Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin ilk iki turundan sonra rəmzi komandanı tərtib edib.
"Football-plus.az" xəbər verir ki, rəsmi oyunlarda maksimum nəticə əldə edən Argentina və Braziliya yığmaları rəmzi komandada daha çox – uyğun olaraq, 4 və 2 futbolçu ilə təmsil olunub. Xatırladaq ki, son dünya çempionu Argentina Ekvadora (1:0) və Boliviyaya (3:0), Braziliya isə Boliviyaya (5:1) və Peruya (1:0) qalib gəlməklə hazırda 6 xalla şərikli liderlik edirlər. Rəmzi komandaya Kolumbiya, Ekvador, Venesuela, Uruqvay və Paraqvayın seçmə turnirin startında özünü daha yaxşı göstərən hərəyə bir futbolçusu layiq bilinib. KONMEBOLun texniki şöbəsinin əməkdaşlarının rəyi əsasında müəyyən edilən komandaya aşağıda adları çəkilən futbolçular düşə biliblər: qapıçı - Kamilo Varqas (Kolumbiya); müdafiəçilər - Nikolas Talyafiko, Kristian Romero (hər ikisi Argentina), Feliks Torres (Ekvador), Aleksandr Qonsales (Venesuela); yarımmüdafiəçilər - Nikola de la Krus (Uruqvay), Matias Vilyasanti (Paraqvay), Anxel Di Mariya (Argentina); hücumçular - Rodriqo, Neymar (hər ikisi Braziliya), Lionel Messi (Argentina).