25 sarı, 1 qırmızı vərəqə - hakimlərin intizam sanksiyalarının rəqəmli mənzərəsi belədi.
Özü də maraqlıdı ki, yeganə qırmızı vərəqənin sahibi – “Araz-Naxçıvan”ın qapıçısı Vüsal Şabanov meydanda olmaya-olmaya, belə sərt cəza ilə üzləşdi. Bəs tur ümumilikdə hakimlər üçün necə keçdi? Reportyorlarımızın qeydlərinə keçid alaq.
Sabah - Qəbələ, İNQİLAB MƏMMƏDOV
Oyun yetərincə maraqlı alındı. 26-cı dəqiqədə Kahim Parrisin cərimə zərbəsindən qapı qarşısına ötürməsini Sofian Çakla tamamladı. İnqilab Məmmədov mərkəzi göstərsə də, VAR-ın müdaxiləsindən sonra epizod incələndi, “Sabah”ın futbolçusu ofsaydda olduğuna görə qol qeydə alınmadı. Son saniyələrdə qonaq komanda cərimə zərbəsi qazandı. Ülvi İsgəndərovun qapı qarşısına ötürməsində topun Kristian Da Silvanın əlinə dəydiyi şübhəsi olsa da, referi fərqli düşünürdü. Ümumiyyətlə, Məmmədov bu oyunu ideal səviyyədə olmasa da, yaxşı idarə etdi.
Səbail – Sumqayıt, TURAL QURBANOV
Tural Qurbanovla köməkçilərinin oyunu yetərincə yaxşı idarə etdiyini demək mümkündü. Doğrusu, bir sıra epizodlarda Qurbanova etiraz səsləri yüksəlirdi. Hətta o, Samir Abasovun köməkçisi Seymur Rəhimovu texniki zonanı tərk etdiyi üçün sarı vərəqəylə cəzalandırmaq məcburiyyətində qaldı. Bu etirazlar da oyunun gərginliyi ilə bağlı idi. Matçda əziyyət çəkən təkcə Tural Qurbanov yox, həm də 4-cü hakim Fərid Hacıyev idi. Baş məşqçilər referinin qərarlarına etiraz etmək üçün ilk növbədə ona yaxınlaşırdı. Maraqlıdı ki, çalışdırıcıların heç biri oyundan sonra idarəçiliklə bağlı narazılıq etmədi. Sadəcə, Şahin Diniyev uzatma dəqiqələrinin az olduğunu, ümumilikdə Tura Qurbanovun ideal hakimlik etdiyini söylədi. Baş məşqçinin vaxtla bağlı etirazı anlaşılandı. Biz də ilk hissəyə vaxt artırılmamasının, ikinci hissəyə isə cəmi 5 dəqiqə əlavə edilməsinin düzgün olmadığını düşünürük.
Qarabağ – Zirə, ƏLİYAR AĞAYEV
Turun mərkəzi oyunu təcrübəli FİFA referisinə tapşırılmışdı. Yunanıstandan yenicə qayıdan ədalət təmsilçisi yorğun görünmürdü. Meydanda isə çempionluğu erkən təmin etmək istəyənlə ilk “dördlük”dən qopmaq istəməyən üz-üzə idi. Qurban Qurbanov heyətdə rotasiya etmişdi. Bəlkə də bu üzdən dinamik matç izləmədik. Oyunun belə axarı “fit sahibi”nin işini xeyli asanlaşdırmışdı. Çünki komandalar ehtiyatlı futbola üstünlük verirdi. Əliyar bəyin, demək olar ki, yeganə ciddi sınağı Ruanın əlinə dəyən topu görmək idi ki, bunda da uğursuz oldu. O, yalnız VAR-ın müdaxiləsindən sonra epizodu dəyərləndirdi. Ümumiyyətlə, oyunda ciddi qayda pozuntusu, sərt müdaxilələr çox deyildi. Qısası, nə futbolçular hakimi yordu, nə də hakim onlara mane oldu...
Kəpəz – Neftçi, RƏVAN HƏMZƏZADƏ
Tarixi Azərbaycan derbisi çoxsaylı epizodlar və 6 qol ilə əlamətdar oldu. 32-ci dəqiqədə “Neftçi”nin ilk qolunda gəncəlilərin qolkiperi İqor Rodriges kəskin şəkildə etirazını bildirdi. O, Filip Ozobiçin ötürmə anında ofsaydda olduğunu iddia etdi. Lakin referi doğru qərar verərək, qolu qeydə aldı. Oyunun ən mübahisəli epizodu isə 73-cü dəqiqədə yaşandı. Kapitanların mübarizəsində Yeqor Xvalko Emin Mahmudova qarşı kobud oynadı. Epizod Həmzəzadənin gözündən yayındı. O, yalnız VAR-ın müdaxiləsindən sonra “Neftçi”nin xeyrinə “nöqtə”ni göstərdi. Videotəkrarda Xvalkonun müdaxiləsinin düşüncəsiz davranış olduğu aydın göründü. Həmin epizoda görə ona qırmızı vərəqə verilməliydi. Baş hakim isə “sarı” isə kifayətləndi. Ümumilikdə Rəvan Həmzəzadə matçın idarəçiliyini əlində saxlamağı bacardı.
Turan Tovuz – Araz-Naxçıvan, RƏŞAD ƏHMƏDOV
Oyun qarşılıqlı hücumlar şəraitində keçdi. 34-cü dəqiqədə Nuno Rodriges cərimə meydançasında İsmayıl Zülfüqarlı və Fərid Yusifli ilə mübarizədə yerdə qalsa da, hakimin fiti “susdu”. İnsafən, videoda Yusiflinin onu arxadan itələdiyi aydın göründü. 76-cı dəqiqədə Nicat Süleymanov Roderik Millerlə mübarizədə yerdə qaldı. “Araz-Naxçıvan” futbolçuları yenidən 11 metrlik cərimə zərbəsi üçün kəskin şəkildə etiraz etsələr də, hakim haqlı olaraq oyunu davam etdirdi. Əksər durumlarda belə epizoda görə penalti verilmir. “Turan Tovuz”un 2-ci qoluna da Azər Bağırovun yetirmələri etiraz etdilər. Onlar Süleymanovla Millerin mübarizəsi zamanı Alexandro Serranonun Nicatın ayağına arxadan zərbə vurduğunu iddia edirdilər. VAR Əhmədovu videotəkrara baxmaq üçün çağırsa da, o, qərarından dönmədi və qolu qeydə aldı. Matçdan sonra hakimliklə bağlı etirazlara da şahidlik etdik.