Misli premyer-liqasının 26-cı turu cədvəldə bəzi ciddi dəyişikliklərə səbəb oldu. Turun meydan sahibi komandalar üçün yaxşı keçdiyini qeyd edə bilərik. Sadəcə, “Sumqayıt” istisnadı.
Turun ilk görüşü “Səbail”lə “Sumqayıt” arasında baş tutdu. “Kimyaçılar” qələbə sayəsində yenidən 2-ci pilləyə yüksəldi. Diniyevin komandası isə xal itirməklə həm 2-ci yeri “Sumqayıt”a təhvil verdi, həm də 5-ci pilləyə gerilədi.
“Kəpəz” – “Neftçi” oyunu da böyük maraq doğururdu. Çünki “sarı-göylər” əvvəlki turda “Sumqayıt”ı məğlub etməyi bacarmışdı. Bu oyunun “ağ-qaralar” üçün heç də asan keçməyəcəyini təxmin etmək olardı. Hər iki komanda bütün qüvvəsini səfərbər etsə də, qalib müəyyənləşmədi. Bərabərlik isə Miodraq Bojoviçə heç sərf etmədi. Mütəxəssis oyunsonrası mətbuat konfransında matçın Tovuzda keçirilməsindən narazı olduğunu gizlətmədi. Amma bu bəhanəyə bənzədi. Mütəxəssis tezliklə vəziyyəti qaydasına salmalıdı. Yoxsa komanda ilə azarkeşlər arasındakı nifaq get-gedə dərinləşəcək.
Yeni baş məşqçinin təyinatından sonra daha iddialı olan “Sabah” doğma meydanda “Qəbələ”ni məğlub edərək bu iddiasını təsdiqlədi. Kaxaber Sxadadze “Qəbələ”nin baş məşqçi postuna təyinatından sonra keçirdiyi 3-cü matçdan da məğlub ayrıldı. Təcrübəli mütəxəssis baş məşqçi postuna gələrkən ümidli olduğunu bildirmişdi. Görünən odu ki, komanda hələ də bataqlıqdan çıxmayıb. Artıq “qırmızı-qaralar”la ən yaxın izləyicisi “Kəpəz” arasında 12 xal fərqi var. Qarşıdakı oyunlarda isə bu fərqin əriməsi çətin görünür.
“Turan Tovuz” bu mövsüm növbəti dəfə “Araz-Naxçıvan”ı məğlub etdi. Azər Bağırov isə bu dəfə də hakim idarəçiliyindən gileyləndi. Matçı Rəşad Əhmədovun idarə etməsi onun aqressivliyin daha da artırmışdı. Amma bir baxımdan da Bağırovu qınamaq olmur. Çünki əvvəlki turda da Əhmədovun idarəçiliyindən şikayətlənmişdi. Ayxan Abbasovun komandası əvvəllər elitada qalmaq uğrunda mübarizə aparırdılarsa, indi 2-ci yerə də boylana bilər.
“Zirə”nin “Qarabağ”ın “Bayer-04”lə çətin Avropa Liqası matçı ərəfəsində olmasından yararlanacağını düşünsək də, bu dəfə də Qurban Qurbanovun komandası meydanın hakimi idi. Eksperimental heyətlə çıxış etməsinə baxmayaraq, “köhlən atlar”ın rahatlıqla 3 xal qazandığını deyə bilərik. Sadəcə, bu məğlubiyyət mövsümün ilk dövrəsini lider kimi tamamlayan “Zirə”ni 6-cı pilləyə yuvarladı. Rəşad Sadıqov avrokuboklara vəsiqə uğrunda da mübarizədən geri çəkilməyəcəklərini dedi. Necə deyərlər, yaşayarıq, görərik!
Misli premyer-liqası
3-cü dövrə, 26-cı tur
8 mart
Səbail – Sumqayıt 0:1
9 mart
Kəpəz – Neftçi 3:3
Sabah – Qəbələ 2:1
10 mart
Turan Tovuz – Araz-Naxçıvan 2:0
Qarabağ – Zirə 3:1
1. Qarabağ 26 20 3 3 68-22 63
2. Sumqayıt 26 10 9 7 25-30 39
3. Sabah 26 10 7 9 37-31 37
4. Neftçi 26 10 7 9 31-29 37
5. Səbail 26 10 7 9 39-38 37
6. Zirə 26 9 9 8 19-17 36
7. Turan Tovuz 26 9 8 9 40-35 35
8. Araz-Naxçıvan 26 8 7 11 26-35 31
9. Kəpəz 26 7 6 13 28-45 27
10. Qəbələ 26 4 3 19 19-50 15
Bombardirlər: Olavio Juninyo (Qarabağ) – 15, Aleksandr Ramalinqom (Səbail) – 11, Orxan Əliyev (Araz-Naxçıvan), Yassin Benzia (Qarabağ) - 9.
Növbəti turun proqramı
15 mart, 19.00. Neftçi – Səbail
16 mart, 16.00. Zirə - Kəpəz
16 mart, 18.30. Araz-Naxçıvan – Qəbələ
17 mart, 16.00. Turan Tovuz – Qarabağ
17 mart, 19.00. Sumqayıt – Sabah
KAMAL SƏFƏR