Belə ki, UEFA Regionlar Kubokunun 7-ci qrupunda mübarizə aparan “Zəngəzur” noyabrın 25-də 2-ci liqanın 12-ci turunda “Dinamo” ilə keçirməli olduğu oyunun təxirə salınmasını xahiş etmiş, PFL də razılıq vermişdi. “Zəngəzur” rəhbərliyi səbəb kimi UEFA-nın təşkil etdiyi turnirdə iştirakı göstərmişdi.
Noyabrın 21-də Azərbaycan təmsilçisi turnirdə ilk oyuna çıxıb. Türkiyənin Manavqat şəhərində yerləşən Arslan Zəki Dəmirçi İdman Kompleksində baş tutan görüşdə “Zəngəzur” Polşanı təmsil edən “Dolnoslaşki” ilə üz-üzə gəlib və biabırçı hesabla uduzub – 0:12.
Lakin diqqətimizi çəkən məqam nə hesab, nə də komandanın meydandakı zəif çıxışıdı. UEFA-nın saytında yer alan protokol ortaya xeyli ciddi suallar çıxarıb. Belə ki, “Zəngəzur” adı altında meydana çıxan futbolçuların heç biri klubun 2-ci liqadakı heyətində yer almır. Üstəlik, komandanın baş məşqçisi kimi göstərilən şəxs də “Zəngəzur”un ölkə çempionatındakı çalışdırıcısı deyil.
Bəs həm 2-ci liqada oyunu təxirə saldıran, həm də Türkiyəyə getməyən, orda başqa millətlərdən olan həvəskar futbolçulardan komanda qurub, “Zəngəzur” adı ilə meydana çıxan klubun cəzası nə olacaq? Bu suala cavab tapmaq üçün PFL-in Media və Marketinq direktoru Sənan Abdullayevlə əlaqə saxladıq:
“Bildiyiniz kimi, bu məqamlar yarışın əsasnaməsi ilə tənzimlənir. Əsasnamədə "Region Cup"da iştirak edən komandanın təxirəsalma ilə bağlı müraciət etmək hüququ var. "Zəngəzur" bununla bağlı PFL-ə müraciət edib. Bəzi futbolçuların turnirdə iştirak etməməsi barədə bizdə də məlumat var. Amma klub təkcə futbolçulardan ibarət deyil. Bura məşqçi, həkim, inzibati heyət də daxildi. Bir oyun təxirə salınıb. Növbəti turdan etibarən olduğu kimi davam ediləcək”.
İSRAYIL XEYRULLAYEV





