Premyer-liqada hesabat turu çempionluğa iddialıların növbəti qələbələri ilə əlamətdar oldu.
"Football-plus.az" xəbər verir ki, “Liverpul”la “Arsenal” evdə, “Mançester Siti” səfərdə qələbə qazandı. “Aston Villa” “ÇL zonası”nda yerini möhkəmlətdisə, eyni hədəfə can atan “Mançester Yunayted” gözlənilmədən evdə uduzdu.
“Vitaliti Stedium”a səfərin “Siti” üçün asan olmayacağı gözlənilirdi. Birincisi, çoxdan qələbə qazanmayan meydan sahibləri ilk dövrədəki acınacaqlı məğlubiyyətin əvəzini çıxmaq istəyirdi. İkincisi, “Bornmut” həftəortası dincəlmişdisə, “Siti” “Brentford”la 18-ci turdan təxirə salınan oyuna çıxmışdı. Gözləntilər doğruldu. Qvardiolanın komandası ilk yarını yetərincə inamlı keçirib Fodenin qolu ilə irəli çıxdısa, hissənin sonuna qədər rəqibin topa nəzarət etməsinə imkan vermədisə, 2-ci yarıda oyunun mənzərəsi dəyişdi. Tez-tez topla meydanın rəqibə aid hissəsində görünən “Bornmut” Edersonun qapısı önündə müntəzəm təhlükə yaradırdı. “Albalılar” ən təhlükəli vəziyyəti künc zərbəsindən sonra yaratdı – Tavernye asma etdi, Solankenin qapıçı meydançasının küncü üzərindən zərbəsini Ederson inanılmaz şəkildə qaytardı. Uzatma dəqiqələrində yenicə meydana çıxan Ünal “Bornmut”un xilaskarı ola bilərdi. Ancaq o da “çərçivə”yə düşmədi. “Siti” fasilədən sonra heç də xoş təsir bağışlamasa da, qələbə hesabını qoruyaraq lider “Liverpul”dan 1 xallıq məsafədə qərarlaşdı. Çempionluq mübarizəsinin qızğın çağıdı!
“Arsenal” da “Nyukasl” üzərində çox-çox inamlı qələbə qazandı. Bu komandaların duelində gözlənilən rəqabət alınmadı. Hələ ilk yarıda qonaqların oyuna hazır olmadığı göründü. Meydanda dominantıq edən “topçular” “sağsağanlar”ın müdafiəsini tar-mar edir, rəqib bir-birinin ardınca səhvə yol verirdi.
“Nyukasl” fasiləyə qədər iki top buraxdı, ancaq 3-4 top buraxmış kimi görünürdü. Amma “Arsenal” 2-ci həssədə də dayanmadı. Londonlular bəzən ərazi üstünlüyünü və topa nəzarəti rəqibə versə də, əks-hücumlarda istədiyini edirdi. Oyunun belə axarı 2-ci hissənin ortalarında daha iki qol vurmaq üçün bəs etdi. “Topçular” bundan sonra sakitləşdi və rəqibə fərqi azaltmağa imkan verdi. Ancaq bu qol oyunla bağlı ümumi təəssüratı dəyişə bilməz.
Mövsümün əvvəlini boşa verən “Mançester Yunayted”in bütün turnirlərdə ardıcıl 5 qələbədən sonra həyata döndüyünü düşünmək olardı. “Qırmızı şeytanlar” “Fulhem”lə ev oyununda da, təbii ki, 3 xal qazanmaq istəyirdi. Üstəlik mankunianları sonuncu dəfə 2009-un dekabrında məğlub edən “bağbanlar” da münasib rəqib idi. Ancaq oyunun əvvəli cəsarətli və qonaq yox, ev sahibi kimi oynayan “Fulhem”in tərəfində oldu. 18-ci dəqiqədə İvobi, 22-ci dəqiqədə Munis hesabı aça bilərdi. MY bu hücumlara Qarnaçonun təhlükəli zərbəsi ilə cavab verdi. Ardından komandalar qapı çatını silkələdi: meydan sahiblərindən Dalot, qonaqlardan Muniz bu baxımdan “fərqləndi”. Qonaqlar fasilədən sonra da tempi aşağı salmadı. Onların vurduğu qol oyunun məntiqi axarına uyğun idi. 65-ci dəqiqədə səkən topa özünü çatdıran Bassi tirin altını “nişan aldı”. Meydan sahibləri 89-cu dəqiqədə Maquayrın sayəsində hesabı bərabərləşdirdi. Ancaq sonluq yenə “Fulhem”in tərəfində oldu. İvobi yaxın küncə dəqiq zərbə ilə “bağbanlar”a qələbə qazandırdı.
Turun qalan oyunlarına gəlincə, “Aston Villa” “Nottingem Forest”, “Kristal Pelas” “Bernli” üzərində inamlı qələbə qazandı. “Vulverhempton” “Şeffild Yunayted”i minimal fərqlə məğlub etdi. “Brayton” – “Everton” oyununda “sülh” qeydə alındı. Turun dünən axşam keçirilən son oyununda “Vest Hem” “Brentford”a qalib gəldi.
26-cı tur
Bornmut – Mançester Siti 0:1
Foden, 24. (11184)
MS: Ederson, Ake, Diaş, Stounz, Rodri, Akanci, Foden, Kovaçiç (De Bruyne, 84), Nunyeş (Dokyu, 63), B.Silva, Holann (Alvares, 75).
Arsenal – Nyukasl 4:1
Botman, 18-öz qapısına. Haverts, 24. Saka, 65. Kivyor, 69 – Uillok, 84. (60298)
Arsenal: Rayya, Kivyor, Qabriel, Saliba, Uayt, Edeqor (Smit-Rou, 76), Rays, Jorjinyo (Elneni, 89), Martinelli (Trossar, 64), Haverts (Nketiya, 76), Saka (Nelson, 76).
Mançester Yunayted – Fulhem 1:2
Maquayr, 89 – Bassi, 65. İvobi, 90+7. (73487)
MY: Onana, Lindelöf (Antoni, 90+9), Maquayr, Varan, Dalot, Maynu (Dyallo, 80), Kazemiro (Maktominey, 53), Forson (Eriksen, 53), Fernandeş, Qarnaço, Reşford.
Aston Villa – Nottingem Forest 4:2
Uotkins, 4. Luis, 29; 39. Beyli, 61 – Nyakate, 45+5. Gibbs-Uayt, 48. (42422)
Brayton – Everton 1:1
Dank, 90+6 – Brentueyt, 73. (41646)
Kristal Pelas – Bernli 3:0
Riçards, 68. Ayyu, 72. Mateta, 77-p. (24042)
Vulverhempton – Şeffild Yunayted 1:0
Sarabiya, 30. (30789)
Vest Hem – Brentford 4:2
Bouen, 5; 7; 63. Emerson, 69 – Mope, 13. Vissa, 82.
“Liverpul” – “Luton” oyunu (4:1) fevralın 21-də keçirilib, “Çelsi” – “Tottenhem” oyunu Liqa kubokunun finalına görə təxirə salınıb.
1. Liverpul 26 18 6 2 63-25 60
2. Mançester S. 26 18 5 3 59-26 59
3. Arsenal 26 18 4 4 62-23 58
4. Aston Villa 26 16 4 6 56-35 52
5. Tottenhem 25 14 5 6 52-38 47
6. Mançester Y. 26 14 2 10 36-36 44
7. Brayton 26 10 9 7 49-41 39
8. Vest Hem 26 11 6 9 40-46 39
9. Vulverhempton 26 11 5 10 40-40 38
10. Nyukasl 26 11 4 11 54-45 37
11. Çelsi 25 10 5 10 42-41 35
12. Fulhem 26 9 5 12 36-42 32
13. Kristal Pelas 26 7 7 12 31-44 28
14. Bornmut 25 7 7 11 33-47 28
15. Everton (-6) 26 8 7 11 28-34 25
16. Brentford 26 7 4 15 37-48 25
17. Nottingem F. 26 6 6 14 34-48 24
18. Luton 25 5 5 15 35-51 20
19. Bernli 26 3 4 19 25-58 13
20. Şeffild Y. 26 3 4 19 22-66 13
Bombardirlər: Holann (MS) - 16, Salah (Liverpul) – 15, Solanke (Bornmut), Uotkins (Aston Villa), Bouen (Vest Hem)– 14.
Növbəti turun oyunları martın 2-4-ü aralığında keçiriləcək: Brentford – Çelsi, Nottingem Forest – Liverpul, Nyukasl – Vulverhempton, Tottenhem – Kristal Pelas, Fulhem – Brayton, Everton – Vest Hem, Luton – Aston Villa, Bernli – Bornmut, Mançester Siti – Mançester Yunayted, Şeffild Yunayted – Arsenal.
Turun rəqəmi
110 - MS-nin qapıçısı Ederson premyer-liqada qol buraxmadığı oyunların sayına görə klub rekordu müəyyənləşdirdi. Braziliyalı “şəhərlilər”in heyətində 110-cu “quru” oyununu keçirdi. Əvvəlki rekord Co Harta (109) məxsus idi. Ederson “quru” oyunların sayına görə premyer-liqa tarixində 15-ci pillədə qərarlaşıb. Bu göstəricidə rekordun sahibi “Çelsi” ilə “Arsenal”ın sabiq qapıçısı Petr Çexdi (202).
Turun ulduzu
Kay Haverts (Arsenal) – çox faydalı oyun keçirdi, “Nyukasl” üzərindəki qələbənin memarı oldu. Həm qol vurdu, həm də məhsuldar ötürmə verdi. Rəqib qapısı önündə daim təhlükə yaradırdı.
Turun sitatı
Rio Ferdinand, İngiltərə yığmasının sabiq müdafiəçisi: “Arsenal” daha effektli komandaya çevrilib. Heç kim hətta soruşmur da ki, bu komandanın “9 nömrə”si hardadı. Bu isə o deməkdi ki, komanda mexanizmi saz vəziyyətdədi, saat kimi işləyir”.
Reaksiyalar
Erik ten Haq, MY-nin baş məşqçisi: “Rəqib təzyiqimizin altından çıxa bildu. İşi bu yerə çatdırmamalıydıq. Komanda xarakter göstərdi, hesabı bərabərləşdirməyi haqq etdi, ardından qələbə üçün irəli atıldı və səhvə yol verdi. İmkanlardan daha yaxşı yararlanmalıydıq”.
Xosep Qvardiola, MS-nin baş məşqçisi: “Çox şey xoşuma gəldi. Futbolçularıma heyranam, onlar supermendi. Rəqibin oyuna hazırlaşmaq üçün 7 günü var idi, bizim isə həmişə olduğu kimi, az. Adamlar deyirlər ki, premyer-liqa komandaları bərabər vəziyyətdədi. Yox, bu bizə aid deyil. Biz bütün qalan komandalardan daha çox oyun keçiririk. Bilirəm, adamlar deyirlər ki, MS-nin oyunçuları çox qazanır, ancaq söhbət heç də bunda deyil. Rəqabət artır, futbolçularım isə hər dəfə məni təəccübləndirir”.
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi: “Çox yaxşı komandaya qarşı oyundan razıyam. Uşaqlar həqiqətən yaxşı, aqressiv oynadı, bu oyunda qələbəni haqq etdik. “Nyukasl”ın problem yaratmaq üçün resursları çoxdu, ancaq biz eyni ruhda davam etdirdik, ritmi qoruduq, komandanın oyununa baxmaq xoş idi. Çox xoşbəxtik. Bəzi başqa məqamları bir qədər də yaxşılaşdırmalıyıq, vacib oyunçularımız da zədədən sonra qayıdır. “Portu”ya qarşı topla oynayarkən öz səviyyəmizi qoruduq, topsuz isə yox. Bu, vacib dərs idi, nəticə çıxarmalıyıq”.
Faktlar
* Rəqibləri premyer-liqada MY-nin qapısına 435 zərbə vurub. Yalnız bir komanda – sonuncu pillədə qərarlaşan “Şeffild Yunayted” rəqiblərinə bundan daha çox zərbə vurmaq imkanı yaradıb.
* MS cari mövsümdə bütün turnirlərdə keçirdiyi səfər oyunlarında 14 qələbə qazanıb. “Şəhərlilər” trebl etdiyi – premyer-liqanı, Çempionlar Liqasını və ölkə kubokunu qazandığı ötən mövsümdə bundan az (13) səfər qələbəli qazanmışdı.