Tomas Tuxelin “Bavariya”nı tərk edəcəyi rəsmiləşib. O, rəhbərliklə yeni müqavilə mövzusunda razılığa gələ bilməyib.
Almaniya klubu dərhal Rocer Şmidt ilə təmas qurub. Lakin alman mütəxəssis “Benfika”nı tərk etmək istəməyib. Beləliklə, 57 yaşlı Şmidt münhenlilərin təklifini geri çevirən 6-cı mütəxəssis olub. Ondan əvvəl Yulian Naqelsmann (Almaniya yığması), Ralf Ranqnik (Avstriya yığması), Xabi Alonso (Bayer-04), Oliver Qlasner (Kristal Pelas) və Tuxel Almaniyanın ən titullu komandasını çalışdırmaq istəyib.
Əslində Tuxel postunda qalmağa hazır olub. Amma tərəflər müqaviləni yeniləmək üçün aparılan danışıqlarda anlaşa bilməyiblər. Nəticədə “Bavariya”nın Tuxelə təzminat ödəyəcəyi qaçılmaz olub. Yerli jurnalist Florian Plettenberqin sosial şəbəkə hesabları vasitəsilə yaydığı xəbərə görə, təzminatın məbləği 10 milyon avrodan çox olacaq. Məlumatda Tuxelin məşqçilər heyətinin maaşının 2025-ci ilin yayına qədər ödəniləcəyi də qeyd olunur.
Xatırladaq ki, bir neçə gün əvvəl “Bavariya”nın Tuxeli komandada saxlamaq istədiyi məlum olmuşdu. Alman mütəxəssis rəhbərlik qarşısına klubun transfer siyasətinə real şəkildə təsir göstərmək kimi bir sıra şərtlər qoyub. O, hansı futbolçuların satılmalı və kimlərin alınmalı olduğunu müstəqil müəyyənləşdirmək istəyib. Lakin rəhbərlik bu şərti qəbul etməyib.
50 yaşlı Tuxel ölkə nəhəngindən 2023-cü ilin martında istefaya göndərilən Naqelsmannın yerinə təyinat almışdı. “Bavariya” bundesliqada yenicə başa çatan mövsümü 2-ci yerdə başa vurub, bununla da münhenlilərin 11 illik çempionluq seriyası qırılıb.