"Sabah", yoxsa "Neftçi? - mütəxəssislər və "Soldati di Sabah" danışdı!

25.05.2024 15:31 193
Premyer-liqa / Manşet
Bu gün Misli premyer-liqasında 36-cı turu çərçivəsində “Neftçi” – “Sabah” oyunu keçiriləcək.

Bu, nəinki turun, hətta mövsümün ən taleyüklü qarşılaşması olacaq. Ona görə ki, komandalardan birinin qələbəsi digərini beşinci pilləyə sala, yəni avrokuboklara yollanmasına mane ola bilər.
Hər iki komanda matça çox ciddi hazırlaşır. “Neftçi” mövsümü ilk “dördlük”də qapaya bilməməyin faciə olacağını yaxşı dərk edir. Baş məşqçi Miodraq Bojoviç də bilir ki, “ağ-qaralar”ı çalışdırmağa davam etmək istəyirsə, rəhbərliyin qarşıya qoyduğu vəzifəni yerinə yetirməli – ikinci pillənin sahibi olmalıdı. Kubokdan əlini üzən azarkeşlərin könlünü bu yolla almaq lazımdı. Mövsümə uğursuz başlayıb sonradan toparlanan “Sabah”ın hədəfi də ikincilikdi. Krunoslav Renduliç və komandası da məhz buna cəhd edəcək.

Heyətlərə gəlincə, Emin Mahmudovun zədəsini sağaldaraq məşqlərə qoşulduğunu bilirik. Emil Balayev və Rza Cəfərovun müalicəsi hələ davam edir. “Ağ-qaralar” üçün sevindirici məqam cəzalının olmamasıdı. “Sabah”ın düşərgəsində də xoş ab-hava var. İndi Renduliç İshak Belfodilin zədəli, Davit Volkovun cəzalı olmasının öhdəsindən necə gələcəyini tapmalıdı.
Cari mövsümün statistikasına nəzər salsaq, “Sabah”ın üstün olduğunu görərik. Komandalar indiyə qədər 3 matçda üz-üzə gəlib ki, bunların 2-də “sülh”, 1-də “Sabah”ın qələbəsi qeydə alınıb.
Tribunalarda durumun necə olacağı da maraqlıdı. Çünki oyunun vacibliyi azarkeş dəstəyinin yüksək səviyyədə olmasını zəruri edir. Komandalardan gözləntilərini və dəstək planlarını öyrənmək məqsədilə həm “Forza Neftçi”nin, həm də “Soldati di Sabah”ın rəhbərləriylə əlaqə saxladıq. Meydan sahiblərinin azarkeş qrupu bu barədə danışmaqdan imtina etsə də, qonaqların tərəfdarı Ağaxan Abdullayev bunları dedi:
“İndiyə qədər komandamızı heç yerdə tək qoymamışıq. Qarşıdakı oyun üçün yeganə plan 90 dəqiqə ərzində dəstək göstərməkdi. Bizim üçün rəqibin kimliyinin fərqi yoxdu. Tək düşüncəmiz futbolçuları ruhlandırmaq, qələbəyə səsləməkdi. İnanırıq ki, səfərdən qalib qayıdacağıq. Komandamıza uğurlar arzulayıram”.

Matçın ciddi rəqabət şəraitində keçəcəyini təxmin etmək çətin deyil. Bəs, hansı komanda daha şanslıdı? Bu suallarla mütəxəssislərə müraciət etdik.

Arif Əsədov:
“Əlbəttə, “Neftçi” – “Sabah” matçı turun ən maraqlı və həlledici oyunu olacaq. Çünki bu komandaların qarşılaşması məğlub tərəfi avrokubok zonasından uzaqlaşdıra bilər. Bu üzdən düşünürəm ki, çox gərgin oyun olacaq. Düzdü, “Neftçi”yə heç-heçə də sərf edir. Lakin “ağ-qaralar”ın məhz qələbə qazanmaq üçün meydana çıxacağı bəllidi. Favoritin kim olduğunu demək çətindi. Elə matç olacaq ki, burda hansısa proqnozdan danışmaq imkansız görünür. Hər iki komanda yetərincə şanslı görünür”.

Yunis Hüseynov:
“Şübhə yoxdu ki, turun ən gərgin oyunu “Neftçi Arena”da keçiriləcək. Məncə, uduzan komandanın avrokuboklara yollanmaq şansı qalmayacaq. Çünki “Zirə” – “Səbail”, “Sumqayıt” – “Qələbə” matçları meydan sahiblərinin qələbəsiylə başa çatacaq. Həm rəqiblərinin nisbətən zəif olması, həm də oyunlarının “doğma divarlar” arasında keçirilmədi onların işi asanlaşdıracaq. Ümumiyyətlə, bu dörd komandanın şansları eynidi. Çempionatda elə günlər yaşayırıq ki, güclü-zəif seçimi etmək olmur. Futbolçuların fiziki hazırlığında hansısa çatışmazlıq olduğunu zənn etmirəm. Məhz “Neftçi” – “Sabah” qarşılaşmasının taleyinə daha çox psixoloji durum aydınlıq gətirəcək. Bu barədə Masazır təmsilçisi daha çox əziyyət çəkə bilər”.


KƏNAN BAHADIR