Evdə “Kəpəz”ə məğlubiyyətdən sonra “Sumqayıt”ın baş məşqçisi Samir Abasov tamaşaçı kasadlığından şikayətləndi, heç kimin komandanı qınamağa haqqının olmadığını söylədi.
Baş məşqçi “Kimyaçılar” azarkeş qrupunu bu mövzudan kənara qoydu və bildirdi ki, onlar bütün səfər və ev görüşlərində dəstəyini əsirgəmir. Diqqətçəkən məqam isə “Kimyaçılar” azarkeş qrupunun rəhbəri Sənan Mirzəyevin “Turan Tovuz”la ev oyunundan sonra verdiyi vəddi.
O, “Futbol+”ə açıqlamasında stadiona az tamaşaçı gəlməsini hava şəraitiylə əlaqələndirmiş, qeyd etmişdi ki, hava şəraiti düzələn kimi bu problem aradan qalxacaq. Görünən odu ki, məsələ hələ də həllini tapmayıb. Bu üzdən fikirlərini öyrənmək üçün yenidən Sənan bəylə danışdıq:
“Sadəcə, nə baş verdiyini özümüz də anlamırıq. Samir müəllimin sözlərində hardasa həqiqət görürəm ki, stadion açılmamışdan qabaq “elə gələcəyik”, “belə dəstək olacağıq” kimi fikirlər səslənirdi. Bilmirəm, bu adamların maddi imkanıyla bağlıdı, ya başqa bir şeylə. Mənə elə gəlir ki, stadiona gəlmək heç bir azarkeşin büdcəsinə təsir etməz. Ancaq yenə də inamım böyükdü. İnanıram ki, növbəti ev oyunumuzda stadionun yarısı dolacaq. Buna çox ümidliyəm. Artıq ötən turdan etibarən şəhərdə afişalar vurulmağa başlayıb. Özümüz də bu barədə bəzi söhbətlər aparmışıq. “Səbail”lə səfər matçından sonra fəaliyyətimizi daha da artırmaq istəyirik. Hətta artırmışıq da. İnanın ki, kiminlə görüşürəmsə, gəlmək istədiyini, sadəcə, işi olduğunu deyir. Bunu bəhanə kimi başa düşürəm. Çünki stadiona gəlmirsənsə, bu artıq bəhnədi. Stadiona gəlmək o demək deyil ki, təkcə komandaya görə gəlirsən. Şəhərini sevdiyin üçün də onun komandasının matçına gəlirsən. Sumqayıt da elə-belə şəhər deyil. İnanın, kimisə stadionun qabağında görsəm ki, bilet almağa imkanı yoxdu, həmin şəxsə özüm alaram. Bunu bütün səmimiyyətimlə deyirəm”.
KAMAL SƏFƏR