Mahal Məmmədov: “Belə mövzulara daha həssas yanaşmaq lazımdı”

1.03.2024 23:15 211
Premyer-liqa / Manşet
“Araz-Naxçıvan” debütant olsa da, premyer-liqada adından söz etdirən komandalardandı.

Azər Bağırovun yetirmələri mövsümə uğurlu start verərək çoxlarını təəccübləndirmişdi. İndi bu mənada durum fərqlidi. Muxtar Respublika təmsilçisinin nəticələr ürəkaçan deyil. Sözümüzü qüvvətləndirmək üçün naxçıvanlıların son 14 turda cəmi 3 qələbə qazandığını vurğulaya bilərik. Onların 24-cü turda buna qədər qol vurmaqda çətinlik çəkən “Zirə”yə 0:3 hesabıyla uduzması da maraqlı faktdı. Azər bəyin məğlubiyyətin səbəblərini izah edərkən gah hakim qərarlarını, gah da komandasını qınaması gözümüzdən yayınmır. Düzü, bu mövzuya geniş yer vermək mümkündü, lakin qəzetimizin bu sayı üçün məsələ başqadı. Söhbət naxçıvanlılar haqda yayılan müxtəlif iddialardan gedir ki, heç biri xoşagələn deyil.

Kuluarlarda gəzən söhbətlərə inansaq, “Araz-Naxçıvan”ın futbolçuları maaşını ala bilmir. Ciddi gecikmələr var ki, bu da futbolçuların çıxışına təsirsiz ötüşmür. Onlar maliyyə sıxıntıları üzündən oyuna köklənməkdə çətinlik çəkir, həmçinin rəhbərlikdən pulun vaxtında ödənilməsini tələb edir. Alınmırsa, izahat istəyir, səbəb axtarır. Təbii, bu iddia doğrudusa, özlüyündə yetərincə ciddi xarakter daşıyır, lakin hər şey bununla bitmir. Futbolçulara qələbə və heç-heçələrə görə vəd olunan mükafatların verilməsində də çətinlik yarandığı deyilir. Qısası, hələ bir neçə tur öncə qazanılan xallara görə söz verilən mükafatlar sahiblərinə çatmayıb. Məhz bu amilin oyunçuların meydanda ruh düşkünlüyü yaşamasına səbəb olduğu bildirilir. Növbəti xəbər isə şirkətlərdən biriylə “katapult”un işləməsinə dair sənəd imzalayan Muxtar Respublika təmsilçisinin ödənişləri həyata keçirməməsidi. Deyilənlərə inansaq, komanda son bir neçə gündə texniki vasitədən yararlana bilmir. “Katapult” söndürüldüyündən, gündəlik məşqlərdə ondan istifadə etmək mümkün deyil. Hətta “Araz Naxçıvan” futbolçuların fiziki hazırlıq səviyyəsini, həmçinin, sağlıq durumunu incələmək kimi bir çox xüsusiyyətləri özündə birləşdirən vasitənin ən ucuz versiyalarından birindən istifadə edirmiş...

Sizi gündəmi zəbt edən iddialarla tanış etdik. Əlbəttə, qeyd olunanlarla bağlı klubun mövqeyini də öyrənmişik. İcraçı direktor Eldəniz Yusubov əlaqə saxlamaq cəhdlərimizi cavabsız qoymasa, daha yaxşı olardı. Belədə mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovun dedikləriylə kifayətləndik:

“Təəssüf ki, bəzi jurnalistlər iddiaların doğru olub-olmadığını dəqiqləşdirmədən ictimailəşdirir. Xəbərlərlə biz də tanışıq. Ümumiyyətlə, heç bir iddia həqiqəti əks etdirmir. İzahata gəlincə, “Araz-Naxçıvan” həm də dövlət tərəfindən maliyyələşdirilən klubdu. Burda hansı ödəniş problemi ola bilər ki?! Bəli, gecikmələr mümkündü, amma bu, bizdən asılı olan səbəb deyil. Pul kluba köçürüləndən dərhal sonra maaşlar ödənilir. Futbolçuların da bu yöndə şikayəti yoxdu. Təbii ki, gecikmələr anlayışla qarşılanır. Mükafatlar da bu sıradadı. “Katapult” məsələsinə gəlincə, tam yanlış məlumatdı. Çünki bütün statistikalar toplanır və futbolçularla paylaşılır. Bunun sayəsində hər kəs özünə lazım olan məlumatdan xəbərdar ola bilir. Ümumiyyətlə, belə mövzulara daha həssas yanaşmaq lazımdı. Komanda daxilində hansısa mənfi ab-havadan söhbət gedə bilməz. Məsələn, məğlub olduqda qısa müddət kefsizlik mümkündü. Bu, psixoloji məsələdi. Məşqçilər korpusu belə hallarda müdaxilə edir və ruh yüksəkliyi aşılayır. Növbəti oyuna hazırlıq mərhələsi başlayır. Qısası, işlərimiz yolundadı və hədəf dəyişməyib”.


KƏNAN BAHADIR