Xəbər verdiyimiz kimi, ötən bazar “Sumqayıt” yenilənmiş Mehdi Hüseynzadə adına şəhər stadionunda ilk oyuna çıxdı.
“Neftçi” ilə qarşılaşmada topa ilk toxunan Gəncədə dünyaya gəlsə də, Sumqayıtda ad çıxaran Telman Salahov oldu. 86 yaşlı Salahov 1966-cı ildə bu stadionda keçirilən ilk matçda qol vurub. Onunla əlaqə saxladıq, əlamətdar olayla bağlı fikirlərini öyrəndik.
- “Sumqayıt” rəhbərliyi topa ilk toxunuşu sizə təklif edəndə bunu necə qarşıladız?
- Çox sağ olsunlar, yada salıblar. Buna görə çox sevindim. Hər adama qismət olmur 58 il sonra yenidən topa toxunsun.
- “Polad”da komanda yoldaşınız olan futbolçulardan hazırda həyatda olanlar varmı?
- Onlardan Sumqayıtda yaşayan yoxdu deyə, əlaqə saxlaya bilməmişəm. Bəzilərinin rəhmətə getdiyini bilirəm. Amma hazırda heç birindən xəbərim yoxdu.
- Bilirik ki, “Sumqayıt”ın Müşahidə Şurasının üzvüsünüz. Komandanın ev oyunlarını izləyə bilirsizmi?
- Ev oyunlarının birini də qaçırmıram. Səhhətimdə problemlər olsa da, bacardığım qədər digər matçlara da getməyə çalışıram.
- “Sumqayıt” avrokuboklara vəsiqə qazana biləcək?
- Çox istərdim ki, qazansın. Amma bu mənim istəməyimlə olan bir şey deyil. Şansımız var və bunu dəyərləndirmək lazımdı. Belə fürsət hər an ələ düşmür. Hazırda komanda çox yaxşı oyun göstərir. “Neftçi” ilə oyunda vurulan qollar, oyunun axarı olduqca yaxşı idi. İstəyirəm Avropa komandaları gəlib bizim “Sumqayıt”la oynasın.
- Gəncədə doğulub boya-başa çatsaz da, sizi daha çox Sumqayıt futbolunun yetirməsi saymaq olar.
- Mənim üçün hər birinin yeri ayrıdı. Ayrı-seçkilik etmək istəmirəm. Futbola Gəncədə başlamışamsa, oranın yetirməsi sayılıram. Lakin Sumqayıta gələndən sonra daha da inkişaf etdim. Bura gələndə 20 yaşım var idi. O vaxta qədər milli komandada və “Neftçi”də olmuşdum. “Texnikum”da oxuyurdum. Qurtaran kimi məni Sumqayıta dəvət etdilər, dərhal işə düzəltdilər. Oyuna çıxdım və azarkeşlər məni gördü. O vaxt indikindən daha çox azarkeş olurdu. Çünki insanların başqa əyləncəsi yox idi. 4 ildən sonra təkrar məni Gəncəyə çağırdılar. Sonradan bütün ailəmlə birlikdə yenidən qayıtdım Sumqayıta. Həmin il oynadım, idman ustası adını qazandım və keçdim məşqçiliyə.
- “Kəpəz”in indiki durumu haqda nə düşünürsünüz? Komanda elitada yerini qoruya biləcəkmi?
- “Kəpəz”in hazırkı vəziyyəti ürəyimi sıxır. Gəncədə həmişə futbol olub. Ölkəmiz, futbolumuz adına çox şey qatıb. Güclü futbolçular yetişdirib. İndi bu durunda olması mənə toxunur. Ümid edirəm ki, komanda elitada qalmağa davam edər. Komandanı möhkəmlədən, ona baxan olsa, Avropada oynayar. Bizim vaxtımızda Gürcüstanda oynayanda belə oyunumuza baxmağa gəlirdilər. İndi heç nə əvvəlki kimi deyil.
GÜNAY SÜLEYMANOVA