərdə uduzmadan, üstəlik iki titul qazanaraq tamamladı. Komanda bundesliqada 34, kubokda isə 6 görüşdə məğlub olmadı. Leverkuzenlilər buna qədər 118 illik tarixləri ərzində nə qədər titul qazanmışdılarsa (1987/88 UEFA kuboku, 1992/93 ölkə kuboku), bu mövsüm də eyni sayda titul qazandılar! “Bayer-04” bundesliqa yarandığı 1963-cü ildən bəri Almaniya futbolunda mövsümü “qızıl dubl” ilə başa vuran 5-ci klub oldu. Daha öncə bunu “Bavariya” (13 dəfə), “Köln”, “Verder” və Dortmund “Borussiya”sı bacarmışdı. 2011-ci ildən bəri ilk dəfə “Bavariya” ölkə superkuboku uğrunda oyunda iştirak etməyəcək. Həmin qarşılaşmada “Bayer-04” qaydalara uyğun olaraq bundesliqada mövsümü 2-ci pillədə tamamlayan “Ştutqart”la qarşılaşacaq. Onu da bildirək ki, “Bayer-04”ün kuboku qazanması ilə bundesliqanı 7-ci pillədə tamamlayan “Hoffenhaym” Avropa Liqasında, 8-ci pillədə tamamlayan “Haydenhaym” isə Konfrans Liqasında oynamaq haqqı qazandı.

final
Kayzerslautern (D-2) – Bayer-04 0:1
Caka, 16.
Bayer-04: Qradetski, Frimponq (Tella, 90+3), Kossunu, Ta, Tapsoba, Qrimaldo (İnkapye, 85), Caka, Andrix, Hofmann (Stanişiç, 46), Virts (Hlojek, 90+3), Şik (Adli, 46).

Oyundan sonra
Fridhelm Funkel, “Kayzerslautern”in baş məşqçisi:
“Təbii ki, rəqib uzun müddət azlıqda oynadığından hesabı bərabərləşdirə bilmədiyimizə görə çox üzgünük. Amma komandamla fəxr edirəm. Biz əlimizdən gələni etdik və final fitinə qədər döyüşdük. Bəzi epizodlarda bəxtimiz gətirmədi. Amma “Bayer-04”ün də ikinci hissədə əks-hücumlarda 2-3 gözəl fürsəti oldu. Bu, mənim “Kayzerslautern”də son oyunum idi. Məqşçi karyeramı davam etdirib-etdirməyəcəyimi bilmirəm. Özümdə işləmək və irəli getmək həvəsinin olduğunu hiss edirəm. Amma son aylar məni psixoloji cəhətdən çox yordu. Yekun qərarımı tətildə verəcəm”.


Xabi Alonso, “Bayer-04”ün baş məşqçisi:
“Asan qələbə olmadı. Son dəqiqələrdə hesabı qoruya bilmək üçün xarakter nümayiş etdirməli olduq. Mövsümboyu çəkdiyimiz əziyyətin bəhrəsini gördük. Fanatlarımıza bu gözəl hissləri yaşatmaq üçün üzərimizdə durmadan çalışırdıq. Bu mövsüm nail olduğumuz nəticələri dərk etmək üçün bizə bir qədər zaman lazımdı. Bu, sanki arzuların mövsümü oldu. Bu anlardan zövq almalı və qələbəni doyunca qeyd etməliyik. Azlıqda qalandan sonra əsl komanda oyunu sərgilədik. Özümüzü hadisələrin belə axarına hazırlamışdıq. Mövsümü iki titulla başa vurmaq bizim üçün həqiqətən də çox böyük uğurdu. Cari mövsümü bu kluba könül verən hər kəs daim xatırlayacaq. Gələcək planlar və yeni mövsüm haqda düşünməyin vaxtı deyil. İndi hamımızın bir qədər istirahətə ehtiyacı var. Hələlik isə doyunca qeyd edib alman pivəsindən içəcəyik”.