Bakılılar artıq ilk yarıda qapısında 3 top görmüşdü. “Ağ-qaralar”ın meydanda nə etmək istədiyini anlamaq çətin idi. Sanki komandada xaos hökm sürür. İş o yerə çatıb ki, Miodraq Bojoviç Azərbaycan futbolunun Emin Mahmudov və Qara Qarayev kimi məşhur simalarına start heyətində yer vermir. Guya versə, nə dəyişəcək ki?! Ötən mövsüm 17 qol vuran, bombardirlik uğrunda mübarizə aparan Emin Mahmudov qeyri-adi dərəcədə dəyişib, sanki heç əvvəlki futbolçu deyil. Komandanın təcrübəli futbolçularından sayılan, “Qarabağ”ın heyətində Avropada önəmli matçlara çıxan Qara Qarayev də “Neftçi”də özünü doğrultmadı. Oyundaşlarını arxasınca apara bilən lider yoxdusa, o komanda necə mübarizə aparacaq? Xüsusən də kapitan meydanda üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilmir. Bəs “Neftçi” irəlidə nə gözləyir, bu komandanın problemi nədi? Təcrübəli menecer Vaqif Heydərlinin fikirləri:
“Məncə, “Neftçi”də sabitlik yoxdu. Məşqçi, oyunçu dəyişiklikləri, komandada olan atmosfer bir növ daşların yerinə oturmasına imkan vermir. Bu da öz növbəsində futbolçuların performansına təsir edir. Ümumiyyətlə, hər komandada belədi. Nəticə olmayanda motivasiya olmur, motivasiya olmayanda işlər qaydasında getmir, işlər də yolunda getməyəndə bu, ayrı-ayrı fərdlərə təsir göstərir. Ona görə də “ağ-qaralar”ın durumu çətindi. Hansısa dəyişikliklər olması vacibdi, hamı bunu gözləyir. Azarkeşlər də narazılığını bildirir. Nəticə yoxdu, kubok isə artıq əldən çıxıb. Sadəcə, çempionat qalıb ki, orda da 2-ci yer, yəni avrokuboklara vəsiqə uğrunda gərgin mübarizə gedir. Komandalar çox sıx yerləşib. Bu üzdən vəziyyət heç də qənaətbəxş deyil”.
KAMAL SƏFƏR






