MLS-də yeni mövsümün həyəcanı getdikcə artır.
“Football-plus.az” cəbər verir ki, bu liqanın iştirakçısı olan “Filadelfiya” öz akademiyasının üzvü ilə rəsmi müqavilə bağlayıb. İnanılmazdı, amma əsas komandaya cəlb olunan Kavan Sallivanın 14 yaşı var!
O, artıq MLS-in tarixinə düşüb
MLS-in rəsmi məlumatında onun liqa tarixinə klubunun ən bahalı müqavilə bağladığı yetirməsi kimi düşdüyü qeyd edilib. Kavan həm də “Filadelfiya”nın əsas komandasına dəvət olunan ən yeniyetmə futbolçudu! Maraq üçün onun MLS-in tarixində 5-ci ən yeniyetmə oyunçu olduğunu da bildirək.
Sallivan belə şansı təsadüfən qazanmayıb. O, 2023-cü ildə ABŞ-nin 15 yaşadək futbolçulardan ibarət komandası ilə “CONCACAF Boys” turnirinin qalibi olub. Yığmanın ən yeniyetmə üzvü olsa da, məhz o, yarışın ən yaxşı futbolçusu üçün ayrılan mükafata layiq bilinib. Bu oğlan ayyarım əvvəl “Filadelfiya”nın ikinci komandasında debüt edib. “MLS Next Pro” liqasında (əvəzedicilər arasında keçirilən çempionat) meydana çıxdığı ilk oyundaca məhsuldar ötürmə verib.
Klubun idman direktoru Ernst Tanner onunla bağlı belə deyir:
“Kavan nadir və qeyri-adi istedaddı. 14 yaşında nümayiş etdirdiyi ustalığı və meydanı görmək bacarığı yeniyetməlik dövrü çərçivəsindən çox kənara çıxır. Onun yüksək səviyyədə olan futbol IQ göstəricisi oyunu “oxumaq”, topu meydanda hərəkət etdirmək və qol vurmaq bacarığı ilə birlikdə yaxın gələcəkdə nə dərəcədə inkişafa nail olacağına işarədi”.
Futbolçu ailəsiYeniyetmənin yaşıl meydanda sürətli inkişafı tezliklə Avropada peyda olmasına şərait yarada bilər. Yerli və xarici mənbələr Kavanın artıq 16 yaşında bu qitədə oynamaq perspektivini yüksək dəyərləndirir. Məlumunuz olsun ki, sentyabrın 8-də 15 yaşını tamamlayacaq Sallivan Almaniya pasportuna da malikdi. Bu isə ona 2025-ci ildə Avropa İttifaqı ərazisində oynamaq imkanı yaradacaq. Doğrudu, birdən-birə “Mançester Siti”də yox, “City Football Group”a daxil olan başqa klublarda, məsələn, “Jirona” və ya “Palermo”da çıxış edə bilər.
Kavanın ana tərəfdən olan alman babası Klaus Krippendorf kommunikasiyalar sahəsi üzrə alim və kibernetika professorudu. Ana tərəfdən olan nənəsi banqladeşlidi. Öz ailəsi isə futbolla çox bağlıdı: atası vaxtilə ölkə çempionatının 2-ci divizionunda, anası tələbə liqasında çıxış edib. Üç böyük qardaşı da futbol oynayır: 16 yaşlı əkizlər akademiyada çıxış edirlər, 20 yaşlı Kuinn isə artıq iki ildi “Filadelfiya”nın əsas komandasının üzvüdü. Yeri gəlmişkən, yarımmüdafiəçi cari mövsümdə MLS-də 11 oyunda meydana çıxıb və 1 qol vurub. İndi Kavan qardaşı ilə birgə oynamaq arzusundadı. Hər halda, qarşıda belə şansı olacaq.
Amma onlar Kavanın bütün futbolçu qohumları deyil. Onun əmisi oğlu Kris Olbrayt MLS-in üçqat çempionudu (1999, 2002, 2005), vaxtilə ABŞ yığmasında çıxış edib. İndi isə “Sinsinnati”nin idman direktoru vəzifəsini icra edir. Kavanın daha bir babası 1991-2007-ci illərdə Villanova Universitetinin komandasında məşqçi işləyib. Əmisi Brayan Sallivan isə tələbə komandasının qapıçısı və məşqçisi olub.
Göründüyü kimi, vunderkind futbolla bağlı nəslin nümayəndəsidi. Amma çoxları onun nəslin ən məşhur futbolçusu olacağına ümid edir.