Zəlzələ üzündən yaranmış məcburi fasiləyə görə Türkiyə çempionatında mövsümə yalnız bu həftəiçi yekun vuruldu.
"Football-plus.az" xəbər verir ki, sonuncu – 38-ci tura çərşənbə axşamı keçirilən üç oyunla start verildi. Turnir cədvəli baxımından heç bir əhəmiyyət daşımayan oyunda “Sivasspor”la “Kayserispor” heç-heçəyə razılaşdısa, kiçik İstanbul derbisində “Fatih Karagümrük” “Kasımpaşa”nı darmadağın etdi. Mövsümün gedişində transfer qadağası və maliyyə problemləri ilə üzləşən, eləcə də 3 xalı silinən “Kayserispor” üçün 9-cu pilləni uğurlu nəticə saymaq olar. Sivaslıların təcrübəli çalışdırıcısı Rza Çalımbay isə mətbuat konfransında vəzifəsindən ayrıldığını açıqladı. “Fatih Karagümrük”ün heyətində Dianye yenə məhsuldarlığı ilə diqqəti çəkdi. Sabiq klubunun qapısına 2 top göndərən təcrübəli seneqallı forvard mövsümdə vurduğu qolların sayını 23-ə çatdırdı. “Qalatasaray”ın ulduzu Mauro İkardini geridə qoyan Dianye bombardirlər yarışını 2-ci pillədə tamamladı! Amma həm onun, həm də 19 qol vuran digər “Fatih Karagümrük”lü Fabio Borininin bu yay komandadan ayrılacağı dəqiqdi.
“Fatih Terim” stadionunda isə “İstanbul BŞ” ilə “Trabzonspor” üz-üzə gəldi. Qonaqlar qalib gəlməklə mövsümü 5-ci pillədə tamamlaya bilərdilər. Hərçənd əvvəlki illərdən fərqli bu il 5-ci pillə heç bir üstünlük vermir. Bəlkə də bu üzdən trabzonlular meydana əsas heyətlə çıxmadılar. Meydan sahibləri bundan istifadə edərək inamlı qələbə qazandılar. 3 oyunluq qələbə seriyası bitən qaradənizlilər 6-cı pillə ilə kifayətlənməli oldular. Əmrə Belözoğlunun kollektivinin isə hələ avrokuboklara düşmək şansı var. Bunun üçün iyunun 11-də keçiriləcək ölkə kubokunun finalında “Fənərbaxça”nı yenmək tələb olunur.
38-ci tur
İstanbul BŞ – Trabzonspor 3:1
Dəniz Türüç, 34. Ərən Elmalı, 48-öz qapısına. Lima, 79 – Visça, 62.
İstanbul BŞ: Muhammed Şengezər, Şənər Özbayraklı, Duarte, Tuba (Şaokonq Vu, 66), Lima, Berkay Özcan, Bilya (Batuhan Çelik, 86), Dəniz Türüç (Kartsev, 76), Yanuzay (Berkay Aydoğmuş, 86), Keni, Fiqeyredo (Sərdar Gürlər, 66).
Trabzonspor: Muhammet Taha Tepe, Sərkan Asan (Poyraz Yıldırım, 86), Hüseyin Türkmən, Taha Altıkardeş, Ərən Elmalı (Salih Malkoçoğlu, 86), Doğucan Haspolat (Strüger Larsen, 86), Bardi, Əmirhan Zaman (Dorukhan Toköz, 74), Visça (Oğuzhan Yılmaz, 90+1), Arif Boşluk, Umut Bozok.
Fatih Karagümrük – Kasımpaşa 3:0
Lobjanidze, 14. Dianye, 67; 82.
Sivasspor – Kayserispor 1:1
Canər Osmanpaşa, 10 – Uzodimma, 18.
Hatayspor – Qalatasaray -:+
Fənərbaxça – Qaziantep +:-
Yekun cədvəl
1. Qalatasaray 36 28 4 4 83-27 88
2. Fənərbaxça 36 25 5 6 87-42 80
3. Beşiktaş 35 23 8 4 75-33 77
4. Adana Dəmirspor 35 19 9 7 74-44 66
5. İstanbul BŞ 36 18 8 10 54-37 62
6. Trabzonspor 36 17 6 13 64-54 57
7. Fatih Karagümrük 36 13 12 11 75-63 51
8. Konyaspor 35 12 14 9 46-38 50
9. Kayserispor (-3) 36 15 5 16 55-61 47
10. Kasımpaşa 36 12 7 17 45-61 43
11. Ankaragücü 35 12 6 17 42-51 42
12. Antalyaspor 35 11 8 16 46-53 41
13. Sivasspor 36 11 8 17 46-54 41
14. Alanyaspor 36 11 8 17 54-70 41
15. İstanbulspor 35 11 5 19 43-63 38
16. Girəsunspor 35 9 10 16 40-60 37
17. Ümraniyəspor 35 7 9 19 47-60 30
18. Qaziantep 36 6 7 23 31-72 25
19. Hatayspor 36 6 5 25 19-83 23
Bombardirlər: Valensiya (Fənərbaxça) – 29, Dianye (Fatih Karagümrük) – 23, İkardi (Qalatasaray) – 22, Borini (Fatih Karagümrük) – 19, Umut Nayır (Ümraniyəspor) – 17.