"Football-plus.az" xəbər verir ki, Argentina bu qələbə sayəsində xalını 5-ə çatdırıb və Paris Olimpiadasında iştirak hüququ qazanıb. Braziliya isə 3 oyunda cəmi 3 xal toplayıb. Cənubi Amerika zonası üçün Olimpiadaya ayrılan 2-ci vəsiqənin sahibi Paraqvay – Venesuela oyununda müəyyənləşəcək. Paraqvayın iki oyundan sonra 4, Venesuelanın 1 xalı var. İstənilən halda, bu iki komandadan biri Braziliyanı qabaqlayır.
Son iki Olimpiadanın futbol turnirinin qalibi olan Braziliya son 20 ildə daim bu yarışda iştirak edib. Braziliya buna qədər sonuncu dəfə Afina-2004-ü buraxmışdı.
Bu arada Argentinanın olimpiya yığmasının baş məşqçisi Xavyer Masçerano “İnter Mayami”nin hücumçusu Lionel Messini Paris Olimpiadasına yollanacaq heyətə dəvət etməyə hazır olduğunu bildirib: “
Hamı Messi ilə dostluğumdan xəbərdardı. Onun kimi futbolçu Olimpiadada bizə yardım edə bilər. Ancaq aydın məsələdi ki, qərar onun özündən və vəziyyətdən asılı olacaq”.
Xatırladaq ki, reqlamentə görə Olimpiadanın futbol turnirinin iştirakçıları heyətə yaş məhdudiyyəti olmayan üç futbolçu da qata bilər.




