Bəli, tarixdə nəticə qalır, oyun yox. “Qırmızı-qaralar” son iki turda qələbə qazansa da, nə xeyri?! Bircə ümid AFFA-ya idi ki, qurum da acımadan qərar verdi. Buna baxmayaraq, İcraiyyə Komitəsinin iclasında “Qəbələ” akademiyasının fəaliyyətini davam etdirməsi üçün əlavə vəsait ayrılacağı deyildi. Xülasə qəbələlilərə “1-ci liqaya hazırlaşın” tapşırığı verildi.
Digər tərəfdən, baş məşqçi Kaxaber Sxadadzenin klubdakı taleyi sual altındadı. Gürcü mütəxəssis bir müddət əvvəl növbəti mövsüm 1-ci liqada olarsa belə, “Qəbələ”dən getmək istəmədiyini demişdi. Bəs “Qəbələ” AFFA İcraiyyə Komitəsinin qərarından sonra hansı planlar qurur?
Klub daxilində başverənləri öyrənmək üçün “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq. O, futbolçularla bağlı dəqiq qərar verilmədiyini desə də, baş məşqçi ilə ilkin danışıq olduğunu gizlətmədi:
“AFFA bizdən akademiyanın ötənilki xərclərini istədi. Onları təqdim etdik. Təkliflər barədə hələ yenilik yoxdu. Nə vaxt gələcəyini gözləyirik. Hazırda rəhbərlik xaricdə, FİFA Konqresində olduğundan gözləmək məcburiyyətindəyik. Kaxaber Sxadadze ilə bağlı hələ rəsmi qərar verilməyib. Amma ilkin danışıqlarımız olub. Bizimlə qalıb işləmək istəyir, sadəcə, bəzi xırda detallar qalıb. Onları dəqiqləşdirəndən sonra ortaq qərar veriləcək. Futbolçular barədə də nəsə demək üçün çox tezdi. Elə-belə danışmışıq, amma nə biz, nə də onlar tələsir. Hələ vaxt var. Son iki turu başa vurub, bu məsələ üzərində dayanacağıq. Fikrimizi başqa şeylərə yönəltmək istəmirik. Dəyişən bir şey yoxdu”.
RÖYANƏ OĞUZ






