Həftəiçi Türkiyə kubokunda 1/8 final mərhələsinin oyunları keçirildi.
"Football-plus.az" xəbər verir ki, çərşənbə axşamına təsadüf edən ilk oyun günü meydan sahibləri üçün uğurlu alındı. “Ankaragücü” bu mərhələdə iştirak edən yeganə 2-ci liqa təmsilçisi “24 Ərzincanspor”u asanlıqla darmadağın etdisə, “Fatih Karagümrük” bütün qolların 2-ci hissəyə təsadüf etdiyi matçda “Samsunspor” üzərində əzmkar qələbə qazandı. “Qalatasaray” 1-ci liqa təmsilçisi “Bandırmaspor”la ev oyununda fanatlarını böyükhesablı qələbə ilə sevindirə bilməsə də, hər halda? ciddi problem yaşamadı. Təcrübəli Hüseyn Eroğlunun çalışdırdığı və əvvəlki mərhələdə superliqa təmsilçisi “Kasımpaşa”nı mübarizədən kənarlaşdıran “Bandırmaspor”un bu dəfə sürprizə gücü çatmadı. İstanbul nəhənginin yeni transferi Vinisiusun debüt oyununda qol vurması diqqəti çəkdi.
Çərşənbə gününün oyunlarına gəlincə, “Konyaspor” çətin Sivas səfərində rəqibin müqavimətini əlavə vaxtda qıraraq növbəti mərhələyə yüksəldi. Bu mərhələdə qalibin penalti seriyası ilə müəyyənləşdiyi yeganə qarşılaşma “Fatih Terim”də oynanıldı. “İstanbul BŞ” “Hatayspor”la matçda qələbə hesabını qoruya bilməsə də, penalti seriyasında istəyinə çatdı. “Fənərbaxça” yanvarın ortalarında superliqa çərçivəsində olduğu kimi, yenə Antepi çətinliklə fəth etdi. 1 ay öncə yeganə qolu vuran İrfan Can Kahveci qəhrəmana çevrilmişdisə, bu dəfə Batşuayi diqqət mərkəzinə düşdü. Təcrübəli belçikalı forvard hələ fasiləyə qədər biri penaltidən olmaqla 2 qol vurdu. Amma bu iki qolun arasında çox mühüm olay yaşandı. 29-cu dəqiqədə Oostervoldenin əllə oyununa görə təyin olunan penalti zamanı qapıçı İrfan Can Eğribayat Maksimin zərbəsini dəf etməyi bacardı! Yəni qələbədə ən azı Batşuayi qədər bu qapıçının da rolu var. Kubokun son qalibi statusunda olan “Fənər” yoluna davam edir.
Mərhələyə cümə axşamı keçirilən iki oyunla yekun vuruldu. Superliqanın son 4 turunda uduzan “Trabzonspor” 1-ci liqa təmsilçisi “Gənclərbirliyi” ilə oyunda da fanatlarına cəhənnəm əzabı yaşatdı. Erkən qol vuran paytaxt təmsilçisi mərhələnin ən böyük sürprizini reallaşdırmağa çox yaxın idi. Maraqlıdı ki, oyunun son anlarında trabzonlu fanatlar həm rəhbərliyi, həm də baş məşqçi Abdulla Avcını istefaya səslədi. Məhz elə bu istefa sədaları altında Ərən Elmalı bərabərlik qolunu vuraraq oyunu əlavə vaxta daşıdı! 115-ci dəqiqədə isə səhnəyə Trezeqe çıxdı. Mərhələnin ən böyük maraqla gözlənilən matçı Antalyada keçirildi. “Antalyaspor” “sınıq-salxaq” “Beşiktaş”la ev oyununda fasiləyə minimal üstünlüklə yollandı. Amma Fernando Santuşun əvəzetmələri özünü doğrultdu. Fasilədən sonra meydana çıxan Mulekanın dublu “Qartal”a əzmkar qələbə qazandırdı. Beləliklə, nəhənglərin heç biri sürprizə imkan vermədi. Qeyd edək ki, fevralın 12-də keçiriləcək püşkatma zamanı “Fənərbaxça”, “Qalatasaray”, “Beşiktaş” və “İstanbul BŞ” “səpələnmişlər”, “Trabzonspor”, “Konyaspor”, “Ankaragücü” və “Fatih Karagümrük” isə “səpələnməmişlər” sırasında yer alacaq.
1/8 final
Qaziantep – Fənərbaxça 0:2
Batşuayi, 17-p.; 31.
Fənərbaxça: İrfan Can Eğribayat, Mərt Müldür (Fərdi Kadıoğlu, 62), Sərdar Əziz, Bonuççi (Çağlar Söyüncü, 63), Oostervolde, İsmayıl Yüksək, Mərt Hakan Yandaş (Şimanski, 87), İrfan Can Kahveci (Kruniç, 63), Kinq (Tadiç, 46), Batşuayi.
Qalatasaray – Bandırmaspor 4:2
Sançes, 26. Xəlil Dərvişoğlu, 36-p. Tete, 40-p. Vinisius, 90+5 – Sərgən Piçinciol, 45+3. Mulumba, 77.
Qalatasaray: Günay Güvənc, Barış Alpər Yılmaz (Əli Turap Bülbül, 68), Berkan Kutlu, Sançes (Nelsson, 61), Kazımcan Karataş (Əli Yeşilyurt, 68), Ndombele, Eyup Aydın (Efe Akman, 61), Tete, Xəlil Dərvişoğlu, Zaha (Gökdəniz Gürpüz, 87), Vinisius.
Antalyaspor – Beşiktaş 1:2
Bitiqi, 30 – Muleka, 71; 88.
Beşiktaş: Mərt Günok, Onur Bulut, Nəcip Uysal, Zaynutdinov, Umut Meraş (Əmrəcan Terzi, 46), Amarti, Fernandeş, Semih Kılıçsoy (Uorrall, 90+5), Raşitsa (Tayfur Bingöl, 86), Rebiç (Muleka, 46), Cenk Tosun.
Gənclərbirliyi – Trabzonspor 1:2, əlavə vaxtda
Melih Bostan, 14 – Ərən Elmalı, 90+6. Trezeqe, 105.
Trabzonspor: Uğurcan Çakır, Mehmet Can Aydın (Menye, 46), Fernandes (Berat Özdəmir, 91), Densvil, Ərən Elmalı, Mendi, Umut Günəş (Göktan Gürpüz, 82), Visça, Bardi, Trezeqe (Benkoviç, 116), Enes Destan.
Fatih Karagümrük – Samsunspor 2:1
Biraski, 72. Paoletti, 89 – Muandilmaci, 68.
Ankaragücü – 24 Ərzincanspor 5:1
Tolqa Ciğərci, 37-p. Pedrinyo, 44. Radakoviç, 51. Makeda, 55. Astanakulov, 90+2 – Oğuz Aynaoğlu, 58.
İstanbul BŞ – Hatayspor 1:1, p. - 3:2
Keni, 23 – Massanqa, 58.
Sivasspor – Konyaspor 0:1, ə.v.
Ahmet Oğuz, 109.