La Liqanın 24-cü turunun mərkəzi oyununda ''Real'' mövsümün əsas sürprizi ''Jirona''nı qəbul etdi.
Bu tura qədər səfərdə uduzmayan Kataloniya təmsilçisi ''Santyaqo Bernabeu''nu fəth edəcəyi təqdirdə liderliyə yüksələcəkdi. Amma ''Real'' belə bir qarşılaşmada rəqibinə əsil futbol dərsi keçdi. Hər hissədə 2 qol vuran Madrid nəhəngi 4:0 hesablı möhtəşəm qələbə qazandı. Dubl edən Bellingem, eləcə də yalnız bir dəfə fərqlənməsinə rəğmən bütün qollarda yaxından iştirak edən Vinisius matçın qəhrəmanı oldu.
24-cü turu 19 qələbə, 4 heç-heçə, 1 məğlubiyyət göstəriciləri ilə tamamlayaraq 61 xal toplayan ''Kral klubu'' ən yaxın izləyicisi olan ''Jirona''dan 5 xal önə keçdi. Yeri gəlmişkən, onu da bildirək ki, ''Real'' tarixinin ən yaxşı 3-cü mövsümünü keçirir. İlk 24 turlara nəzər salsaq, yalnız iki mövsümdə göstəricilər indikindən daha yaxşı olub. ''Real'' Joze Mourinyo ilə bir çox rekordları alt-üst etdiyi 2011/12-də 24-cü turu 21 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət, əfsanəvi Migel Munyosun başçılığı altında isə 1960/61-də 21 qələbə, 2 heç-heçə, 1 məğlubiyyətlə tamamlamışdı.
ƏLİ