Coşqun Diniyev Türkiyədə komandasını dəyişə bilər. Qardaş ölkənin 1-ci liqa təmsiçisi “Ümraniyəspor”un oyunçusu “Boluspor”dan təklif alıb.
“Football-plus.az”ın əldə etdiyi məlumata görə, millimizin üzvü fürsəti dəyərləndirmək niyyətindədi. Klubunun ciddi hədəflərinin olmaması və turnir cədvəlinin aşağı pillələrində (27 oyun, 33 xal, 11-ci sıra) qərarlaşması futbolçunu qane etmir. Belədə “Boluspor”un superliqaya yüksəlmək üçün çalışması və daha yüksək maaş təklif etməsi onu cəlb edir. Qısası, Coşqun 2024/25 “futbol ili”nə yeni komandada başlamaq istəyir.
Xatırladaq ki, Diniyevin “Ümraniyəspor”la müqaviləsinin müddəti bu il iyunun 30-da bitəcək. O, cari mövsüm ərzində 24 matçda meydana çıxıb, 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onu da bildirək ki, millimizin digər üzvü Vüsal İsgəndərli “Boluspor”da çıxış edir.
KƏNAN BAHADIR