Tural Qurbatov: “Gələn mövsüm çempionluğa oynayacağıq”

23.05.2024 21:30 188
II liqa / Manşet
Mayın 21-də 2-ci liqada mövsümə yekun vuruldu.

Son oyun günündə mükafatlar təqdim olundu. Çempionluğu ötən tur təmin etmiş "Baku Sportinq" mövsümdəki son oyununda "Şəfa"nın qapısından 4 cavabsız top keçirdi.

Mükafatlandırma mərasiminə yüksək ab-havada hazırlaşan Buzovna təmsilçisi əvvəldən müəyyən hazırlıqlar da görmüşdü. Mövsümboyu komandanı yalqız buraxmayan azarkeşlərlə yanaşı, “Baku Sportinq”in aşağı yaş qruplarında çıxış edən uşaqlar da oyuna gəlmişdi. Oyundan əvvəl Binə qəsəbəsinin müxtəlif yerlərində matçın afişaları yerləşdirilmişdi.

Oyundan sonra mükafatlandırma mərasimi keçirildi. Əvvəlcə 2-ci liqanın bombardirinə xüsusi hədiyyə təqdim olundu. “Şahdağ Qusar”ın hücumçusu Tural Qurbatov 32 qolla hamını qabaqlayıb. Ona mükafatı və 3-cü yer üçün nəzərdə tutulan medalı PFL-in prezidenti vəzifəsini icra edən Elgiz Abbasov və qurumun idman işləri üzrə müşaviri Məlik Həsənov təqdim etdi. Ardından “Şahdağ Qusar” komandasına bürünc, 2-ci yeri turan “Cəbrayıl”a gümüş medal verildi. “Bakı Sportinq” isə qızıl medallara və çempionluq kubokuna qovuşdu.

Mövsümün bombardiri Tural Qurbatov təəssüratını “Futbol+” ilə bölüşdü:
“AFFA-ya və PFL-ə təşəkkürümü bildirirəm. Sağ olsunlar ki, belə bir çempionat yaratdılar, futbola maraq qatdılar. Rayon komandaları, kənarda qalan futbolçular geri döndü. Azarkeşlər üçün yeni həyəcan yarandı. Belə işlərin davamı gəlsə, yaxşı olar. 2-ci liqada çempionat çox gözəl keçdi. Öz komandamdan da yetərincə dəstək gördüm. Rəhbərlik ilk gündən sona qədər arxamızda durdu. Qazandığımız nəticə birinci ilə görə pis deyil. Amma komanda olaraq, özümüzə çox güvənirdik. Daha yuxari hədəflər qoymuşduq. Heç olmasa, 2-ci yeri tuta bilərdik. Mövsümü 3-cü pillədə bitiririk. İrəli baxmalıyıq. Növbəti il üçün planlarımızı gerçəkləşdirmək istəyirik. Gələn mövsüm çempionluğa oynayacağıq. Daha sonra isə premyer-liqani hədəfləmişik. "Şahdağ Qusar" komandası, rəhbərliyi və azarkeşləri bunu haqq edir. Əsas liqada çıxış edə biləcək komandayıq. Bunun üçün çox çalışmaq lazımdı. Məqsədimiz bu yöndədi. Ötən mövsüm də uğursuz olmadı. Qarşıya qoyulan hədəflərə çatmaqda israrlıyıq”.


RÖYANƏ OĞUZ