“Fənərbaxça” da son gündə bir transferlə diqqəti çəkdi. İstanbul nəhəngi “Pendikspor”a icarəyə verilən Umut Nayırın yerini sabiq futbolçusu Sərdar Dursunla doldurdu.
“Football-plus.az” xəbər verir ki, 32 yaşlı forvard “Fatih Karagümrük”dən mövsümün sonuna qədər icarəyə götürülüb. Sərdar 2021-in yayında “Darmştadt”an “Fənər”ə gəlmiş və burda 2 mövsüm ərzində keçirdiyi 64 rəsmi qarşılaşmada 19 qol, 9 məhsuldar ötürməlik performans sərgiləmişdi. Ötən yay “Fatih Karagümrük”ə yollanaraq bu klubla birillik müqavilə imzalayan Sərdar cari mövsümdə İstanbul təmsilçisində 25 oyuna 6 qol vurmuşdu. Dursun bu qış “Fənər”in Çağlar Söyüncü, Leonardo Bonuççi və Rade Kruniçdən sonra heyətinə qatdığı 4-cü futbolçu oldu. “Fənərbaxça” transferin son günündə həm də bir futbolçu ilə vidalaşdı. Gözlənildiyi kimi, Linkoln Enrike İstanbul nəhəngini tərk etdi. Amma braziliyalı yarımmüdafiəçi uzun müddətdi danışıqlar apardığı “Ankaragücü”yə yox, vətəninə yollanmağa üstünlük verdi. Enrike mövsümün sonuna qədər icarə əsasında “Braqantino”da forma geyəcək. Ötən mövsüm aldığı ağır zədədən sonra uzun müddətə sıradan çıxan 25 yaşlı futbolçu bu mövsüm cəmi 1 rəsmi oyunda şans qazanmışdı. 2022-nin yayında “Fənər”ə gələn “sambaçı” ümumilikdə 36 rəsmi matçda 3 qol, 9 məhsuldar ötürmə ilə fərqləndi.