2-ci liqada yarışan “Sheki City” dəstək kampaniyası başladıb.
Rəhbərlik şəhərin adını daşıyan komanda yaşatmaq və daha peşəkar liqalarda oynamasını təmin etmək üçün hər ay (7 ay) 100 manat ianə edəcək 100 nəfər axtarır.
Kampaniya nə vaxt başlayıb? İndiyə qədər nə qədər pul yığılıb? Bu sualların cavabını tapmaq üçün “Sheki City”nin təsiscisi və prezidenti Elgün Hüseynova müraciət etdik:
“100 Nəfər Şəkili axtarırıq” adlı aksiyanı noyabrda başlatmışıq. Komandamızın bir çox xərclərini qarşılamaq üçün belə aksiya başlatmağı qərara aldım. İndiyə qədər 34 nəfər qoşulub, ancaq hər ay davamlı şəkildə ianə edən 15-17 nəfərdi. Çox təəssüf ki, dünyadakı 200 mindən çox şəkilinin arasından şəhərin komandasına dəstək olacaq 100 həmyerilimizi tapa bilmədik. Şəki kimi tarixi və böyük şəhərdə 20-25 nəfərdən çox sosial məsuliyyətli insanın olmaması üzücü haldı. Amma işin digər sevindirici tərəfi odu ki, şəkili axtarmağımıza baxmayaraq, Tovuzdan, Ağdamdan, Naxçıvandan aksiyamıza qoşulanlar var. Toplanan məbləğin əksəriyyətini şəkili olmayan adamlar ianə edib. 4 ayda 15 min manata yaxın ianə toplanıb. Bu yardım kampaniyası şəhərini sevən, şəhərinin gəncliyini, gələcəyini düşünən, qayğısına qalan insanlar üçündü. Bu insanlar klubun tarixində yer alacaq. Bu başlanğıcdı, amma mən əminəm ki, bir gün “Sheki City” böyük klub olacaq. Onda hər kəs biləcək ki, bu klub kimlərin sayəsində ayaqda qalıb və bugünlərə gəlib”.
ƏSƏD SEYİDOV