“Vikinq” “Sabah”ın pley-off arzusunu “dəfn etdi” - REPORTAJ

6.11.2026 13:47 45
Reportaj
Çempionlar Liqası
liqa mərhələsi, 4-cü tur
Vikinq (Stavanger, Norveç) – Sabah 4:1 (1:1)

1. Arild Estbe
28. Kristoffer Haugen
(24. Vetle Euklenn, 66)
25. Henrik Falşner
6. Canni Stensness
5. Henrik Heqqhaym
(2. Herman Hagen, 56)
26. Simen Kvia-Eqeskuq
(23. Niklas Fuqlestad, 86)
29. Tobias Moy
(33. Seqadal Hansen, 86)
7. Kristoffer Askildsen
10. Zlatko Tripiç (k)
22. Erik Botheym
16. Henrik Byördal
(20. Peter Kristiansen, 56)
Ehtiyat oyunçular
30. Lübomir Belko
3. Vilyar Vevatne
17. Essyen Bassi
27. Yesper Dalann
8. Co Bell
19. Amin Koşiç
11. Romano Postema
Baş məşqçi: Byarte Lunde Orşeym

92. Stas Pokatilov (k)
27. Timoteuş Puxaç
4. Eyden Makkarti
3. Stiv Solvet
80. Akim Zedadka
13. İvan Lepinitsa
7. Umarali Raxmonaliyev
(5. Rəhman Daşdəmirov, 79)
21. Velko Simiç
(20. Coy-Lens Mikels, 33)
6. Abdulla Xaybullayev
(34. Ksander Severina, 71)
8. Kristian Nvaçukvu
(37. Du Keyros, 71)
99. Patrik Mbina
(9. Xəyal Əliyev, 70)
Ehtiyat oyunçular
1. Amin Ramazanov
94. Rəvan Mirzəmmədov
17. Tellur Mütəllimov
33. Erivaldo Almeyda
10. Aleksey İsayev
11. Kahim Parris
88. Rodriqo Fernandes
Baş məşqçi: Valdas Dambrauskas

Qollar: O.Mbina, 11 (0:1). E.Botheym, 27 (1:1). Z.Tripiç, 69 (2:1). H.Falşner, 81 (3:1). E.Botheym, 90+4 (4+1).
Z.Tripiç 69-cu dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: K.Haugen, 2. C.Stensness, 18. U.Raxmonaliyev, 36. C.-L.Mikels, 87 – sarı. E.Makkarti, 77 – qırmızı.
Hakimlər: SANDER van der EYK, Rens Blyumink, Stefan De Qrot, Coui Koy (hamısı Niderland).
VAR hakimi: Yerun Manshot (Niderland).
VAR hakiminin köməkçisi: Jerom Brisar (Fransa).
Hakim-inspektor: Bernardino Qonsales Vaskes (İspaniya).
UEFA nümayəndəsi: Torir Hakonarson (İslandiya).
4 noyabr. Stavanger. “Vikinq” stadionu. 15012 tamaşaçı.
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.

oyunun statistikası
20 (8) qapıya (“çərçivə”yə) zərbə 15 (4)
10 künc zərbəsi 6
4 ofsayd 3
5 qayda pozuntusu 9
49 topa sahibolma (faizlə) 51

Liqa mərhələsinin debütantlarından olan hər iki komanda bu oyuna 3 xal mənbəyi kimi baxırdı. Xüsusən də artıq bir qələbəsi olan “Sabah” Norveçdə də uğur qazanacağı təqdirdə pley-offa adlamaq baxımından xoş xəyallara dala bilərdi. Ancaq sonda qeydə alınan 1:4 hesablı məğlubiyyət faktiki “bayquşlar”ın və azərbaycanlı futbolsevərlərin ümidlərini “dəfn etdi”.

Açığı, Dambrauskasın start heyəti məni təəccübləndirdi. Baş məşqçi “Borussiya” ilə oyunla müqayisədə üç dəyişikliyə əl atmış, Du Keyros, Parris və Mikelsin əvəzinə bu dəfə Xaybullayev, Mbina və Nvaçukvuya şans vermişdi. Əslində son üç futbolçunun fiziki cəhətdən daha güclü, dağıdıcı özəlliklərə malik olduğunu nəzərə alsaq, onun seçimi müəyyən dərəcədə anlaşılan idi. Sadəcə, zaman göstərdi ki, seçim düzgün deyilmiş.

Oyun başlayan kimi rəqib təşəbbüsü ələ almağa çalışdı. Amma real qol vəziyyətlərindən danışmaq olmaz. “Sabah” isə ilk 10 dəqiqədə mərkəzi keçməkdə çətinlik çəkirdi. Odu ki, 11-ci dəqiqədə hesabı məhz qonaqların açması gözlənilməz oldu. Tripiçin yerinə yetirdiyi künc zərbəsinin ardından Lepinitsa topu irəli vurdu, Askildsen ehtiyatsızlığa yol verdi, Simiçdən ötürmə alan Nvaçukvu topu Umaraliyə, o da Mbinaya ötürdü. Beləcə qonaqlar oyunun məntiqi axarına uyğun olmayan qol vurdu. Qol meydan sahiblərini ruhdan salmadı, əksinə, onlar get-gedə təzyiqi artırdı. Xüsusən də Zedadkanın yer aldığı sağ cinahın üzərinə böyük yük düşürdü. 14-cü dəqiqədə Solvet müdafiədən topu pis çıxardı, xoşbəxtlikdən Tripiçin zərbəsi qapıdan aralı keçdi. Rəqibin Simiçin kobud səhvindən sonra 24-cü dəqiqədə qurduğu hücum da təhlükəli alındı. Yaxşı ki Solvet topu uzaqlaşdıra bildi. Ancaq həyəcan siqnalları “Sabah”ın oyunçularına çatmadı, 27-ci dəqiqədə hesab bərabərləşdi. Rəqibin təxminən 2 dəqiqə davam edən hücumunun ardından Haugen topu sol cinahdan qapı önünə göndərdi, Solvet mane ola bilmədi, Makkartinin arxasından sıçrayan Botheym hesabı bərabərləşdirdi. Bu azmış kimi, 31-ci dəqiqədə Simiç də ayağını tutdu və yerdə qaldı. Taktiki planı pozulan Dambrauskas onu Mikelslə əvəzlədi. Mikels “Sabah” üçün ağ atlı oğlan ola bilərdi, ancaq ağ formalı oğlan olmaqdan irəli gedə bilmədi...

Hə, hissənin sonlarında qonaqlar növbəti dəfə irəli keçməyə yaxın oldu. 40-cı dəqiqədə künc zərbəsini Solvet qolla bitirə bilərdi, top qapının üstündən keçdi, 43-cü dəqiqədə isə cərimə meydançasında olan Xaybullayev Nvaçukvunun gözəl ötürməsini boşa verdi. Prinsipcə ilk yarının axarı gələcək faciədən xəbər vermirdi. Əksinə, mənə elə gəlirdi ki, “Sabah” meydandan 3 xalla ayrıla bilər. Hətta qeyd dəftərçəmə bunu da yazmışam: bu komandanı udman olar, bal kimi də udmaq olar!

Nədənsə mənə elə gəlir ki, Dambrauskas fasiləni boşa verdi, yetirmələrini ruhlandıra, onlara motivasiya verə bilmədi. “Vikinq” 2-ci hissəyə də fəal başladı. Amma “Sabah” da təhlükəli əks-hücumlara çıxa bilirdi. 48-ci dəqiqədə Mbina acgözlük etdi, daha yaxşı mövqedə olan komanda yoldaşlarına ötürmə vermək əvəzinə hücumu özü bitirmək istədi və uğursuzluğa düçar oldu. Bir dəqiqə sonra isə oyunboyu inamsız təsir bağışlayan Makkartinin topla səliqəsiz davranışı rəqibin təhlükəli hücumu ilə nəticələndi, Tripiçin zərbəsindən sonra Pokatilov iki cəhddə topu tuta bildi.

Rəqibin baş məşqçisi Orşeym qan qoxusu hiss edən canavar kimi ardıcıl üç dəyişikliyə əl atdı. Dambrauskas oyunun axarını izləməklə məşğul idi. Və belə laqeydliyə görə tezliklə cəzalandı. Artıq təşəbbüs tam rəqibin tərəfindəydi, zərbələr bir-birini əvəz edirdi. 58-ci dəqiqədə Falşnerin təhlükəli baş zərbəsi qapıdan azca aralı keçdi, bir dəqiqə sonra Kvia-Eqeskuq “9-luğ”a düşə bilmədi. 63-cü dəqiqədə “Sabah”ın daha bir “zəif bənd”inin – Zedadkanın kobud səhvindən sonra Kristiansen az qala hesabı dəyişəcəkdi. Dambrauskas hələ də nəyisə gözləyirdi... 67-ci dəqiqədə darmadağının “təməli atıldı”. Sonradan meydana çıxan Hagen topu sağ cinahdan qapı qarşısına göndərdi. Top Botheymlə hava mübarizəsinə qalxan Zedadkanın əlinə dəydi və hakim “nöqtə”ni göstərdi. Stas Tripiçin ilk penaltisini qaytarsa da, təkrar zərbəyə mane ola bilmədi. Litvalı mütəxəssis yalnız bundan sonra dəyişikliyə əl atdı. Bəlkə də “Sabah” Norveçdən ən azı 1 xalla dönə bilərdi. Ancaq 75-ci dəqiqədə meydanın rəqibə aid hissəsində Kristiansenin ayağını tapdalayan Makkarti meydandan qovulmaqla komandasının “qəbrini qazdı”. Dambrauskas dərhal Umaralini Rəhmanla əvəz etməklə müdafiəni qaydasına salmaq istədi və... Rəhman meydana çıxan kimi oyuna “töhfə verdi”. O əvvəlcə kornerə səbəbkar oldu, həmin korner zamanı da hava mübarizəsində Falşnerə uduzdu. 1:3 artıq son idi. Amma yox, son deyilmiş, bizi irəlidə Rəhmanın daha bir hoqqası gözləyirdi. Mərkəz müdafiəçisi uzatma dəqiqələrində Pokatilova ötürmə verərkən topun sürətini düz hesablamadı, nəticədə rəqib növbəti qolu vurdu. Botheymin zərbəsindən sonra Puxaçla (bərbad oynayan daha bir futbolçu!) Solvetdən səkən top tora düşdü.

Beləliklə, Norveçə böyük ümidlərlə yola saldığımız “Sabah” evə darmadağınla qayıtdı. Açıq etiraf etmək lazımdı ki, komanda və az qala bütün futbolçular yorğun görünür, iki turnirdə mübarizə aparmağın çətinliyi altında əzilirlər. Bu durumdan çıxış yollarını isə artıq Dambrauskas düşünməlidi. Stavangerdə rəqib həmkarına açıq-aşkar uduzan Dambrauskas!

HUŞƏNG